Müxalifət partiyası Kəmaləddin Heydərovu müdafiə etdi

muxalifet-partiyasi-kemaleddin-heyderovu-mudafie-etdi
Oxunma sayı: 649

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsindən sonra Azərbaycanda keçirilən boks üzrə dünya çempionatı və çempionat ərəfəsində yayılan təxribat xarakterli məlumatlar ətrafında fikir mübadiləsi aparıb. Müzakirələrdən sonra BAXCP İdarə Heyətinin rəsmi açıqlaması qəbul olunub. Açıqlamada deyilir: "Boks üzrə dünya çempionatının Azərbaycanda keçirilməsini böyük idman hadisəsi kimi qiymətləndirir və bu münasibətlə boksçularımızı, eləcə də bu idman növünü sevən bütün vətəndaşlarımızı təbrik edirik. Bu mötəbər yarışda ölkəmizi təmsil edən idmançılarımıza isə uğurlar arzulayır, onlardan böyük qələbələr gözləyirik.

Bununla yanaşı, hesab edirik ki, belə bir mötəbər yarış ərəfəsində Azərbaycan Boks Federasiyasının adının korrupsiya ilə bağlı qalmaqalda hallandırılması düşmənlərimizin və təxribatçı qüvvələrin əməlidir, beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artmasına xidmət edəcək bu böyük idman hadisəsinin üzərinə öncədən kölgə salmaq cəhdidir. Ölkəmizə qarşı həyata keçirilən bu məqsədyönlü təxribat kampaniyasından təəssüfləndiyimizi bildirməklə yanaşı, ölkəmizin əleyhinə yönəlmiş təxribat xarakterli məlumatlara istinad edərək, "Azərbaycan boksu nokauda" salındı deyən qüsurlu insanların da bu kampaniyaya qoşulmalarını qətiyyətlə pisləyirik.

Xatırlatmaq istəyirik ki, Azərbaycandan öncə də dünyanın müxtəlif ölkələri belə mötəbər yarışlara ev sahibliyi ediblər və oxşar təxribat xarakterli məlumatlar bu ölkələr haqqında da yayılıb. Ancaq həmin ölkələrin bütün vətəndaşları siyasi baxışlarından, mövqelərindən asılı olmayaraq, ənənəvi qaydada vahid mövqedən çıxış ediblər və öz dövlətlərinin müdafiəsinə qalxıblar. Bizdə isə çox təəssüf ki, bəzi şəxslər hakimiyyətə qarşı olan neqativ münasibətlərini dövlətə və onun uğurlarına münasibətdə də eyni şəkildə büruzə verir, düşmən qüvvələrin məqsədyüönlü təxribatlarının könüllü daşıyıcılarına çevrilirlər.
Biz, belə siyasi mübarizə üsullarının kökündən yanlış olduğunu bir daha vurğulayır, dövlətimizin və xalqımızın bütün sınaqlardan alnıaçıq çıxacağına əminliyimizi ifadə edirik".

Qeyd edək ki, BAXCP İdarə Heyətinin iclasında təşkilatı məsələlər də müzakirə olunub və partiyanın Hizamnaməsinə uyğun olaraq, bir neçə rayonda konfransların keçirilməsilə bağlı qərar qəbul edilib.