Nazirin sığorta bazarı

nazirin-sigorta-bazari
Oxunma sayı: 659

Mənbə bildirir ki, S.Şərifovun birbaşa rəhbərliyi ilə yaradılan “Azsığorta” ASC sığorta şirkətləri arasında ən gənc olsa da, qısa müddət ərzində bazarda (bazarda 17 sığorta şirkəti fəaliyyət göstərir) ön sıralara çıxıb. Dövlət qeydiyyatından keçən onlara sığorta şirkətinin lisenziya üçün müraciətinə reaksiya verilmədiyi halda, “Azsığorta” 2008-ci ilin oktyabrın 11-də dövlət qeydiyyatından keçib. Cəmi 1 sonra - 22 noyabrda peşəkar fəaliyyət üçün Maliyyə Nazirliyindən lisenziya alıb və nazirin sığorta bazarına qeyri-rəsmi müdaxiləsindən sonra bazarda xüsusi çəkiyə sahib çıxıb.
Hazırda şirkət sığorta bazarında ən böyük şəbəkəyə sahibdir - ASC-nin 7 bölgədə - Sumqayıtda, Gəncədə, Yevlaxda, Lənkəranda, Şirvanda, Xaçmaz və Qəbələdə region rayonlarını da əhatə edən filialları var. İnzibati dəstək olmasaydı, şirkət qısa müddət ərzində bazarda bu qədər oturuşa bilməzdi.
Mənbə bildirir ki, ev, mənzil və avtomobillərin icbari sığortaya cəlb edilməsi də “Azsığorta”ya həvalə ediləcək. Ancaq inhisarçılıq görüntüsünü ləğv etmək üçün 1-2 sığorta şirkətinə də sözügedən fəaliyyət üçün lisenziya veriləcək ki, həmin şirkətlər də məhz nazirin dolayısı ilə himayəsindədir. Mənbə bildirir ki, burada söhbət milyonlardan gedir. Bütövlükdə ölkədə 2 milyondan çox mənzil var ki, bu da ən minimal hesablarla 100 milyon manata yaxın vəsait deməkdir. Buraya avtomobillərin icbari sığortasını da əlavə etsək, (ölkə üzrə 2 milyona yaxın avtomobil var, orta hesabla hər birinin illik sığortası 80 manata başa gəlir), hər il təxminən 300 milyon manata yaxın vəsait alınar. Hər il 300 milyon manat icbari sığortadan gəlir əldə etmək Azərbaycan şəraiti üçün fantastik bir məbləğdir.
Yada salaq ki, maliyyə nazirinin əmri ilə yaşayış evləri və mənzillər üçün sığorta tarifi 0,2 faiz həcmində müəyyən edilib. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manat nəzərdə tutulub. Nəticədə Bakıda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək.
Maliyyə Nazirliyi sərnişinlərin icbari qəza sığortası üzrə sığorta haqlarının məbləğini də müəyyənləşdirib. Nəqliyyat vasitəsində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri hava nəqliyyatı vasitələri üçün 14 manat, su nəqliyyatı vasitələri üçün 5 manat, dəmiryolu nəqliyyatı vasitələri üçün 3 manat, avtomobil nəqliyyatı vasitələri üçün 6 manat həddində müəyyən edilib. Bütün bu qaydalar nazirin himayəsində olan “Azsığorta”nın güclənməsinə xidmət edir.
Qaynaq onu da bildirir ki, artıq sığorta bazarının “yad ünsürlərdən” təmizlənməsi prosesi gedir. “Fidan Sığorta” və “Günay Sığorta” ASC-lərin lisenziyası artıq ləğv edilib. Və gələn il daha bir neçə sığorta şirkətinin lisenziyasının geri alınması gözlənilir. Bir sözlə, sığorta bazarı da bir əldə cəmlənir və buradakı gəlirlər vahid cibə yönələcək.

musavat.com