“Müxalifət kütləvi aksiyalar məsələsində əməkdaşlığa getməlidir” - Müsahibə

muxalifet-kutlevi-aksiyalar-meselesinde-emekdasliga-getmelidir-musahibe
Oxunma sayı: 664

Son vaxtlar müxalifət qüvvələri kütləvi aksiyalar məsələsini gündəmə gətiriblər. KXCP sədrinin müavini Fikrət Cəfərov isə ayrı-ayrı müxalif partiya və blokların kütləvi aksiyaları birgə keçirməsi təklifilə çıxış edib. Onun fikrincə, bu təklifin reallaşması həm etiraz aksiyalarının effektli olmasına gətirib çıxara, həm də müxalifətin geniş birliyinə zəmin yarada bilər:

- "Ərəb baharı"ndan sonra demokratikləşmə dalğası artıq postsovet məkanına keçib. Qazaxıstanda bunun işartılarının görünməsi, Rusiyada baş verənlər göstərir ki, Azərbaycandakı siyasi qüvvələr də bu proseslərə hazır olmalıdır. Siyasi qüvvələrin və onları dəstəkləyən müəyyən sosial qrupların bu prosesə hazır olması üçünsə müxalifət hansısa bir model ətrafında bir araya gəlməlidir. Əlbəttə, söhbət konkret birləşmədən getmir. Onsuz da bu gün Azərbaycanda siyasi qüvvələrin müəyyən təmərküzləşmə prosesi gedib. Hansı qüvvələrin mövqeləri üst-üstə düşürsə, onlar bir ara-ya gəliblər və hazırda ölkədə 3-4 siyasi birlik fəaliyyət göstərir. Hələlik Azərbaycan müxalifətinin bundan artıq birləşmək perspektivi yoxdur. Ona görə də hər bir birlik, blok öz mövcudluğunu saxlamaqla, təmsil olunduğu qurumda fəaliyyətini davam etdirməklə hakimiyyəti fundamental azadlıqları məhdudlaşdırmaqdan çəkindirmək, onu demokratik islahatlara məcbur etmək üçün etiraz aksiyaları ilə bağlı digər partiya və bloklarla birgə əməkdaşlığa getməlidir. Yenə deyirəm, burada konkret birlik məsələsi yoxdur. Sadəcə, söhbət ayda bir və ya bir neçə dəfə razılaşdırılmış aksiyalara getmək üçün hakimiyyətə qarşı olan bütün müxalif qüvvələrin birgə əməkdaşlığından, birgə mitinqin təşkilindən gedir.

İnanıram ki, bu rejimin insan haqlarını və mətbuat azadlığını məhdudlaşdırmaq, heç bir günahı olmayan siyasi məhbusları həbsdə saxlamaq, sərbəst toplaşmaq azad-lığını yasaqlamaq və bir çox bu kimi yanlış addımlarına son qoymaq üçün müxalif qüvvələr bu təklifə sağlam münasibət bəsləyəcəklər.

- Səhv etmiriksə, artıq bəzi partiyaların bu təklifə ilkin reaksiyaları olub. Bu re-aksiyaları necə qiymətləndirirsiz?

- Mən ilkin reaksiyalarla tanış oldum. Təklifə normal yanaşmalar sərgilənib. Hesab edirəm ki, doğrudan da iqtidara qarşı mübarizə aparan, onu islahatlara məcbur etmək istəyən qüvvələr bu təklifə müsbət yanaşmalıdırlar. Yox, əgər kimlərinsə iqtidardaxili qruplarla hər hansı münasibətləri, gizli sövdələşmələri varsa, demək bu birliyə gəlməyəcəklər. Kimlərsə etiraz aksiyalarının keçirilməsi ilə bağlı müxtəlif rəylər irəli sürməyə başlayacaqsa, hərə özünü qəhrəman hesab edəcəksə, yenə də "ana müxalifət", "bala müxalifət" söhbəti ortaya gələcəksə, onda nəinki indi, heç 2013-cü ildə də heç bir dəyişiklik olmayacaq. Bizim dostlarımız bu məsələyə indiyə kimi yanaşdıqları kimi yanaşacaqlarsa, artıq nəsə gözləməyə dəyməz. Bu halda iqtidardan narazı olan xalq həmin siyasi qüvvələri müdafiə etməyəcək. Əksinə heç olmasa, bu etiraz aksiyalarını birgə keçirsək, onda cəmiyyətin də fəallığı artacaq və xalq kütləvi aksiyalara dəstək verəcək. Bir məsələni də qeyd edim ki, bu təklif heç bir tələb və ya öhdəçilik yaratmır. Söhbət sadəcə, bir günlük etiraz aksiyalarında əməkdaşlıqdan gedir. Müxalifə qüvvələr hazırlaşır, bir gün birgə mitinq keçirirlər, bir də növbəti etiraz aksiyası zamanı bir neçə gün əvvəldən oturub müzakirələr aparır, yenə birgə mitinq təşkil edirlər.

- Bu təklif açıqlanandan iki gün sonra "Qarabağ" bloku başqa bir təklif irəli sürdü. Onlar müxalifətin birləşməsi və 2013-cü il prezident seçkilərinə hazırlaşmasını təklif edirlər. Bu barədə nə deyə bilərsiniz?

- O təklif yeni deyil. Vətəndaş Hərəkatı Forumu 8-9 ay müxalifət partiyaları ilə danışıqlar apardı. Orada şərt qoyulmuşdu ki, prezident seçkiləri ilə bağlı vahid namizəd məsələsi müzakirə olunmasın. Çünki prezident seçkiləri ilə bağlı bu gün vahid namizəd ətrafında hansısa birliyin yaranması real deyil. "Qarabağ" blokunun təklifi gözəl təklifdir. Amma normal, sivil, demokratik cəmiyyətlərdə olduğu kimi bizdə də müxalif qüvvələrə seçkidə bərabər imkanlar yaradılsaydı, yəqin ki, bu tək-lif ətrafında müzakirələr açmaq olardı. Lakin artıq o təklifin müxalifət qüvvələri tərəfindən süngü ilə qarşılandığı göz qabağındadır. Ona görə də mən "Qarabağ" blokunun təklifini real hesab etmirəm. Ola bilsin ki, prezident seçkiləri ərəfəsində vahid namizəd məsələsi gündəmə gəlsin və reallaşsın. Amma seçkiyə hələ çox var. Ona görə də ilkin variantda bizim irəli sürdüyümüz təklif daha realdır.

- Ümumiyyətlə, bu gün seçki məsələsi müxalifət üçün nə dərəcədə aktualdır?

- Normal cəmiyyətlərdə müxalif qüvvələr seçkidən seçkiyə hazırlaşırlar. Hər bir təşkilat öz qüvvələrinə baxış keçirir, hansı regionda nə qədər tərəfdarı olduğunu müəyyənləşdirir və s. Amma bu gün iqtidara qarşı heç bir ifşaedici tədbir, heç bir aksiya olmayacaqsa, oturub hamı seçkini gözləyəcəksə, seçkidə heç nə dəyişməyəcək. Seçkiyə hazırlaşmaqdan öncə narazı elektoratı hərəkətə gətirmək və müəyyən dəyişikliklərə nail olmaq lazımdır. Bunun da əsas vasitələrindən biri kütləvi etiraz aksiyalarıdır. Hesab edirəm ki, hər kəs bu etiraz aksiyalarında öz sözünü deməlidir.

- Yeri gəlmişkən, İctimai Palata yarananda və ondan sonra VHF müxalifətin geniş birliyinə nail olmaq üçün danışıqlar aparanda məhz "Qarabağ" blokundakı partiya-ların mövqeyi geniş birliyin baş tutmasına mane oldu. İndi onların birlik təklifi ilə çıxış etməsini necə dəyərləndirirsiz?

- Mən onun əleyhinəyəm ki, təklif irəli sürmək naminə təkliflər olmamalıdır. "Qarabağ" blokunun təklifi bu yaxınlarda gündəlikdə olub. VHF həmin təkliflə çıxış edəndə siyasi qüvvələr onunla bağlı müzakirələr aparmadılar. Məhz bu təklifə görə müzakirələri saxladılar. Yenə deyirəm, yenidən bu təklifin gündəmə gətirilməsi və dəstək almasını real saymıram. Bu təklifi urvatdan salmaq lazım deyil. Ona görə ki, bu gün lokal birliklər var, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı, İctimai Palata, "Qarabağ" bloku fəaliyyət göstərir, ALP və VİP birgə əməkdaşlıq edir, AMİP ayrıca fəaliyyət göstərir, REAL kimi perspektivli gənclərdən ibarət, özünə məxsus fəaliyyəti olan qurumlar mövcuddur və s. Amma bunlar biri-birilə əməkdaşlıq etmirlər. Ona görə də hesab edirəm ki, real tək-liflər üzərində düşünmək lazımdır. Siyasi aksiyaların birgə keçirilməsi sözün əsl mənasında realdır. Bu aksiyaların birgə keçirilməsi zərurəti həm də ondan irəli gəlir ki, kütləvi aksiyalar avtoritar rejimlərə qarşı çox ciddi silahdır və onu urvatdan salmaq olmaz.

- Son vaxtlar bəzi siyasi müşahidəçilər DCUMH, İctimai Palata və Ziyalılar Forumunun əməkdaşlıq etmələrinin demokratikləşmə prosesi üçün faydalı ola biləcəyini bildirirlər. Siz necə düşünürsüz?

- Mən nəinki DCUMH, Ziyalılar Forumu və İctimai Palatanın, "Qarabağ" blokunun da, ALP və VİP-in də, AMİP-in də, digər qüvvələrin də birgə əməkdaşlığı ideyasına çox normal yanaşıram. Hesab edirəm ki, bu əməkdaşlıq olsa, çox gözəl olar. Amma bu gün bu qüvvələr biri-birini "həzm edirlərmi"?. Mən hesab edirəm ki, bu əməkdaş-lığın zamanı yetişməli, buna zəmin yaranmalıdır. Bu baxımdan kütləvi aksiyaların birgə keçirilməsi buna zəmin yarada bilər.

- Fransa Senatının məlum qərarı Türkiyə və Azərbaycanda böyük hiddətə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Fransa Senatının qondarma erməni soyqırımını tanımayanlara cəza tətbiq edilmə-si haqqında qəbul etdiyi qanun, əgər buna qanun demək mümkünsə, əslində Avropanın dəyərlər sisteminə parıltılı metala paslı, eroziyaya uğramış dəmir parçasını zorən yapışdırmaqdır. Avropanın beşiyi sayılan Fransa dövlətinin heç bir insan hüquq və haqlarını nəzərə almadan, məcburən 70 milyonluq xalqa qarşı 100 il bundan qabaq olmamış bir hadisəyə görə belə qeyri-ciddi addım atması əslində bütünlükdə Avropanı gülünc günə qoydu. Millətlərinə qənim kəsilən avtoritar rejimlərdən insan hüquq və azadlıqlarına hörmət tələb edən Avropa Fransa Senatının Avropa dəyərlər sisteminə zidd addım atmasına imkan verməməli və Avropa Şurasının "xristian klubu" olmadığını sübut etməlidir.