Müxalifət Türkiyəyə qaz güzəştində fərqli düşünür

muxalifet-turkiyeye-qaz-guzestinde-ferqli-dusunur
Oxunma sayı: 673

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Divanının dünənki toplantısında Türkiyə-Azərbaycan münasibətləri ətrafında aparılan müzakirələrdən bəhs edərkən bunları bildirdi. İ.Qəmbərin fikrincə, Azərbaycan-Türkiyə anlaşmasına sırf maliyyə baxımından yanaşılmamalı, hesab məsələsi həlledici olmamalıdır: “Mənim dəfələrlə səsləndirdiyim bir fikirdir ki, Azərbaycanın bütün imkanları Türkiyənin, Türkiyənin də bütün imkanları Azərbaycanın ixtiyarında olmalıdır. Bu iki dövlət birgə hərəkət etməlidir. Bu baxımdan qaz və bir sıra digər məsələlərdə Azərbaycanın güzəşt kimi görünən hər bir addımı Azərbaycanın öz maraqlarına da tamamilə uyğun olacaq. Mən buna tam əminəm”.
Müsavat başqanı qeyd etdi ki, viza məsələsinin yenə də həll olunmamasından, Türkiyə vətəndaşları üçün vizanın aradan qaldırılması istiqamətində addımın atılmamasından dolayı Divanda narahatçılıq ifadə olunub: “Bu yanlışlığa son qoyulmalı, məsələ tezliklə həll olunmalıdır. Necə ki, Türkiyə Azərbaycan vətəndaşları üçün vizanı neçə illərdir qaldırıb, Azərbaycan tərəfi də Türkiyə vətəndaşları üçün bunu etməlidir”.
Bəzi ehtimallara görə, Azərbaycanın qaz məsələsində Türkiyəyə doğru addımlar atması Ankaranın Azərbaycanda demokratiya məsələsinə marağını azalda bilər. Lakin İsa Qəmbər bunu bir qədər köhnəlmiş yanaşma sayır: “Artıq dünya miqyasında bu yanaşma öz yerini bütün istiqamətlərin önəminə, prioritet olmasına verib. ABŞ, Avropa Birliyi Azərbaycan və digər enerji mənbələrinə, ehtiyatlarına malik olan ölkələrlə münasibətdə tədricən demokratiya və insan haqları məsələlərini prioritet məsələ kimi təqdim edir, tövsiyələrini verir. Açıq şəkildə bildirilib ki, enerji sahəsindəki əməkdaşlıq demokratiya sahəsindəki nöqsanlara göz yummağa gətirib çıxarmayacaq. Mən əminəm ki, bu ümumi yanaşma azad dünyanın, NATO-nun bir hissəsi olan Türkiyə üçün də eyni qaydada keçərlidir. Əminəm ki, Türkiyə hazırda regionda oynadığı lider rolunu qonşu ölkələrdə xalqların yanında olmaq, onların azadlıq mübarizəsinə mənəvi dəstək vermək missiyasını davam etdirəcək və bu, Cənubi Qafqazda da, Azərbaycanda da özünü çox aydın şəkildə büruzə verəcək”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyir ki, əslində bu gün Türkiyə-Azərbaycan münasibətlərində güzəşt anlamından yox, strateji müttəfiqlikdən söhbət getməlidir: “Strateji müttəfiqliyin özü tərəflərin maraqlarını birmənalı surətdə nəzərə almaq prinsipini ortaya qoyur. Türkiyə-Azərbaycan strateji müttəfiqliyi ehtiva edir ki, analoji olaraq digər ölkələrlə münasibətlərdən fərqli münasibət, iqtisadi və siyasi əlaqələr qurulsun. Türkiyə ilə Azərbaycan arasında son dövrlərdə baş verən hadisələri strateji müttəfiqliyin yeni fazası, yeni dönəmi adlandırmaq olar ki, bu da çox təqdirəlayiq haldır”.
Demokratiya məsələlərinə gəlincə, İ.Ağazadə bu məsələyə fərqli yanaşır: “Türkiyə-Azərbaycan münasibətləri demokratiyadan, daxili məsələlərdən daha çox Azərbaycan dövlətinin müstəqilliyi, Türkiyənin müstəqilliyi və daxili problemlərdən azad olunması daha önəmli məsələdir və iqtidarlara bu aspektdən yanaşırlar. Azərbaycanda və ya Türkiyədə hansı iqtidarın olmasından asılı olmayaraq, strateji müttəfiqlik davam edir və hakimiyyətlər çalışırlar ki, daxili problemlərə o qədər də çox müdaxilə etməsinlər. Bu da strateji müttəfiqlik və Türkiyə-Azərbaycan siyasətində indiyə qədər ortaya qoyulmuş iki dövlət-bir millət prinsiplərindən doğan anlayışdır. Fikrimcə, illər uzunu bu cür də davam edəcək”.
“Biz Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqliyin davam etdirilməsini çox vacib hesab edirik və bu istiqamətdə lazım gələrsə, müəyyən itkilərə də yol verilməsini məqsədəmüvafiq sayırıq. Amma strateji müttəfiqlik adı altında siyasi konyukturanın da qəti əleyhinəyik”. Bu sözlər isə ADP sədri Sərdar Cəlaloğluna məxsusdur. Partiya rəhbəri Azərbaycanın Türkiyədə 5 milyard dollarlıq neftayırma zavodunu tikməsini tamamilə yanlış sayır: “ARDNŞ-in çox qəribə davranışları müşahidə olunur. 3 milyard dollar Gürcüstana, 5 milyard Türkiyəyə, bir neçə milyard da Ukrayna, Rusiya, Moldovaya yatırım qoyub. Digər tərəfdən, Azərbaycan hökuməti müəmmalı şəkildə Rusiyada məktəblər, Ukraynada elmi tədqiqat institutu tikir. Azərbaycanda işsizliyin hökm sürdüyü, məktəb, zavod tikintisinə ehtiyac olduğu bir vaxtda neft gəlirlərini xaricə axıdırlar. Mən bunu milli mənafeyimizə zidd sayıram. Hətta bu investisiya Türkiyəyə qoyulsa belə, yanlış addımdır. Çünki o 5 milyardlıq zavodun Azərbaycanda tikilməsinə və orda bir neçə min vətəndaşın işləməsinə daha çox ehtiyac var idi. Üstəlik də biz daxildəki işlərə ictimai nəzarət tətbiq edə bilmiriksə, xaricdəki zavodlardan, ümumiyyətlə, xəbər tuta bilməyəcəyik”.
Türkiyənin Azərbaycandakı demokratik proseslərə münasibəti barədə danışarkən S.Cəlaloğlu bildirdi ki, əgər Türkiyə iqtisadi maraqları naminə Azərbaycanda baş verən proseslərə göz yumsa, bu, Türkiyə-Azərbaycan münasibətlərinin uzun müddət yaxşı saxlanmasına imkan verməyəcək: “Bundan əvvəl də Türkiyə Azərbaycandakı qeyri-qanuni seçkiləri ilk dəstəkləyən dövlət kimi çıxış etdi. Türkiyənin Azərbaycanda demokratiyaya ikinci, üçüncü dərəcəli məsələ kimi baxdığı, türk liderlərin Azərbaycanda demokratiyaya önəm vermədiyi bizə məlumdur. Türkiyə yalnız Qarabağ məsələsində Azərbaycanın mövqeyini Azərbaycanın özündən də ciddi şəkildə müdafiə edir. Amma unutmaq olmaz ki, Azərbaycanın bir ərazisi bütövlükdə Azərbaycan xalqından qiymətli ola bilməz”.


musavat.com