Müxalifət İTV-dən tələb etdi

muxalifet-itv-den-teleb-etdi
Oxunma sayı: 673

KXCP Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sessiya ənənəvi qaydada dövlət himninin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sayğı duruşu ilə başlayıb. Sessiyada qərarların icra vəziyyəti, təşkilati məsələlər, ictimai siyası vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

Qərarların icra vəziyyəti bağlı məsələnin müzakirəsi zamanı ötən müddətdə görülən işlər barədə məlumat verildi və aşağıdakı qərarlar qəbul olundu;
Sessiyanın təşkilatı məsələlər üzrə bölümündə partiya sədrinin təqdimatı ilə Qaya Əliyevin KXCP Sədrinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsinə namizədliyi irəli sürüldü. Təqdimat ətrafında müzakirələrdən sonra Ali Məclis üzvlərinin yekdil səsverməsi ilə Qaya Əliyev KXCP Sədrinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsinə təsdiq olunub.

KXCP Ali Məclisinin “İnsan haqları və demokratiya” komissiyasının tam tərkibinin formalaşdırılması Ali Məclis rəhbərliyinə tapşırılıb.

KXCP Ali Məclisinin “Sosial iqtisadi siyasət” komissiyası yaradılması və Şahin Vəliyevin komissiyanın sədri seçilməsi müzakirə edilərək yekdilliklə qəbul olundu. Komissiyanın tərkibinin tam formalaşdırılması Ali Məclis rəhbərliyinə tapşırılıb.

Mərkəzi Seçki Qərargahının (MSQ) yaradılması ilə bağlı məsələlərin müzakirəsində KXCP Sədrinin seçki məsələri üzrə müavini Ədalət Yusubov məlumat verib. O, MSQ-nin əsasən İdarə Heyəti üzvlərindən təşkil olunmasını və tərkibin 9 nəfər olması təklifini irəli sürüb. Məsələ ətrafında müzakirələrdən sonra Mərkəzi Seçki Qərargahının aşağıdakı tərkibdə formalaşması qərara alınıb;

1. Ədalət Yusubov
2. Akif Hüseynov
3. Xəzər Teyyublu
4. Qaya Əliyev
5. Rafik Abdulla
6. Rüfət Sahiboğlu
7. Gülağa Adıgözəlli
8. Yaqub Vahidli
9. Südeyf Sadıqlı

İctimai siyasi vəziyyətlə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu məruzə ilə çıxış edib. Partiya sədri öz çıxışında ölkədəki ictimai- siyası vəziyyət, Fransa Senatının yalançı “erməni soyqırımı”- nın tanımayanlara cəza tətbiq edilməsi haqqında qəbul etdiyi qanun, Qarabağla bağlı aparılan danışıqlar, Azərbaycanın güneyindəki vəziyyət, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılması və s. məsələlər barədə öz fikirlərini Ali Məclis üzvlərinə çatdırıb.

İctimai Siyası vəziyyətlə bağlı Məclis üzvləri çıxış edərək fikirlərini bildiriblər.

Sessiyanın sonunda Ali Məclis ölkədəki ictimai- siyasi vəziyyət, hökümətin yürütdüyü siyasətlə bağlı bəyanat qəbul edib. Bəyanatda Fransa Senatının yalançı “erməni soyqırımı”- nın tanımayanlara cəza tətbiq edilməsi haqqında qəbul etdiyi qanunla bağlı partiya İdarə Heyətinin qəbul etdiyi bəyanatın tələbləri bir daha təqdir olunaraq Azərbaycan hökümətinin bütün türk dünyasının, o cümlədən Qarabağ probleminin həllinə qarşı yönəlmiş bədnam qanuna münasibət bildirməməsi pislənilir. Sənəddə son günlər havaların kəskin soyuması, yağan yağış və qarın Bakı da daxil olmaqla bütün ölkəni iflic vəziyyətə salması, hökümətin təsirli tədbirlər görməməsi onun yarıtmaz, xalqa zidd siyasəti ilə izah olunur. Ölkədə insan haqlarının ağır vəziyyətdə olması, siyasi məhbusların hələ də azadlığa buraxılmaması, mülkiyyət hüquqlarının kobud şəkildə tapdanması, mediaya hücumların səngiməməsi, o cümlədən “Gündəm- xəbər” qəzetinə maliyyə sanksiyaları tətbiq edilərək qezetin fəaliyyətinin məhdudlaşdırılması qeyd olunaraq vəziyyətin normallaşması üçün hökümətin konkret addımlar atması tələb olunur. Bəyanatda həmçinin İctimai Televiziyanın xalqın, millətin ictimai fikrinin ifadəçisi kimi deyil, hakimiyyətin təbliğat ruporu kimi çıxış etməsi qeyd olunmaqla İTV- də müstəqil, müxalif fikirlərə efir vaxtı ayrılması tələb olunur.

Ali Məclisin sessiyasında “Gündəm- xəbər” qəzetinə təzyiqlərin pislənilməsi və sözü gedən media qurumunun müdafiə olunması ilə bağlı bəyanatın da qəbul olunması qərara alınıb.
.