“Nabucco”nun dəfn prosesi - Analiz

nabucconun-defn-prosesi-analiz
Oxunma sayı: 659

“REGİON” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev BP şirkətinin də Transanadolu boru xətti konsorsiumunda yer alması mümkünlüyü barədə analizlərini bölüşüb. “Qafqazinfo” həmin şərhi təqdim edir: “Keçən ilin dekabrın 26-da Ankarada Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan təbii qazını “Şahdəniz–2” layihəsi çərçivəsində Türkiyə və Avropaya nəql edəcək Transanadolu boru xətti konsorsiumuna dair saziş imzaladıqdan sonra “Nabucco”nun dəfn edilməsi ilə bağlı mülahizələr ortaya atıldı.

Məncə, buna səbəb “Nabucco”nun uzun müddət müzakirə predmeti olması və onunla bağlı konkret qərar qəbul edilməməsi oldu. Çünki, layihə çox bahalı idi və onun doldurulması ilə bağlı da ortada konkret sazişlər yox idi. Bundan əndişələnən Azərbaycan “Şahdəniz-2” yatağından çıxarılacaq qazın bazarını müəyyən etmək və tezliklə məsələyə nöqtə qoymaq istədi. Digər tərəfdən isə “Nabucco” boru kəmərinin maliyyələşdirilməsində Azərbaycanın kifayət qədər vəsait qoyması da müzakirə mövzusu idi. Bu isə, Azərbaycana sərf edən variant deyildi. Türkiyə də “Nabucco”nun ilkin variantında həyata keçirilməsi zamanı Transanadolu boru xətti ilə müqayisədə ciddi dividendlər qazanmayacaqdı”.

Analitik Mərkəzin rəhbəri qeyd edir ki “Transanadolu boru xətti ilə bağlı yaradılan konsorsium sazişindən sonra Azərbaycanın qaz ixracatı üzrə yeni düzən yaranıb. Vaxtilə Azərbaycan öz qazını Avropaya ixrac etmək üçün Avropa Birliyi və ABŞ-ın strategiyasına uyğun hərəkət edirdisə, artıq indi həmin dövlətlər Türkiyə və Azərbaycanın yaratdığı reallıqlara uyğunlaşmaq məcburiyyətində qalıblar. Bu perspektivdən çıxış edərək Avropa Birliyi “Nabucco”nu Transanadolu boru xəttinə uyğunlaşdırmalı olacaq. Əgər Nabucco şərqi Türkiyədən Avstriyaya uzanmalı idisə, yeni kəmər Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarteninə kimi uzanacaq. Bununla da “Nabucco” iki dəfə qısaldılacaq. Yəni əgər əvvəllər kəmərin uzunluğu 3900 km idisə, indi 1200 km olacaq. Avropa Birliyi dövlətlərinin “Nabucco”nu Transanadolu boru xəttinə uyğunlaşdırmaq istəyi Britaniyada dərc edilən “Financial Times” qəzetində də ciddi təhlil edilib”.

Ekspertin fikrincə “Transanadolu boru xətti üzrə saziş imzalandan sonra Azərbaycana təzyiqlərin artacağı bəlli idi. Çünki, Transanadolu konsorsiumunda ARDNŞ şirkəti 80 faiz, Türkiyə Petrolları Anonim Şirkəti (TPAO) və BOTAŞ isə 20 faiz paya sahibdirlər. Azərbaycan 80% payını paylaşmalı olacaq ki, Avropa Birliyinin təzyiqlərindən bir az yaxa qurtara bilsin. Elə buna görə də The Financial Times (FT) qəzetində artıq Azərbaycanın öz payını BP ilə bölüşməsi barədə fikir səsləndirilib. BP-nin "Şahdəniz" üzrə vitse-prezidenti Alister Kuk FT-yə müsahibəsində layihəni "irəliyə doğru böyük addım" adlandırıb. Onun sözlərinə görə, “sonradan böyüdülməsi mümkün olan kiçik boru daha məqsədəuyğundur. BP Azərbaycan hökumətindən Transanadolu konsorsiumuna qoşulmaq üçün birbaşa təklif alıb”. Bu o deməkdir ki, artıq proses başlayıb və ola bilsin ki, bir sıra digər dövlətlər də bu layihədə Azərbaycanın payından qismən almağa nail olsunlar”.

Razi Nurullayevin sözlərinə görə “Rusiya və İran da ortaya iddia qoyacaqlar. Bunu gözləməyə dəyər. Rusiyanın Azərbaycana təzyiqi daha böyük ola və sonunda Azərbaycan güzəştlərə də gedə bilər”. İstənilən halda, Transanadolu boru xəttinin “Nabucco” layihəsinin qısa variantı kimi qələmə verilməsi, Azərbaycan və Türkiyənin yaratdığı yenə reallıqlara uzlaşdırılması prosesi başlayıb və sonunda bu layihənin Avropa Birliyinin enerji siyasəti ilə uzlaşdırılması prosesi Azərbaycan tərəfindən də yerinə yetirilməlidir. Əks halda, Azərbaycan Avropa Birliyinin və ABŞ-ın artan təzyiqi qarşısında duruş gətirə bilməyəcək. Çünki, Rusiya və İranın da ölkəmizə təzyiqini nəzərə alsaq, ən məqbul variantın Avropalılarla razılaşdırılması olacaqdır”.