Müxalifət işi bitirdi - Fotosessiya

muxalifet-isi-bitirdi-fotosessiya-
Oxunma sayı: 762


Müxalifətin bu gun keçirdiyi mitinq artıq başa çatıb. Gülağa Aslanlı “Qafqazinfo”ya bildirib ki, mitinq baş tutmuş sayılır. O, hazırda mitinqdə həbs olunanların siyahısının hazırlandığını deyib. G. Aslanlı təkcə Müsavatdan 50-dən artıq insanın həbs edildiyini deyib. Onun sözlərinə görə, bugünkü aksiayada təşkilatlar ayrı-ayrılıqda iştirak ediblər.

Hazırda Müsavat Partiyasının qərargahını polislər əhatəyə alır. Gülağa Aslanlı deyir ki, bina polis avtomobilləri ilə dövrəyə alınmaqdadır.

«Partiya başqanı, Divan üzvləri və İP-in Koodinasiya Şurasının üzvü Pənah Hüseyn də ordadır».

Bir qədər əvvəl isə partiyadakı internet xətti kəsilib.

Artıq Neftçilər metrosunun yaxınlığında aksiyaçılar şüarlar səsləndirməyə başlayıblar. Burada olan əməkdaşımızın verdiyi məlumata görə, təxminən 30-40 nəfər aksiyaçı şüarlar səsləndirir. Polis isə həbslər aparır.

“Neftçilər” və “İnşaatçılar” metrostansiyalarının ətrafında da gərginlik yaranıb. “İnşaatçılar” stansiyasının yaxınlığından keçmiş “Qələbə” kinoteatrına doğru “Azadlıq” şüarları deyərək bir qrup gənc aksiya keçirib. Az sonra polis onları saxlamaq istəyərkən gənclər dağılışıb.

Neftçilər metrostansiyasının ətrafı da nəzarətə götürülüb. Hadisə yerində olan əməkdaşımızın məlumatına görə, bir qrup müxalifətçi həmin ərazidə aksiyaya başlamaq niyyətindədir. Bundan xəbər tutan polislər isə ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

***

Kukla Teatrının qarşısında bir qrup müxalifətçi “Azadlıq” və “İstefa” şüarları ilə mitinqə başlayıblar. “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, polislər dərhal müdaxilə edib və 10 nəfərə qədər iştirakçı həbs edilib. Hələlik həbs edilənlərin kimliyi bilinmir. Lakin həbs olunanlardan biri AXCP sədrinin müavini Gözəl Bayramlıdır.

***

Müsavat Partiyasının üzvü Yaşar Türkazər və gənc fəal Turqut Qəmbər də saxlanıb.

Müsavat Partiyasından Gülağa Aslanlının verdiyi məlumata görə, saxlanan qadınları polis bölməsinə aparıblar.

«Lətafət Məlikova, Həqiqət Əlizadə, Arifə Hüseynli, Rüxsarə Mehdiyeva, Dünyaxanım Cərullayeva artıq bölmədədirlər. Amma onlara hansı polis bölməsinə aparıldıqlarını demirlər».

****

Nərimanov metrosunun qarşısında gərginlik yaranıb. Təxminən 100-ə qədər aksiyaçı Çapayev tərəfdən metro istiqamətinə hərəkət edib. Polis onların qarşısını kəsərək metroya tərəf sıxışdırpıb. Hazırda orada gərgin vəziyyət davam edir.


***

Polislər Nərimanov metrostansiyasının yanında 3 qadın, bir kişini tutublar. Onlar polis maşınıarına əyləşdirilərək naməlum istiqamətə aparılıblar.

***

Polis qüvvələri Nərimanov metrostansiyasının ətrafını mühasirəyə alıb. Aksiyanın təyin olunduğu vaxt – saat 17.00-dan başlayaraq isə bu mühasirə daha da gücləndirilib. Əməkdaşlarımızın verdiyi məlumata görə, polislər həmin ərazidə avtomobillərin dayanmasına icazə vermir, Nərimanov Parkına giriş-çıxış qadağan olunub. Bununla bərabər hələlik həmin ətrafda mitinq iştirakçıları da gözə dəymir.

***

Müsavatçı fəalların metronun «Gənclik» stansiyası yaxınlığında 5 dəqiqəlik aksiya keçirdikləri bildirilir. Aksiya iştirakçılarından biri – müsavatçı fəal Ramin Baxışov saxlanıb.

Bu haqda AzasdlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə. Gənclər 5 dəqiqə içində «Azadlıq», «Azad seçki», «Həbsdə olanlara azadlıq» kimi şüarlar yazılmış plakatları qaldırıblar:

****

Bu vaxta qədər sosial şəbəkələrdə aksiyalarla bağlı təbliğat aparan Almaniyada yaşayan Həbib Müntəzir də aksiya ilə bağlı Bakıya gəlib. O “Facebook” sosial şəbəkəsindəki profilində Bakıda olduğunu və mitinqdə iştirak edəcəyini paylaşıb: “Nərimanov parkındayam, həyat öz axarıyla gedir, insanlar keyf edir, həyatdan həzz alır, prezidentimizin onlara verdiyi oksigenden qidalanırlar!”.

***

İctimai Palatanın bu günə təyin etdiyi mitinq yaxın dəqiqələrdə başlayacaq. “Qafqazinfo”nun məlumatına görə, bu dəfə mitinqdə fərqli taktika tətbiq ediləcək. Belə ki, əvvəlcədən razılaşdırılmamış aksiyanın Nərimanov kinoteatrının qarşısında keçiriləcəyi elan edilsə də, sonradan xəbərlər yayılmağa başlayıb ki, aksiya fərqli-fərqli məkanlarda keçiriləcək. Mitinqin keçiriləcəyi yerlər barədə məhdud sayda jurnalistlər də məlumatlandırılıb. Və elə indilərdə həmin yerlərdə aksiyaların başlayacağı gözlənilir. Bu çaşdırıcı taktika nəticəsində aksiyanın fərqli məkanlarda daha gur şəkildə keçirilməsi nəzərdə tutulur.

Polis də sayıqlığı itirməyərək demək olar ki, paytaxtın əsas mərkəzi yerlərində postlar qurub. Əməkdaşlarımız şəhərdən mitinq öncəsi fotolar çəkiblər. Onları oxuculara təqdim edirik. Fotolardan da görünür ki, şəhərdə gərginlik hökm sürür. Bir çox ərazilər tam nəzarətə götürülüb.

Nərgiz Cavadzadə
Fatimə Kərimova
Səidə İsmayılova