Nazir kollegiya iclasında tapşırıqlar verdi

nazir-kollegiya-iclasinda-tapsiriqlar-verdi-
Oxunma sayı: 676

RİTN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hesabat dövründə ölkənin İKT sektorunda müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Kollegiya iclasında bildirilib ki, son 9 ayda informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,2% artaraq 1068,3 milyon təşkil edib, ötən illə müqayisədə artım tempi İKT sektorunda 17,8%, o cümlədən telekommunikasiya sektorunda 19,2%, İT sektorunda 3,8%, poçt sektorunda 14,2, informasiya sektorunda isə 42,3% təşkil edib. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, kompüterlərin sayı 20.0 ədəd, internet istifadəçilərinin sayı 65, genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan artıqdır, həmçinin, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

Kollegiyaya yekun vuran nazir ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı tapşırıqlar verib.

Bundan əlavə, kollegiyada hər il ənənəvi olaraq keçirilən “Bakutel” informasiya- kommunikasiya texnologiyaları sərgi-konfransı və Bakıda ilk dəfə olaraq BMT-nin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan İnternet İdarəçilik Forumuna hazırlıq işləri müzakirə olunub, hər iki beynəlxalq tədbirin yüksək səviyyədə təşkili üçün müvafiq göstəriş verilib.

Nigar Məmmədli