Müxalifətə təkliflərim

muxalifete-tekliflerim
Oxunma sayı: 687

Kovatiada demokratik dəyişiklik istəyən müxalifətin ən az iqtidar qədər daxili islahatlara ehtiyacı var. Daha qəddar sistemlərə qarşı çıxan insanlar həyatlarını qurban verərək dəyişikliyə nail olduğu halda Kovatiada proses 10-15 şəxsin həbsi ilə dayanırsa, bütün günahı iqtidarda və xalqda axtarmaq lazım deyil.
Kovatia müxalifətinə təkliflərim var.
Hər narazı sizin deyil. Sorğular və ya müşahidələriniz əsasında Kovatia xalqının əksər hissəsinin iqtidardan narazı olduğunu görə bilərsiniz. Amma bu o demək deyil ki, hər narazı vətəndaş sizdən razıdır. Narazıların hansı hissəsi sizinlədir, hansı hissəsi sizə qarşı, hansı hissəsi qərarsız? Sizdən razı olanlar onsuz da sizin tərəfinizdədir. Sizdən narazı olanları özünüzə cəlb etmək çox resurs tələb edəcək, çətin olacaq. Hədəfiniz iqtidardan narazı olub, sizə dəstək verməkdə tərəddüd edənlər olmalıdır. Birinci və ikinci qrupa da sərf olunan resurslar qərarsızlar qrupuna yönəlməldir.
Etimad qazanın. Hər bir narazı Kovatia vətəndaşı bütün parametrlərə görə iqtidardan daha üstün olduğunuza tam inanmalıdır. İqtidar daxilində eyni şəxslərin uzun müddət eyni vəzifədə qalmasını tənqid edirsinizsə, öz daxilinizdəki demokratik dəyişikliyi nümayiş etdirin. İnsanlar hər zaman dəyişikliyə skeptik yanaşır, müqavimət göstərir. Sizin partiya daxilində, partiyalararası münasibətdəki göstərdiyiniz professionallıq, şəffaflıq və sağlam yanaşmanın verdiyi əminlik qeyri-müəyyənlik qorxusundan üstün olmalıdır.
Ritorika dəyişməlidir. Kovatia iqtidarının “pis” olduğunu deməyiniz hələ sizi xalqın gözündə “yaxşı” etmir. Çıxışların əksər hissəsini qarşı tərəfin nöqsanları üzərində qurmaq lazım deyil. Kovatia xalqı ən az sizin qədər bu nöqsanları görür, hiss edir. Daha çox hansı yanaşmalarınızla Kovatia iqtidarından üstün olduğunuzu insanlara çatdırın. Kovatia insanlarını inandırmalısınız ki, sizə dəstək vermək onların öz marağındadır.
Alovlu çıxışları mövqe sənədləri ilə əvəz edin. Sıralarınızda alovlu çıxışlar edənləri mövqe sənədləri hazırlayan şəxslər əvəz etməlidir. Cəsarətlə, ucadan demokratik dəyişiklik istəməyiniz hələ bu dəyişiklikləri idarə edə biləcəyinizdən xəbər vermir. Bir çox məsələdə suallara açıq cavablar olmalı, kölgə kabineti və alternativ siyasi kurs müəyyənləşməlidir. Fəallarınız “hakimiyyətə bir ay sonra gəlsəniz, xarici işlər naziriniz kim olacaq” sualına 2-3 dəqiqəlik tərəddüddən sonra heç bir diplomatiya təcrübəsi olmayan şəxslərin adlarını sadalamaq əvəzində bütün sahələrdə daha peşəkar komandanızın olduğunu sübut etməlidir. Gənclər, sahibkarlar, ziyalılar, dindarlar, incəsənət adamlarına Kovatia iqtidarından artıq və fərqli nə təklif edirsiniz? Kovatia öz gələcəyini Avropa İttifaqında görürmü?
Beynəlxalq tərəfdaşları küsdürməyin, yaxınlaşdırın. Kovatiada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrini, diplomatları, böyük dövlətləri fəaliyyətsizlikdə, cəsarətsizlikdə, Kovatia iqtidarına satılmaqda ittiham edib emosiyalarınızı boşaltmaq onları sizdən daha da uzaqlaşdırır. Demokratik islahatlar onların strateji maraqlarına cavab verir. Hətta ehtiyatlı davranan, öz üzərinə düşən işi görməyənləri uzaqlaşdırmayın, onları anlamağa çalışın və yaxınlaşdırın. Tarazlığı dəyişmək üçün onların sizə olan ehtiyacından çox sizin onlara ehtiyacınız var.
Şəxsləri yox, siyasəti tənqid edin. Kovatia xalqını narahat edən milli məsələlərdə dövlət maraqlarının qorunmasında Kovatia iqtidarının nümayiş etdirdiyi prinsipial mövqe, yaxud beynəlxalq uğur varsa, bunları təqdir edin. Milli bayramlar, yaxud matəm günlərində, ölkənin ağır zamanlarında eyni mövqedən çıxış etməkdən, qarşı tərəfə əl uzatmaqdan çəkinməyin. Məhz bununla cəmiyyətə göstərə bilərsiniz ki, hədəfiniz qərəzli olaraq şəxslərin özlərinin yox, haqlı olaraq onların tutduqları siyasəti, davranışları və sistemləridir. Bunu etmək üçün sizdən daha çox cəsarət tələb oluna bilər. Çünki qeyri-populyar, ictimai rəyə yad olan, amma düzgün addımı atmaq və ictimai rəyi dəyişmək populyar, amma səmərəsiz addımı atmaqdan daha çətindir.
Qeyd: Kovatia ABŞ-ın Beynəlxalq Respublikaçılar və Milli Demokratiya institutlarının Avropa və Avrasiya Gənc Siyasi Liderlər Şəbəkəsi üçün 2008-ci ilin yayında İstanbulda təşkil etdiyi prezident seçkisi simulyası zamanı istifadə edilmiş bir xəyali dövlət adıdır. Simulyasiyada istifadə edilmiş statistik göstəricilər, sorğu nəticələri, siyasi partiyalar, coğrafi mövqe, etnik və dini tərkib və digər məlumatlar tamami ilə xəyal məhsuludur.