Müxalifət - iqtidarın yaşam qarantı

muxalifet-iqtidarin-yasam-qaranti
Oxunma sayı: 654

Ərəb baharından sonra Azərbaycanda da söz-söhbət başlayıb ki, bizim xalq niyə qalxmır, niyə küçələrə tökülüşmür? Axı ölkədə o qədər ədalətsizlik var ki, normal cəmiyyətdə insanlar çoxdan ayağa qalxmalı idilər. Günü-gündən bahalaşan və günü-gündən əhalisi kasıblaşan ölkəmizdə, bahalaşmadan fantastik varlanan qanundan kənar “ məmur biznesmenlər” insanları sosial partlayışa dəvət etmirmi?
Bununla bərabər, xalqımızda dəvə səbri var deyənlər də var. Bu xalqın bundan da betər günə layiq olduğunu deyənlər də var. Ərəb inqilablarının fonunda xalqımızdan əlini üzənlər də var.
Biz də AXCP olaraq xalqımızı, iqtidarı, Ərəb baharını və özümüzü hər həftə müzakirə edirik. Xalqdan umuruq, hərdən, hətta küsürük də...
Bir dəfə müzakirələr zamanı Əli Kərimli dedi ki, bilirsinizmi, bizim xalq niyə ayağa qalxmır? Çünki, o düşünür ki, müxalifət iqtidarı ədalətli cəmiyyət qurmağa vadar edəcək. Xalq, ümidini bizə bağlayıb və gözləntisi də bizimlə bağlıdır. Biz olduqca, xalq da belə düşünəcək. Buna görə də xalqla qaynayıb qarışmaq ümdə vəzifəmizdir.
Bu düzgün analizidr. Xalqın gözləntisi müxalifətdir. Xalq inanır ki, hər şeyi müxalifət edəcək. Ona görə də oturub gözləyir. Məhz, buna görə də, səbirli xalqımız bir dəfə iqtidarı söyəndə, bir dəfə də biz müxalifəti qınayır.
Belə çıxır ki, müxalifət xalqın qabağında iqtidara qarşı sədd çəkib. Bu çəkilən sədd, iqtidara, istənilən rakursda siyasət yürütməyə imkan yaradır. Müxalifətin resursları məhv edilib, maliyyə qaynaqları yox dərəcəsindədir və başının üstündən də “demokl qılıncı” asılıb. Buna baxmayaraq, o ayaq üstədir və ilk dəfə olaraq, 2010 Parlament seçkilərindən sonra, depressiyaya düşmədi. Gücünü səfərbər edərək, güclənməkdə davam etməkdədir. Müxalifət, bu gün Azərbaycanda ikinci nəfəsini yaşamaqdadır və əlbəttə, bunun müsbət nəticəsi özünü çox gözlətməyəcək.
Keçək, məqalənin ana xəttinə.
Xalqın gözləntisi nə qədər çəkəcək? Bu davamlı ola bilərmi? Xalq ayağa qalxacaqmı?
Yox!
Bəli!
Birincisi, bizim xalqımız 1988-ci ildən bəri buxarını bir neçə dəfə - 1988, 1993, 1994, 1998, 2000, 2003, 2005-ci illərdə buraxıb. Ərəblər isə, 1960-cı illərdən bəri ilk dəfə buxarlarını çıxarırlar. Onlar özlərini güllənin qabağına verirlər. Bizim də xalqımız 90-cı ildə rus tanklarının altına uzanırdı. Bizim də xalqımız, evindəki zinət əşyalarını müstəqilliyimiz üçün qurban verirdi. Son tikəsini, hamı ilə bölüşürdü.
Digər tərəfdən, Ərəblər qanlı-qadalı yolla gedirlər, azadlıqlarına qovuşmaq üçün çoxlu sayda qurbanlar da verirlər. Biz bu qurbanları 80-ci illərin sonu, 90-ci illərin əvvəllərində vermişik. Nəticədə, bu gün Azərbaycanda oturuşmuş, professonallaşmış və yüksək təcrübəyə malik müxalifət var. Minlərlə təcrübəli kadrlar var.
Təzad burasındadır ki, biz müxalifət, iqtidara hakimiyyətdə qalmaq üçün şərait yaradırıq. Onların hakimiyyətinə legitimlik donu geyindiririk, onları xalqın qəzəbindən qoruyuruq!
Biz müxalifət demokratiyanın simvoluyuq və xalqın qəzəbini bizə olan gözləntisində boğan bir qüvvəyik həm də.
Amma, xalq da seçim mərhələsindədir. Xalqda da ikinci oyanış baş verməkdədir. Bu iki yolla baş verəcək.
Birinci yol, xalqın içindən yetişən yerli səviyyədə fəaliyyət göstərən liderlər, gözləntilərinin doğrulması üçün xalqı müxalifətlə birləşdirir. İkinci yol isə, ya müxalifət xalqın yolundan çəkilir, ya da xalq müxalifətdən yan keçərək, özü liderliyi ələ alır. Sonuncu, ən təhlükəlisidir. Bu idarə olunmaz, dağıntılar və çaxnaşmalar törədə bilən yoldur. Burada, nə iqtidar, nə də müxalifət udur. Ölkə xaosa bürünə və acı nəticələrə gətirib çıxara bilər. Xarici düşmənlərimiz isə, öz maraqlarını təmin etmək üçün, yanan alova benzin də çiləyə bilərlər.
Azərbaycan üçün müxalifətin dayanıqlı və güclü olması, həm də demokratiyanın qarantıdır. Gərək, iqtidar da öz varlığını qorumaq üçün müxalifəti əzməkdən vaz keçsin. Müxalifətə tuşlanan bumeranq, mütləq geri qayıdacaq.
Ölkədə, bahalaşma vüsət alıb. Rüşvət və korrupsiya bərpa olunub. Özbaşınalıq həm yerli, həm də milli səviyyədə tüğyan edir. Ölkədə təriqətlər baş qaldırıb. Belə bir vəziyyətdə, ölkədə güclü müxalifətin olması, ölkənin müstəqilliyinin zəmanətidir.
Ümid edirəm ki, bu yazımı iqtidar nümayəndələri ciddi analiz edəcək və doğru-düzgün nəticə çıxaracaqlar. Vay o gündən ki, müxalifət xalqla iqtidar arasında çəkdiyi səddi qaldıra.
Düşünmək və qərar qəbul etmək üçün ciddi mövzudur!

“Reytinq”