Müxalifət partiyası məscidin bağlanmasını pislədi

muxalifet-partiyasi-mescidin-baglanmasini-pisledi
Oxunma sayı: 639

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının vicdan azadlığının məhdudlaşdırılmasına yönəlik artıq sistemli hala gələn addımlarını davam etdirməkdədir: “Hakimiyyət ölkə Konstitusiyasında təsbit olunmuş vicdan azadlığı normalarının təmin olunmasına dair çağırışlara əhəmiyyət verməyərək, vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər görmək əvəzinə, vəziyyətin daha da kəskinləşməsinə şərait yaradır.

Son dövrlərdə paytaxt Bakıda və ölkənin regionlarında müxtəlif süni bəhanələrlə çox sayda məscidlərin fəaliyyəti dayandırılıb və inanclı insanların ibadətinə anlaşılmaz tərzdə hələ də maneələr yaradılır. Bu günlərdə Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Hüseyniyyə” məscidinin bağlanması və son olaraq, Lənkəranda dindarlarla polis arasında qarşıdurmanın baş verməsi bu sahədə çox ciddi və təcili həll olunması gərəkən problemlərin olduğunu göstərir.

Vətəndaş və İnkişaf Partiyası (VİP) “Hüseyniyyə” məscidinin bağlanmasını və inanclı vətəndaşlarımızın ibadətinə imkan verilməməsini qətiyyətlə pisləyir. VİP ölkə hakimiyyətini növbəti dəfə vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır və bunun tərkib hissəsi olan vicdan azadlığının təmin olunmasını tələb edir”.