Bu sözləri REAL hərəkatının həmsədri İlqar Məmmədov Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzovun YAP-ın TV efirdə birbaşa siyasi debatlara açıq olması fikrinə münasibət bildirərkən deyib. Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, həmsədr vurğulayıb ki, hərəkat hər an və istənilən iştirak səviyyəsində canlı efirdə önəmli siyasi-iqtisadi mövzularda belə debatlara hazırdır: “Dəvətə görə təşəkkür edirik. İllərdir dünyanın aparıcı TV kanallarında, dünyanın ən tanınmış və hörmətli qəzetlərində, ən populyar radio dalğalarında çıxış edib Azərbaycan haqda sözümüzü dünyaya çatdıra bilirik. Bircə Azərbaycan TV və radioları üzümüzə bağlıdır”.
İlqar Məmmədov onu da qeyd edib ki, onun fəaliyyəti yalnız Azərbaycanda blokadaya alınıb: “Necə olur ki, üç ciddi və tanınmış beynəlxalq təşkilat - Mədən Sənayesinin Gəlirlərinə Nəzarət Təşkilatı, Marshall Fondunun Qara Dəniz İşbirliyi Təşkilatı, və Avropa Siyasi Məktəblər Assosiyasiyası – Azərbaycan siyasətinə və regional münasibətlərə aid fəaliyyətimi dəyərləndirərək məni öz Şurasına seçir, məsləhətlərimi istəyir, Azərbaycan TV və radio efirindən isə mən təcrid olunuram?”.
Xatırladaq ki, sentyabrın 26-da Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov partiyasının TV efirdə birbaşa siyasi debatlara açıq olduğunu elan edib.
Fatimə Kərimli