Müxalifət Ramiz Mehdiyevlə həmrəydir

muxalifet-ramiz-mehdiyevle-hemreydir
Oxunma sayı: 646

Qeyd edək ki, İranın “Səhər” televiziyası ilə bağlı etirazlar ilk dəfə deyil ki, səslənir. Azərbaycan hökumət rəsmiləri dəfələrlə İran telekanalından şikayətləniblər. Telekanalda Azərbaycanın hakimiyyət, dövlət rəhbərləri barəsində kəskin tənqidlərin yer alması Bakıda narazılıq doğurur. Hakimiyyətin bu barədə mövqeyi ən yüksək səviyyədə elan olunub. Maraqlıdır, bəs müxalifət bu barədə nə düşünür?

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, “Səhər” kanalı İranın Azərbaycana qarşı həyata keçirdiyi təbliğat mexanizminin bir elementidir. Partiya sədrinin sözlərinə görə, İran dövlətinin rəsmi təbliğatı Azərbaycan dövlətinə qarşı ciddi şəkildə fəaliyyət göstərir. İ.Ağazadə xüsusən də son dövrlərdə Güney Azərbaycanda baş verən hadisələrdən sonra İranda Azərbaycana qarşı təbliğatın gücləndiyini deyir: “İran dövləti Azərbaycana qarşı ciddi, sistemli fəaliyyət göstərir. Bu fəaliyyətin təbliğat hissəsini ”Səhər" kanalı həyata keçirir. Xüsusən də son dövrlərdə Cənubi Azərbaycanda baş verən hadisələr, Urmiya gölü ətrafında baş verənlərdən sonra İranda Azərbaycana qarşı münasibət daha da pisləşib. Hesab edirəm ki, Azərbaycan tərəfindən ittihamlar “Səhər” kanalına deyil, bibaşa İrana qarşı yönəlməlidir. Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməli, İranın Azərbaycana qarşı təbliğatını neytrallaşdırmalıdır".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya görə, “Səhər” televiziyasının Azərbaycana qarşı təbliğatı rəsmi Tehranın Azərbaycana qarşı düşmən siyasətinin bir parçasıdır. Ancaq F.Qəhrəmanlıya görə, “Səhər” kanalı və digər qurumların anti-Azərbaycan təbliğatına əsas verən Azərbaycan hakimiyyəti olduğu üçün bu məsələdə hakimiyyət də qınanmalıdır: “İranın Azərbaycana münasibətinin kökündə nəyin dayandığı bəllidir. Azərbaycan dövlətinin zəiflədilməsi bir növ İranın xarici siyasətinin bir istiqamətinə çevrilib. İranı narahat edən əsas faktorlardan biri də Güney Azərbaycandır. Şimalda Azərbaycan Respublikası Güney Azərbaycanda türklərin mübarizəsinə stimul verir. Bu baxımdan İran dövləti Azərbaycanı zəiflətməyə çalışır.

Təbii ki, İran telekanalının Azərbaycanla bağlı tənqidi materiallar hazırlaması Azərbaycanda insan haqları və demokratiya sahəsində vəziyyətin pis olması ilə bağlı deyil. Bu, daha çox Azərbaycan hakimiyyətinə təzyiq vasitəsidir. Ancaq eyni zamanda Azərbaycan hakimiyyətinin tutduğu xətt “Səhər” kanalının ölkəyə qarşı antitəbliğat aparmasına ciddi əsaslar verir. Əgər Azərbaycanda ölkə ictimaiyyətini, xalqı narahat edən qanunsuzluqlar olmasaydı, o zaman “Səhər” kanalı və digər quruluşların Azərbaycana qarşı təbliğat savaşı aparmaq üçün əsasları olmazdı. Buna görə də fikrimcə, “Səhər” kanalının apardığı təbliğat kampaniyası qınanmaqla yanaşı, onlara tənqid üçün əsas verən hakimiyyətin özünün hərəkətləri də unudulmamalıdır".

“Yeni Müsavat”