Müxalifətçi: “Məndən rica edilir ki, dövlət başçısına təşəkkür edim”

<b>Müxalifətçi: “Məndən rica edilir ki, dövlət başçısına təşəkkür edim”</b>
Oxunma sayı: 301

Bu zaman Sabirabad rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zərurəti, habelə 16 min nəfərdən artıq əhalisi olan Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kənd sakinlərinin müraciətləri nəzərə alınıb.

Ümid Partiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, 2009-2010-cu illərdə Sabirabad rayonunda adıçəkilən problemlə bağlı olaraq partiyanın funksioneri, əslən Sabirabad rayonun Cavad kəndindən olan Razi Abasbəylinin təşəbbüsü ilə kənd sakinləri arasında imzatoplama kampaniyası təşkil edilib. R. Abbasbəyli deyib: “Biz dəfələrlə keçmiş icra başçısı Heydər Abbasovun qəbulunda olduq və bu problemlə bağlı olaraq dövlət qurumları qarşısında məsələ qaldırmasını tələb etdik. Hər dəfə o bizə yalan vəd verir və dövlət qurumları qarşısında körpünün inşasıyla bağlı heç bir məsələ qaldırmırdı. Biz qərara gəldik ki, kənd sakinləri arasında imzatoplama kampaniyası həyata keçirək. 7 min nəfərə yaxın insanın imzasıyla müraciət hazırladıq. Dövlət başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın adına, nəqliyyat naziri Ziya Məmmədovun ünvanına, həmçinin də fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətlər yolladıq. Fövqəladə hallar və nəqliyyat nazirliyindən bizim müraciətlərimizə cavab gəldi. Daha sonra Prezident Administrasiyasından da öyrəndik ki, müraciətimiz dövlət başçısının diqqətindədir. Nəhayət dünən dövlət başçısı məhz mənim təşəbbüsümlə, qaldırılmış kənd sakinlərinin müraciətinə müsbət cavab verdi və sərəncam imzalayaraq körpünün inşasına başlanılması göstərişi verdi. Dünəndən bu kəndlərin insanları mənə telefon edərək dövlət başçısına bu sənədi imzaladığına görə, təşəkkür etmək istədiklərini bildirirlər. Həmin imzaların sahibləri eyni formada dövlət başçısına müraciət hazırlanmasını istəyirlər. Məndən rica edilir ki, kənd camaatı adından dövlət başçısına media vasitəsilə təşəkkür edim”.

O, əlavə edib ki, indi bəzi xırda məmurlar körpünün inşasında əhalinin müraciətlərinin heç bir əhəmiyyəti olmadığını deyirlər və bu sərəncamın imzalanmasına görə, dövlət başçısına şəxsi müraciətlər etdikdən sonra nail olunduğu barədə şayiələr yayırlar. “Biz bu məmurların heç bir zaman özlərində cəsarət tapıb əhalinin problemlərini şikayət edə biləcək insanlar olmadığını çox gözəl bilirik. Amma bütün hallarda bu işin müəllifi kəndlərin əhalisidir. Dövlət başçısı da bu insanların müraciətlərinə müsbət cavab verib”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi