Müxalifət mitinq üçün toplandı

muxalifet-mitinq-ucun-toplandi
Oxunma sayı: 685

İctimai Palatanın Koordinasiya Şurasının budəfəki iclası 8 aprel mitinqinin hazırlığına həsr olunub. Şuranın üzvü Pənah Hüseynin sədrliyi ilə keçən iclasda mitinqlə bağlı müzakirələrə start verildiyi və məsələyə martın 26-da yenidən qayıdılacağı bildirilib: "Mitinqin saat 15-dən 17-dək keçirilməsi nəzərdə tutulub. Ünvan kimi "Nərimanov" və "Təbriz" kinoteatrlarının qarşısındakı meydan, 20-ci sahədəki sürücülük məktəbinin stadionu qeyd olunacaq. Mitinqin "Yeni parlament seçkiləri keçirilsin!", "Korrupsiya və rüşvətxorluğa son qoyulsun!", "Vicdan məhbuslarına azadlıq!", "Əhalinin sovet dövründən banklarda qalmış əmanətləri bir-bir qaytarılsın!", "Mülkiyyəti əlindən alınmış insanlara mülkiyyətin həqiqi dəyəri ödənilsin!" və s. tələblərlə keçirilməsi qərara alınıb.

Martın 26-da isə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək. Aksiyanın ünvanları ilə bağlı bir daha dəqiqləşdirmə aparılacaq. Şüarlar və qətnamənin layihəsi ilə bağlı müzakirə olacaq. Bundan başqa, mitinq komitəsi yaradılacaq, aksiya ərəfəsində mitinqlə bağlı müşavirə keçiriləcək. İctimai-siyasi təşkilatlarla, o cümlədən Ziyalılar Forumu ilə danışıqlar aparılacaq".

P.Hüseyn cəmiyyətin aktiv narazı qrupları ilə də müzakirələr aparacaqlarını və onların da aksiyaya cəlb olunacağını bildirdi: "Aksiya açıqdır, cəmiyyətin istənilən təbəqəsi, arzuedən hər kəs qoşula bilər".

P.Hüseynin sözlərinə görə, iclasda bir sıra başqa məsələlər də müzakirəyə çıxarılıb: "İctimai Palatanın regional təşkilatlarının fəaliyyəti ilə bağlı təlimat təsdiq edildi. Sənəd yaxın vaxtlarda həmin qurumlara göndəriləcək.

Ötən iclasdan sonra Qəbələ RLS-lə bağlı qəbul olunmuş bəyanatın çoxaldılmasına və bu sahədə fəaliyyət göstərən Qəbələ RLS vətəndaş təşəbbüsü qurumuna dəstək verilməsinə qərar verildi. Müzakirə edilən məsələlərdən biri də Quba olaylarına görə həbs edilənlərin azadlığa buraxılması üçün görüləcək işlər idi. Qərara alındı ki, bu istiqamətdə fəaliyyət göstərmək üçün xüsusi qrup yaradılsın. Onların azadlığı tələbi 8 aprel mitinqinin tələblərinə daxil edilsin".

Azadliq.info