Nazir prezidentə qızıllardan danışdı

nazir-prezidente-qizillardan-danisdi
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, bunu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin dünən keçirilən iclasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Nazir əlavə edib ki, son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb: “Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanıb və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb. Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilib və yataq aşkarlanıb. Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparılır”.

H. Bağırovun sözlərinə görə, Bakı və onun ətrafında 4 milyondan artıq ağac əkilib: “Artıq Hövsan ətrafında əvvəlki illərdə salınmış 200 hektar zeytun üstünlük təşkil edən qarışıq əkinlərə əlavə olaraq 300 hektar ərazidə zeytun massivləri salınıb və 97-98 faiz bitiş təmin olunub. Hazırda həmin ərazilərdə və eyni zamanda Bakı-Quba magistral avtomobil yolunun Zeynalabdin Tağıyev–Zabrat qəsəbələrarası ərazidə 350 hektarda, Bakı-Şamaxı magistral avtomobil yolunun Müşfiqabad qəsəbəsi–Çaylı kəndarası ərazidə 223 hektar, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsində 450 hektar, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 250 hektar sahədə kompyuter ilə idarəetmə sisteminə malik ən müasir damcılı suvarma sistemlərinin quraşdırılması üçün avadanlığın Azərbaycana gətirilməsi prosesi sürətlə gedir. Nəticədə 160 kilometrdən çox yol boyu əraziləri əhatə edən bir şəbəkə yaradılacaq.
Sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında 60 hektar ərazidə quraqlığa davamlı və estetik görkəmə malik 156 min ağac və kol əkilib, bütün bu ərazidə xüsusi texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii yaşıl örtük yaradılır. Ağaclar üçün müasir damcılı, ot üçün isə səpilən suvarma sistemlərinin quraşdırılması tamamlanmaq üzrədir. Bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək, sürüşməyə təsir etməməsi üçün vacibdir”.

Nazir onu da vurğulayıb ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan layihə çərçivəsində zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihə davam etdirilir: “Artıq avadanlığın 90 faizi gətirilib və quraşdırılır, saniyədə 230 litr içməli su istehsal etmək infrastrukturuna malik müəssisə inşa edilir. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulub. Ehtiyac artdıqca zavodun istehsal imkanları 3 ay ərzində çox kiçik maliyyə sərfi hesabına layihə gücünə çatdırıla bilər”.

Nigar Məmmədli