Naynaninay

naynaninay
Oxunma sayı: 850

Mən uşaqlıqdan beləyəm, melodiyaya heç önəm vermirəm. Adətən dinlədiyim musiqinin sözlərinə diqqət yetirirəm. Sözlər isə mənim üçün hər şeydir, qulağı ilə sevənlərdənəm...

Tarix boyunca yaranmış nəğmələrin sözləri haqqında düşünməmək mümkün deyil. Xalq mahnısı kimi oxunur bu gün onlar. Bir çoxlarında isə məna adlı nəsnənin m-si belə yoxdur. Kimsə mənə “istəkanın sarısı” ilə yar arasındakı bağlantını izah edə bilməz. Xaralda saralan alma da sevgi göstəricisi deyil. Və ya bağa üzümə girən oğlanın ayağına batan tikanı çıxarmaq üçün yerə əyilərkən gözünün yara sataşması qədər absurd bir şey görməmişəm. Bu yar bağda yerə sərələnmiş vəziyyətdəydimi? Şərhə ehtiyac olmayan bir xalq mahnısı da var, sözlərində yarın qoynunda iki bar olması və onların da birinin heyvaya, birinin də nara bənzədilməsidir. Yazıq qız, əməlli başlı şikəst imiş...

Bu mahnı sözlərindəki anormallıqlar məni o qədər də narahat etməzdi, əgər onları böyük sənətkarlarımız oxumasaydı. Mükəmməl səsə və ifaya malik olan istedadlı müğənni və xanəndələrimizin sözlərə diqqət yetirmədən, xalq mahnısı olduğu üçün komplekssiz şəkildə oxunmaları heç də təqdirə layiq deyil. Təkcə anonim xalq musiqiləri ilə deyil bu tip problemlər. Eyni zamanda olduqca tanınmış şəxslərim imzası olan mahnı sözləri də var ki, mübahisə doğurur. Təkcə bir örnək verəcəm. Oqtay Ağayevin məşhur ifası olan “Qaytar eşqimi” mahnısı məndə hər zaman gülüş doğurub. Özünü istəmirəm, sən gəlmə, amma eşqimi, ömrümü, sənli günlərimi geri istəyirəm deyə bağıran şair heç cürə anlatmır bu necə olacaq. Özü gəlmədən onunla keçən ömrü bu köpəkqızı nətər qaytaracaq??? Bu tip sözləri mükəmməl bir şeymiş kimi ifa etmək hansı məntiqə sığır görəsən?

Bir yandan da bəzi mahnılar üçün bəhanələr tapılmağa başlayıb. Məsələn: guya ki, İrəvanda xal qalmadı xalq havası məlum olaylar dönəmində yazılıb və bu zaman “xan” demək istənilib, amma xal deyilib. Tutalım ki, mən sadəlöhvcəsinə inandım. Yaxşı onda yar üzünə İrəvan xanlarınımı düzdürürdü? Əlbəttə ki, məntiqsizdir. İkinci belə bir psevdomənalandırma Şuşanın dağları mahnısı ilə aparılır. Burda da guya cümhuriyyət dönəminin bayrağı təsvir olunub. Bağı dumanlı – mavi, qırmızı koftalı – qırmızı, Yaşıl tumanlı deyərkən də yaşıl rəng nəzərdə tutulur. Öncəliklə bildirim ki, o dönəm bayrağımızda ilk yaşıl, sonda isə mavi rəng vardı. Həm sonrakı misralarda qaş-göz təsviri yer alıb, hər halda bunun bayrağa heç bir dəxli yoxdur...
Bir yandan da düşünürəm ki, guya bu gün yaradılanlar çoxmu məntiqli olacaq? Bir anlıq düşünək ki, iki-üç əsr sonraya gedib çıxmışıq. Bu gün yazılan bir musiqi o zamanın korifey sənətkarlarının ifasında səslənir. Sizcə bu hansı mahnı ola bilər?
Sumqayıtda bir abidə var, bu Azərbaycan tarixində ilk və tək abidədir ki, bir musiqiyə həsr olunub, onu simvollaşdırıb. Bu isə “Ay qız keçmə bizim məhlədən” naynaninayıdır (üzr istəyirəm, lakin buna mahnı və ya nəğmə deyə bilməyəcəm). Əgər bu abidə orada qalmaqda davam edərsə, hər halda gələcəyin korifeyləri üçün bu naynaninay ən maraqlı, ən məşhur və ən çox sevilərək oxunan bir nəsnə olacaq. Əvvəlinə, sonuna bir iki ağız muğam da əlavə etsələr, olacaq tamam!

PS. Bir xalq mahnımız da var ki, mənə görə o, Demokratiyanın təntənəsidir. Gəlmiş-geçmiş xalq mahnıları içərisində dinlədiyim ən azad sözlərə malikdir. Burada ilk dəfə qadına azadlıq verilir: “...Yar yaxasın düymələsin, düymələmir, özü bilsin...”!!!