Müxalifətin hakimiyyət qarşısında tələbi açıqlandı - Mətn

muxalifetin-hakimiyyet-qarsisinda-telebi-aciqlandi-metn
Oxunma sayı: 691

Xalq köklü islahatlar tələb edir!

Mitinq iştirakçıları İctimai palatanın 26 fevral tarixli Bəyanatı, 2 aprel və 17 aprel mitinqlərinin qətnamələri, İctimai Palatanın 4-cü (9 aprel) sessiyasının “İctimai siyasi vəziyyət və demokratik qüvvələrin vəzifələri haqqında” qətnaməsinin müddəa və tələblərini və İctimai Palatanın 6-cı (27 may) sessiyasının qərarlarını müdafiə etdiklərini bildirərək, o cümlədən:

- Ölkədə real siyasi, sosial, iqtisadi islahatlar aparılması, növbədənkənar parlament seçkiləri keçirilməsi, Yeni Konstitusiya hazırlanması, proporsional seçki sisteminin bərpa olunması, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğv edilməsini zəruri sayaraq,

- Korrupsiyaya qarşı mübarizənin təminatı olaraq nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilməsini, təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmalarının qadağan edilməsini məqsədəuyğun hesab edərək,

- Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılmasını, bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədlərinin iki dəfə artırılmasını, ana və uşaqların sosial imtiyazlarının bərpa edilməsinin, kredit borcları və digər borcların ödənməsi möhlətlərinin artırılmasını, SSRİ dövrü əmanətlərinin qaytarılmasını və sosial ədalətin təmin olunması naminə digər təcili tədbirlərin həyata keçirilməsini irəli sürərək
tələb edirlər:

1) 2 aprel aksiyası zamanı mitinq iştirakçılarının gözyaşardıcı qaz, dəyənəklərdən istifadə olunmaqla zorakılığa məruz qalmaları, xüsusi ilə saxlandıqdan sonra qandallanaraq nəqliyyat vasitələrində, polis idarələrində və təcridxanalarında döyülməsi və işgəncəyə məruz qalmaları qətiyyətlə pislənsin, bu halların təşkilatçı və icraçılarının aşkarlanması və məsuliyyətə cəlb edilmələri tələb olunsun. 2 aprel aksiyası ilə əlaqədar həbs olunmuş və artıq “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş Arif Hacılı, Tural Abbaslı, Məcid Məmmədli, Şahin Həsənli, Əhəd Məmmədli, Vidadi İskəndərli və digər şəxslər dərhal azad olunsunlar.

2) Köklü islahatlar və demokratik dəyişikliklər şüarı ilə kütləvi dinc etiraz aksiyaları davam etdirilsin.

3) Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna müvafiq olaraq ölkədə vətəndaşların dinc kütləvi tədbirlərinə şərait yaradılsın.

4) Mitinq və aksiyalar zamanı hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeydsiz-şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar zor işlətsə, saldırsa belə qarşılığında zora və saldırıya yol verilməsin.