Naxçıvanda cəbhəçiyə ölümcül işgəncə verdilər

naxcivanda-cebheciye-olumcul-isgence-verdiler-
Oxunma sayı: 702

Dekabrın 26-da Naxçıvan şəhər məhkəməsinin qərarı ilə həbs olunan AXCP yerli təşkilatının fəalı Zeynal Bağırzadə ağır vəziyyətdə diaqnostika mərkəzinə yerləşdirilib. Bu barədə Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Bağırsoy məlumat verib. Y.Bağırsoy deyir ki, məhkəmənin qərarından sonra Zeynal Bağırzadə Ədliyyə Nazirliyinin Kəngərli rayonunda yerləşən Böyükdüz təcridxanasına aparılıb.
O, həmin təcridxanada qardaşına işgəncə verildiyini iddia edir: “Məndə olan məlumata görə, gətiriləndən bir gün sonra ona işgəncə verməyə başlayıblar. Dekabrın 28-də isə Naxçıvandakı diaqnostika mərkəzinə yerləşdiriblər. Hazırda reanimasiya şöbəsindədir. Həkimlər müdaxilə edib, vəziyyəti hədsiz ağırdır. Demək olar ki, ölümcül vəziyyətdədir”.
Y.Bağırsoy bildirir ki, həkimlər Zeynal Bağırzadəyə mədə xəstəliyi diaqnozu qoyublar: “Məhkəmə günü yanında olmuşam. Sağ-salamat təcridxanaya yola salmışam. Heç bir problemi yox idi. Ümumiyyətlə, Zeynal heç vaxt mədəsindən şikayət etməyib. Ona ağır işgəncə veriblər. Mədə xəstəliyi bəhanədir”.
Y.Bağırsoy yaxınlarının qardaşının yanına buraxılmadığını bildirir. Deyir ki, qardaşının həbsi və ona işgəncə verilməsi siyasi sifarişdir: “Yerli hakimiyyət dəfələrlə bizə siyasi fəaliyyətdən əl çəkməklə bağlı xəbərdarlıq vermişdi. Biz onlarla razılaşmadıq. Indi bu yolla bizdən qisas alırlar”.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Idarəsi isə hadisədən məlumatsız olduqlarını bildirib (“Azadlıq radiosu”).
Naxçıvan şəhər Diaqnostika Mərkəzindən Zeynal Bağırzadənin reanimasiyada olmasını təkzib etdilər. Mərkəzdən bildirdilər ki, Zeynal Bağırzadə xəstəxanaya gətirilib, ancaq heç bir xəstəliyi olmadığından geri qaytarılıb. Y.Bağırsoy isə deyir ki, qardaşı hələ də xəstəxanadadır və geri qaytarılmayıb:
“Qohumlarımızı xəstəxanadan uzaqlaşdırıblar. Onlar hazırda xəstəxananın həyətində gözləyirlər. Zeynalın vəziyyəti haqda məlumat ala bilmirik”.
AXCP sədrinin müavini Asəf Quliyev bildirib ki, Z.Bağırzadə yanındakı adamların birinə döyülməsi ilə bağlı ipucu verib: “Zeynal bəy onu döyənlərə deyibmiş ki, başıma vurmayın. Onsuz da qulağımın biri tutulub. Həmin adam onu da deyib ki, Zeynal bəyin üzünün rəngi sapsarı idi”.
AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Azərbaycan hakimiyyəti Naxçıvana özünün yeni avtoritar, qəddar, diktatura üsullarını həyata keçirmək üçün təcrübə laboratoriyası kimi baxır: “Naxçıvan hakimiyyəti tərəfindən yerli müxalifətə ən qeyri-insani münasibətlər tətbiq olunur. Belə şərtlər altında Naxçıvan cəbhəçiləri öz mübarizələrini aparırlar. Onlar Vasif Talıbovun Naxçıvanda bərqərar etdiyi sərt rejimə baxmayaraq ədalət uğrunda mübarizələrini davam etdirirlər. Ona görə də, rejim AXCP-nin yerli təşkilatına münasibətdə xüsusilə qəddardır. Vaxtilə cəbhənin Naxçıvan şöbəsinə rəhbərlik edən Asəf Quliyev 9 ildən artıq məhbəs həyatı yaşayıb. Ondan sonra Yaşar Bağırzadəyə qarşı çox ciddi təzyiqlər başlayıb, onun həyatına qəsd olunub. Sonra da qardaşı ilə bağlı bu cür qondarma cinayət işi açıldı. Bütün dünya ayağa qalxandan sonra Azərbaycan hakimiyyəti müvəqqəti olaraq Yaşar bəyə və Zeynal bəyə qarşı başladılan kampaniyanı dayandırmaq məcburiyyətində qaldı. Amma görəndə ki, Yaşar Bağırsoy və qardaşı mübarizələrini davam etdirirlər və beynəlxalq ictimaiyyətin də Naxçıvana diqqəti azalıb yeni bir dağla başlatdılar”.
Ə.Kərimli Z.Bağırzadəyə qarşı baş verənləri qeyri-insani hərəkət adlandırır: “Faktiki Zeynal bəyin həyatı təhlükədədir. Ona qarşı olmazın vəhşiliyi edilib, yanına vəkil buraxmırlar. Naxçıvanda tam bir gestapo rejimi yaranıb. Insan həyatına açıq-aşkar qəsd edirlər. Müxalifətçilərin həyatına real təhlükə yaradırlar. Hesab edirəm ki, bütün Azərbaycan cəmiyyəti etiraz səsini ucaltmalıdır. Azərbaycanın bütün ziyalılarına, vətəndaş cəmiyyətinə müraciət edirəm. Heç kim səssiz qalmasın. Bizim gözümüzün qabağında müxalif mövqe ifadə etdiyinə görə bir insana divan tutulur. Bu, birinci hal deyil, axırıncı da olmayacaq. Daha bir itkinin olmaması üçün baş verənləri hələlik səssiz müşahidə edən beynəlxalq qurumlar hərəkətə keçməlidirlər”.
Hüquq müdafiəçisi Leyla Yunus isə Azərbaycanda hökm sürən cəzasızlıq mühitinin nəticəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, bir müddət əvvəl Naxçıvan MTN-də işgəncə yolu ilə öldürülən Turac Zeynalova görə kimlərsə cəzalandırılsa idi, bu gün Z.Bağırzadə ilə bağlı belə hadisə baş verməzdi: “Naxçıvan hüqüq-mühafizə orqanlarında belə işəgəncə faktlarına görə hələ heç kim cəzalandırılmayıb. Buna görə də biz növbəti belə faktlarla üz-üzə qalırıq. ”Paqonlu" cinayətkarlar bilirlər ki, onlar hər şey edə bilərlər. Hesab edirlər ki, döymək, işgəncə vermək, alçaltmaq onların müxalifətçilərə, müstəqil jurnalistlərə qarşı etməli olduğu hərəkətlərdir. Nə vaxta qədər ki, qanun işləməyəcək və belə cinayətkarlar cəzasız qalacaq, o vaxta qədər də bütün Azərbaycan vətəndaşları təhlükə altında olacaq".
Zeynal Bağırzadə barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb. Dekabrın 26-da isəÿNaxçıvan şəhər Məhkəməsi Zeynal Bağırzadə haqqında 3 aylıq həbs qərarı verib.

azadliq.info