“Naxçıvan “köçkünüyəm”” – Seirlər

naxcivan-kockunuyem-seirler
Oxunma sayı: 846


Nə susubsan qoca dünya.

Ərəbin halına yandın, nə gözəl, biz də varıq.
Qəhr edir Türkü Yezid zülmü ərəbdən də betər.
Eşidilmir səsin, ağzın quruyub, bizmi karıq?
Bu qədər duyğusuz olmaq yaramaz. BƏSDİ, YETƏR!

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!
Qana qəltan olunan Urmunu gör, Təbrizə bax!

***

Ərəbin haqqı çatır fikrini izhar eləyə
Yox bu cür məndə hüquq, dağ basılıbdır dilimə!
Elimin çəkdiyi ah azca qalır ərşə dəyə,
Su verilmir, susayıb, təşnəyə dönmüş gölümə!

Din adından danışıb qan axıdan dinsizə bax!
Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

***

Suyu göldən ayırıb səhraya döndərdi yağı
Yezidin ağlına gəlməzdi bu cür qanlı fikir?
Quruyur Urmunun odlarda yanan dil dodağı
Göl də dözmürsə müsibətlərə, millət nə çəkir?!

Hardasan, torpağımın üstə çıxıb qan dizə, bax!
Nə susubsan, qoca dünya?! Gözünü aç, bizə bax!

***

Tanrı əlvan yaradıb aləmi, öz təqdiridir.
Hər yemin öz dadı, hər bir quşun öz nəğməsi var.
Türkçəmin varlığı suçdursa, kimin təqsiridir?
Bəli, əlbəttə, bu məntiqdə küfür nöqtəsi var.

Haqqa meydan oxuyan məntiqə sığmaz sözə bax!
Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

***

Eşit artıq bizi, Tehran! Ucalır ərşə bu səs,
Toplanıb qəsrini viran edəcək qəlbdəki kin!
Qalmayıb sənlə bərabərliyə Türklərdə həvəs!
Dilə qandalmı vururlar, bumu İslam, bumu din?!

Bizə din öyrədən üzsüzdəki sən bir üzə bax!
Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

***

Naxçıvan “köçkünüyəm”


Baxma belə susqunam,
Dağlayır söz içimi.
Çölüm çölü yandırır,
İçimsə öz içimi.

Ürək çuval deyil ki,
Ağzın açam, söz deyəm
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”!

Sanmayın, bu, qapımın
Paslanan kilididir.
Pas, onun gözləməkdən
Saralan ümididir.

Nolar, kilid olanda,
Onun ruhu yox, bəyəm?
Heç kimin görmədiyi
Naxçıvan “köçkünuyəm”!

Şah məni eldən sayır,
El məni şahdan sayır.
Xan məni öz mülkünə
Göz tikən şeytan sayır

Qalmışam ortalıqda,
Yox sahibim, yox yiyəm!
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”!

Səpələndim ətrafa,
Kölə oldum, qul oldum.
Qürbətin yollarında
Başmaq dəldim, yoruldum.

Bir nəfəs dinclik üçün
Gərək, min yol baş əyəm.
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm.

Diplomumun həsrətdən
Sifəti saralıbdır
Üz gözünü mənim tək
Toz qoynuna alıbdır.

Halımı görməyənlər
Sanır ağayam, bəyəm
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Dilimin ucbatından
Olmuşam dil qaçqını.
Mənim halım çətindir,
Nədir ki, el qaçqını?

O üzdən dərdli-dərdli
Durmadan ötən neyəm.
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Millət yatır zənn edir
Belimdəki yağırı.
Halbuki mənə düşdü
Dərdlərin ən ağırı

Kimdənsə küsməmişəm
Taleyin küskünüyəm.
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

Dərdlər yeyib içimi
Bir sümük, dərim qalıb.
Hirslə dolmuş bardağam
Bir damla yerim qalıb.

Gərək daşam, biləsiz,
Mən nəçiyəm, mən nəyəm?
Heç kimin görmədiyi
Naxçıvan “köçkünüyəm”.

***


Artıq inanmağım gəlir nağıla


Elə şeylər olur bəzən dünyada,
İnanmaq çətindir, dünya dağıla.
Çarəsiz nağıllar düşürlər yada,
Başıma gələnlər sığmırsa ağla ,
Artıq inanmağım gəlir nağıla.

Divlər bir ananı söyüb döyəndə,
Oğulsa baş divə "sağ ol" deyəndə,
Ölkəmdə birisi ayı yeyəndə,
“Bərəkallah”- deyib belə oğula
Artıq inanmağım gəlir nağıla.

Bir divin əlində milyonlar əsir,
Çırtdanlar qorxudan titrəyib əsir.
Təkcə göydən düşən üç alma kəsir,
İndi nağılçı da dönüb paxıla.
Artıq inanmağım gəlir nağıla.

Danışan dilləri daş edib Simnar,
Kirpiyi düzəldib qaş edib Simnar,
Qurdları quzuya baş edib Simnar,
Quzunun həddi nə, üzə ağ ola.
Artıq inanmağım gəlir nağıla.

Kasıbın dərdləri dönübdür dağa,
Dözür hər atəşə, dözür hər dağa.
Müxalif də ağa, rəhbər də ağa-
Bilmirik, inəklər necə sağıla?
Artıq inanmağım gəlir nağıla

Lider bir dövlətdən cənnət torpağı
İşğal eyləyibdir dılğır bir yağı.
Necə ki, qarışqa atır şıllağı,
Az qalır dəvələr yerə yıxıla.
Artıq inanmağım gəlir nağıla.

Qaraca çobandı rəhmətlik Xanış.
O qoyun, o quzu, o nağıl tanış.
Can nənə, gəl, sən də bir nağıl danış,
Qıyma ki, Heydərin könlü sıxıla.
Artıq inanmağım gəlir nağıla.

Oldu
(qəzəl)


Zülmiylə bütün varlığımlız dərbədər oldu,
Çox fürsəti əldən yelə verdik, hədər oldu.

Yadlar çıxarıb keyf, edər işrət varımızla,
Əfsus ki, bizim xalqa çatan qəm, kədər oldu.

Kim istədi adil düzən, özgürlüyə çatdı,
Azadlığı qəlbindəki istək qədər oldu.

Hər kim ki, ədalət dilədi dünyada şahdan,
Bədbəxtə ədalət aramaq bir qədər oldu.

Öz canını kim tutdusa üstün şərəfindən,
Bizlər kimi, dostum, o da fəryad edər oldu.

Heydər, bəşər övladına sərvətsə cavanlıq,
Məfkurəmizin uğruna qurban gedər oldu.

Oğlum

Elə bir ölkədə məskən salmışıq,
Halı ürək yaxar, qəlb dağlar, oğlum.
Namərdlər əlində girinc qalmışıq,
Namərdlər çağıdır bu çağlar, oğlum.

Mərdlər bu dünyadan binəsib gedər,
Qəbrinin üstündən yel əsib gedər.
Yaxşılar dünyadan tələsib gedər,
Pislərsə dünyada üz bağlar, oğlum

Sənə- “namərd ol” da deyə bilmirəm,
Qəlbimə dərd ol” da deyə bilmirəm,
Atayam, “mərd ol” da deyə bilmirəm,
Mərdin gözlərindən sel çağlar, oğlum.

Qəlbimdə tutuşan alov dinməyir,
Ağlasam, yaşıma odum sönməyir.
Etiraf edim mi? Dilim dönməyir.
Yalandır, demişdim, -”qız ağlar”, oğlum.

“Vətəni sev”- desəm, sevən əzilir,
Söyənlər şah olur, öyən əzilir.
Ayaqlar altında güvən əzilir.
Qəlbimi göynədir bu dağlar, oğlum.

“Yurdu sevmə” desəm, necə deyəm ki,
Yurdu sevməmək də olar bəyəm ki.
Desəm, heç bilmirəm, mən neyləyəm ki,
Deməsin- “atam da sayaqlar” oğlum.

Bu dərd ki, bağrımı didib dağıdır,
Heydərəm, dağlara çıxmaq çağıdır.
İndi qansızlara keyf oylağıdır,
İgid qanı içən bu dağlar, oğlum.