Namaz qılmaq üçün arayış lazımdır! - Azərbaycanda

namaz-qilmaq-ucun-arayis-lazimdir-azerbaycanda
Oxunma sayı: 683

Birlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, 14 saylı cəzaçəkmə müəssisində namaz qılmaq istəyən məhbuslardan arayış tələb olunur. Birliyin rəhbəri İradə Cavadovanın sözlərinə görə, məhbuslardan tələb olunur ki, yaşadıqları yerin məscidindən dindar olduqlarına dair arayış təqdim etsinlər: “Bəzi məhbuslar bu absurd arayışı ala biliblər. Lakin, eləsi var ki, həbsə düşdükdən sonra namaz qılmağa başlayıb, bəs onlar necə arayış alsın?”.
İradə Cavadova onu da vurğulayıb ki, hətta arayış gətirən dindarlar belə buradakı vəziyyətdən narazıdır. Onların sözlərinə görə arayış aldıqları halda belə onların namaz qılmağına şərait yaradılmır.
Faktla bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqovla əlaqə saxladıq. Mehman Sadıqov belə bir faktın qətiyyən ola bilməyəcəyini dedi və bildirdi ki, qanunvericiliyə uyğun olaraq bütün cəzaçəkmə müəssisələrində ibadət otaqları var: “Biz Ramazan ayında da oruc tutan məhbuslar üçün, onların imsakı və iftarı üçün bütün şəraiti yaratmışdıq. Bir sözlə məhbusların dini ayinləri icra etməsi üçün bütün şərait yaradılır”.

Fatimə Kərimli