Nalbandyan düz danışır

<b>Nalbandyan düz danışır</b>
Oxunma sayı: 327

Qısa bir xatırlatma

Soçi görüşündən Kazan görüşünə qədər olan müddətdə Azərbaycandan bir Ərəb siklonu keçdi. Yəni Ərəb ölkələrində baş verən inqilabları ruhlandıranların Azərbaycanda da havanı tərpətmək istəyi aydınca göründü. Amma rəsmi Bakı Azərbaycandakı “yel dəyirmanlarının” “demokratiya” “unu” üyütmək qabiliyyətinin tükəndiyini yaxşı bilir.
Ərəb küləyinin səngidiyi bir vaxtda ATƏT-in Minsk Qrupunda həmsədr olan dövlətlərin prezidentləri Dovil bəyanatını imzaladılar. Bu bəyanatda tərəflərə verilən tövsiyələrdən biri də “hərbi ritorikanın azaldılması” idi.
Amma başı üzərindən Ərəb küləyi əsən rəsmi Bakı hərbi ritorikanı azaltmaq əvəzinə hərbi parad keçirmək qərarını verdi.
Kazan görüşündən əvvəl xarici işlər nazirləri bir araya gəldi və vasitəçilərin tərəflərə tövsiyə etdiyi sənədlə tanış oldu.
Bu məqamda söhbətin hansı sənəddən getdiyinə aydınlıq gətirmək istərdim. Amma diplomatik mənbələrdən əldə olunan informasiyalardan aydın olur ki, ortada yeni bir sənəd var. Bu “Madrid” və “Yeniləşmiş Madrid prinsiplərindən” fərqli bir sənəddir.
Görüşə hazırlaşan prezidentlərə ABŞ-dan zəng gəldi. Barak Obama hər iki prezidentə sülhə hazır olmaq tövsiyəsini verdi. Sözsüz ki. Kazan görüşünə qədər bu tövsiyənin arxasında nə dayandığını söyləmək çətin idi. Demək olar ki, eyni vaxtda Fransa prezidenti Nikola Sarkozi Serj Sarkisyana məktub göndərdi. Məktubun mahiyyətini Azərbaycanın populizmdən əziyyət çəkən bəzi KİV-ləri öz istədikləri kimi yozdu. Amma əslində Sarkozi Sarkisyana həmrəylik nümayiş etdirirdi.
Beləliklə, Kazan görüşü baş tutdu. Amma Kazan sazişi imzalanmadı.
Görüşdən sonra ilk açıqlama Ermənistanın, ikinci isə Azərbaycanın xarici işlər nazirindən gəldi.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasından: “Azərbaycan tərəfi ona yaxın dəyişiklik təklif etdi ki, bu da Kazan görüşünün həlledici olmamasına gətirib çıxardı”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aşıqlamasından: “Ermənistan tərəfi Azərbaycandan maksimum güzəştlər tələb etməklə yeddi il əvvəl başlanmış danışıqlar prosesinin mahiyyətinə xələl gətirməyə çalışır”.
Elə məsələnin mahiyyəti də bu bəyanatlarda açıldı.
Azərbaycanda heç kəs cürət eləmədi ki, Edvard Nalbandyanın bəyanatında səslənən fikirlərin düz olduğunu söyləsin.
Bəli, Edvard Nalbanyan həqiqəti deyirdi. Bəli, Kazan görüşündə, xarici işlər nazirlərinə Moskvada təqdim olunan sənədə məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlavələr etmək istəyib. Bu əlavələr qəbul olunmadığı üçün o imzadan imtina edib. Beləliklə də Kazan görüşü nəticəsiz başa çatıb.
Bu deyilənlərin təsdiqini Elmar Məmmədyarovun bəyanatında da tapmaq olar. O birbaşa bildirib ki, ermənilər həddən artıq güzəşt tələb etdiyinə görə, Azərbaycan tərəfi sənədi imzalamaqdan imtina edib. İndi isə Nalbandiyan və Məmmədyarovun bəyanatlarındakı fərq barədə.

Nalbandyan bildirir ki, İlham Əliyev sənədə müəyyən əlavələr etmək istəyib. Bəli, bunu Azərbaycan tərəfi istəyib. Deməli, Nalbangdayan həqiqəti deyir.
Məmmədyarov isə bildirir ki, Ermənistan həddən artıq güzəştlər tələb edir. Bax burda Məmmədyarov diplomatik yalan danışmağa məcbur olub. Güzəştləri tək Ermənistan yox, həm də VASİTƏÇİLƏR tələb edib.

Məhz bunun nəticəsi idi ki, rəsmi Bakının tapşırıqlarını yerinə yetirən politoloq Mübariz Əhmədoğlu əsəbi bir bəyanat verdi: “Dağlıq Qarabağı ATƏT-in Minsk Qrupu işğal edib”. Bu bəyanatdakı həqiqətin 50 faizdən az olmadığı ilə tam razıyam. Amma söhbətimizin mövzusu başqadır.

Bəli, Kazan danışıqlarını məhz Azərbaycan Prezidenti İlham Əliyev pozdu. Sənədə imza atmamaqla. Çünki bu sənəd Azərbaycanın maraqlarına cavab vermirdi. Burada belə bir sual meydana çıxır: Bəs Rusiya bu danışıqlarda niyə nüfuzunu zərbə altıda qoydu?
Əlbəttə, Rusiyanın vasitəçilik imici zərbə aldı. Bu məsələdə rəsmi Bakının diplomatik manevrləri xüsusi diqqət çəkir. Məlum məsələdir ki, “Ərəb küləyi” Rusiya üçün arzuolunmaz siyasi klimat yaradır. Azərbaycan diplomatiyası Rusiyanı Qərbin “Ərəb küləyi” adlı şantajına qarşı qoya bildi.

Heydər Əliyevin prezidentliyi dövründə də Qərb Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycan və Ermənistanı tamamən öz təsir dairəsinə salmaq istəyib. Bu isə Rusiya üçün Cənubi Qafqazın tam itirilməsi demək olardı. Amma bu məsələdə Ermənistanın maksimalist mövqeyi nəticəsiz bir sonluğa gətirib çıxarıb. Çünki rəsmi İrəvan yaxşı bilir ki, Qarabağ məsələsini öz xeyrinə tam həll etməmiş Rusiyadan üz döndərmək onun üçün ölümə bərabərdir. Rusiyadan tam qopmaq üçün Ermənistan Qarabağ məsələsini mütləq öz xeyrinə həll etməlidir. Buna görə də Qafqazı itirmək istəməyən Rusiya vasitəçilik imicini strateji maraqlarına qurban verdi.

Deməli, situasiya aydındır. Vasitəçilər Azərbaycandan güzəştlər tələb edir. Rusiya isə Qafqazı itirməmək üçün Minsk Qrupundakı həmkarlarından fərqli olaraq rəsmi Bakıya güzəşt edir. Bəs sonra?
Əlbəttə, bu suala cavab vermək çox çətindir.
Ortada beynəlxalq hüquqa söykənən bir çox sənədlər var. BMT Təhlükəsizlik Şurasının qətnamələri və sairə. Amma Azərbaycanın problemi ancaq sülh yolu ilə həll edəcəyini imzası ilə təsdiq etdiyi sənədlər də var. Və üstəgəl sonuncu, Dovil bəyanatında super-güclərin nəinki hərbi əməliyyatlardan, hətta hərbi ritorikadan da imtina etmək tövsiyəsi.
Belə bir şəraitdə rəsmi Bakı Kazan görüşündən sonra parad keçirməklə sanki “qasırğa xəbərdarlığı” (http://qafqazinfo.az/news.php?id=609) etdi.

İlham Əliyevin paradda “müharibə bitməyib”, “silah və texnikaların alınması davam etdiriləcək”, “müharibə şəraitində yaşayan ölkə ilk növbədə, ordu quruculuğuna diqqət yetirməlidir” və bu kimi ifadələri əslində danışıqların dalana dirənməsi barədə bir xəbərdarlıq idi. Və bu xəbərdarlıq həm Azərbaycan və erməni xalqlarına, həm də vasitəçilərə ünvanlanmışdı.

Əlbəttə, Azərbaycanda hərbi sahədə uğurlar var. Amma müəyyən qüsurlar da var. Başqa söhbətin mövzusu olsa da demək lazımdır ki, bu gün Azərbaycan hərbçisinin müəyyən problemləri var. Ancaq bütün bu problemlərə baxmayaraq Azərbaycan əsgəri və Azərbaycan zabiti (generalların problemi olmur - A.Q.) dərk edir ki, onun yerinə yetirəcəyi ən vacib tapşırıq Qarabağı azad etməkdir. Azərbaycan əsgəri və zabiti mövcud problemlərə baxmayaraq bu tapşırığı yerinə yetirməyə hazırdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi