Nar Mobile problemini həll etdi

nar-mobile-problemini-hell-etdi-
Oxunma sayı: 660

Nar Mobile ötən gün şəbəkəsində baş vermiş qəza nəticəsində yaranan texniki problemləri tamamilə həll edib. Şirkət öz abunəçilərinə, bütün çətinlik və problemlərə baxmayaraq nümayiş etdirdikləri anlayışa görə dərin minnətdarlığını bildirib.
Azerfon şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə Nar Mobile-ın işçi heyəti bütün gecə hadisə yerində çalışıb və qəzanın nəticələri tam olaraq aradan qaldırılıb. Hazırda dayanıqlı mobil rabitə tam təmin olunub.
“Hər zaman öz abunəçilərinə keyfiyyətli xidmət göstərən Nar Mobile ötən gün şəbəkəsində baş vermiş gözlənilməz qəza nəticəsində texniki problemlə qarşılaşıb. Qəza nəticəsində şəbəkəmizdə kəsintilər baş verib və problemlər yaşanıb. Qəzanın nəticələrini aradan qaldırmaq üçün peşəkar işçi heyətimiz dərhal işə müdaxilə edib və abunəçilərimiz KİV-lər vasitəsi ilə xəbərdar edilib. Baş vermiş qəza ilə əlaqədar olaraq, ilk öncə Nar Mobile abunəçilərinə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, yaranmış problemlərə baxmayaraq, çətin anda belə bizə sadiq qalaraq, dözümlülük nümayiş etdirdilər. Abunəçilərimizin dəstəyini dəyərləndirərək, yaşanmış narahatçılığın qarşılığında öz tərəfimizdən maraqlı təkliflər hazırlamışıq” – deyə Azerfon şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.
Nar Mobile abunəçilərini sevindirmək üçün, hər bir abunəçisinin son 1 ay ərzində istifadə etdiyi ölkədaxili 1 günlük ortalama danışıq vaxtını balansına hədiyyə olaraq yükləyəcək. Bu balansı abunəçi 1 həftə ərzində istifadə edə biləcək.
Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Nigar