Müxalifət partiyası aksiya qərarı verdi

muxalifet-partiyasi-aksiya-qerari-verdi
Oxunma sayı: 675

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Himninin oxunması ilə öz işinə başlayan sessiyada əvvəlcə KXCP Təşkilat Şöbəsinin müdiri Xəzər Teyyublunun rayon şöbələrinin hesabat seçki konfransları barədə məlumatı dinlənilib.

Daha sonra KXCP sədrinin müavini Bəybala Əbil partiyanın II Qurultayının günü və yeri barədə dövlət orqanları ilə aparılan danışıqların nəticəsi barədə açıqlama verib. B.Əbil bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti Qurultayın keçirilməsinə etiraz etməsə də, Mədəniyyət və Turizm Nazirliyi partiyanın ali tədbiri üçün yer ayırmaq istəmir, müxtəlif bəhanələr gətirilərək qanunvericiliyin tələblərinə əməl etməkdən boyun qaçırır. Yaranmış vəziyyəti nəzərə alan Ali Məclis üzvləri Qurultayın keçirilməsi üçün müvafiq yerin ayrılması tələbilə atılacaq addımlar barədə təkliflərlə çıxış ediblər.

Yekun nəticədə partiya sədri Mirmahmud Mirəlioğlunun Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də Mədəniyyət və Turizm Nazirliyi qarşısında “Yer ver!” şüarı ilə silsilə piketlər keçirilməsi təklifi qəbul olunub. Ali Məclis üzvləri Qurultayın iyunun 24-də keçirilməsi mümkün olmazsa, başqa günün və yerin müəyyənləşdirilməsi səlahiyyətinin Təşkilat Komitəsinə verilməsi barədə də qərar qəbul ediblər.

Konfransda KXCP sədri M.Mirəlioğlu ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın nəzərdə tutuduğu addımlar və bir sıra digər məsələlər ətrafında çıxış edib. KXCP sədri müxalifətin mitinqlərilə bağlı məsələlərə də münasibətini açıqlayıb. “Bu hakimiyyəti dəyişməyin yeganə yolu kütləvi aksiyalardan keçir”-deyən M.Mirəlioğlu qeyd edib ki, etiraz aksiyalarında hamı iştirak etməlidir: “Biz razılaşdırılmış aksiyalara nail olmalıyıq. Bu yolla partiya mənsubiyyəti olmayan insanları da etirazlara həvəsləndirmək mümkündür. Mütləq razılaşdırılmış aksiyalar olmalıdır. İndiki mərhələdə nəticəsi olmayan icazəsiz aksiyalara getmək məqsədəuyğun deyil. Biz birliyi, aksiyalarda xalqın iştirakını təmin etməliyik. Bunun yolu isə razılaşdırılmış mitinqlərdir”.

“Yeni Müsavat”