Müxalifət izdihamlı mitinq vəd etdi

muxalifet-izdihamli-mitinq-ved-etdi
Oxunma sayı: 653

Jurnalistlər qarşısına İP KŞ üzvləri Əli Kərimli, İsa Qəmbər, Mehriban Vəzir, Rafiq Manaflı və Aqil Səmədbəyli çıxıb. Mətbuat konfransını R.Manaflı aparıb.

Konfransda çıxış edən KŞ üzvləri 8 aprel mitinqinə qiymət verərək onun əhəmiyyətindən danışıblar. Onlar hakimiyyətin törətdiyi süni əngəllərə baxmayaraq aksiyanın uğurlu alındığını vurğulayıblar. KŞ üzvləri İP-in 22 aprelə təyin etdiyi növbəti aksiyaya hazırlıqlar barədə də danışaraq növbəti mitinqin daha izdihamlı olacağına inamlarını ifadə ediblər. Onlar hakimiyyətə çağırış ediblər ki, riyakar davranışına son qoysun və razılaşdırılmış mitinqə insanların maneəsiz gəlişinə şərait yaratsın.

Konfransda AXCP sədri Əli Kərimli beynəlxalq təşkilatlara və mediaya çağırış edib ki, hakimiyyətin mitinqə süni əngəllərini qeydə almaq üçün monitorinq aparsınlar. O, qeyd edib ki, 8 aprel mitinqi heç də sərbəst toplaşmaq azadlığının tam təmin olunduğu demək deyil. Bunu deyə bilmək üçün ölkənin və Bakının müxtəlif yerlərində insanların sərbəst və maneəsiz toplaşmasına şərait yaradılmalıdır.

Konfransda "Eurovision" ərəfəsində İP-in aksiyalar təşkil edəcəyindən də bəhs olunub. Bildirilib ki, "Eurovision"a qədər vicdan məhbusları azad edilməsə müxtəlif səpkili etiraz aksiyaları keçiriləcək.

Müsavat başqanı İsa Qəmbər qeyd edib ki, aksiyalardan biri "Eurovision" iştirakçılarını öz çıxışlarında vicdan məhbuslarından danışmağa çağırmaq olacaq.

İP KŞ üzvü Aqil Səmədbəyli 8 aprel mitinqi barədə danışaraq deyib ki, aksiya hakimiyyətə yeganə alternativin İP olduğunu növbəti dəfə sübut etdi və bundan sonra İP əleyhinə istənilən çıxış "hakimiyyətin dəyirmanına su tökmək kimi" qiymətləndirilməlidir.

KŞ üzvü Mehriban Vəzir deyib ki, hakimiyyət artıq cəmiyyəti boğa bilməyəcəyini anlamalı, ölkə vətəndaşları isə gizlində deyinməklə kifayətlənməyib birlikdə öz etirazını ifadə etməlidir.

Mətbuat konfransında o da məlumat verilib ki, 22 aprel mitinqinə razılıq verilməsə İP Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirəcək.