Müxalifət liderlərindən “Eurovision” xəbərdarlığı

muxalifet-liderlerinden-eurovision-xeberdarligi
Oxunma sayı: 647




“Bu xəbərdarlıq gündəmdə qalırmı və ”Eurovision" günlərində aksiyalar keçiriləcəkmi" sualı ilə müraciət etdiyimiz İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, “Eurovision” ərəfəsi və günlərində aksiyaların keçirilməsi məsələsinin iki qatı var: “Bir qatı odur ki, bizim iradəmizlə həyata keçirilən aksiyalar. Bu, xeyli dərəcədə ölkədə o ayda, o günlərdə olan vəziyyətdən asılı olacaq. O dövr üçün müəyyən addımlar atılacaqmı, irəliləyişlər olacaqmı, bizim əhval-ruhiyyəmiz, ictimai əhval-ruhiyyə necə olacaq? Və təbii ki, bütün bunlar, hakimiyyətin atdığı müsbət və mənfi addımlar bizim də qərarlarımıza ciddi təsir edəcək. O qərarları o mərhələdə biz İctimai Palatada müzakirə edərək birlikdə müəyyənləşdirəcəyik və qərar verəcəyik. Amma ölkədə bizdən başqa da xeyli ictimai, siyasi təşkilatlar var, gənclər təşkilatları, vətəndaş cəmiyyəti institutları var. Ölkəyə 10 minlərlə turistin, 2 minə qədər jurnalistlərin gəlməsi gözlənilir. Azərbaycanda, əslinə qalsa, bu miqyasda ilk belə beynəlxalq tədbirdir. Bu qədər insanın iştirak elədiyi mühitdə hansı aksiyalar keçiriləcək, hansılar keçirilməyəcək, bu, artıq bizdən asılı deyil. Mən əminəm ki, istənilən halda ”Eurovision" Azərbaycanın tarixinə düşəcək. Hər halda bu bir uğurdur ki, bizim gənclərimiz Avropada gözəl oxuyub qalib gəliblər və nəticədə o cür, böyük yarış Azərbaycanda keçirilir".

İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli suala cavabında bildirdi ki, yarışma ərəfəsi etiraz tədbirlərinin olub-olmayacağı daha çox iqtidardan asılıdır. Hakimiyyət özü seçim eləməlidir: “Biz bir neçə ay bundan əvvəl öz qərarımızı vermişik. Biz razılaşa bilmərik ki, Azərbaycan bir tərəfdən özünü dünyaya Avropanın mədəniyyət mərkəzi kimi təqdim eləsin, o biri tərəfdən də yalnız ”azadlıq" və “istefa” kimi siyasi şüarlar səsləndirdiyinə görə heç bir cinayət törətməmiş şəxslərə məhbəs həyatı yaşatmaqda davam etsin. Əgər əqidə dostlarımız “Eurovision” günlərində həbsxanada qalsalar, onları müdafiə etmək üçün ən rəngarəng ideyalardan ibarət tədbirlərimiz olacaq".

Yeni Müsavat