Nazirlik Coca-Cola-nı işə saldı

nazirlik-coca-cola-ni-ise-saldi
Oxunma sayı: 718

“Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin 16 aprel 2012-ci il tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərini artırmaq niyyəti ilə əlaqədar, müəssisənin bu hərəkətində bazarda hökmran mövqedən sui-istifadə hallarının, o cümlədən süni qiymət artımının olub-olmamasının araşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-dən zəruri məlumatlar tələb edilib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müəssisə tələb olunan məlumatları tam şəkildə təqdim etməyib və nəzərdə tutulan qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-nin şəkərli sərinləşdirici spirtsiz içkilər bazarında hökmran mövqe tutması ilə əlaqədar bu bazarda rəqabətin vəziyyətinə və qiymətlərə təsir göstərmək imkanına malik olduğunu, qiymətlərin iqtisadi cəhətdən əsaslandırılmadan artırılmasının hökmran mövqedən sui-istifadə edilməsinə və qiymətlərlə manipulyasiya edilməsinə səbəb ola biləcəyini nəzərə alaraq, yuxarıda göstərilən tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-yə icrası məcburi göstəriş verilib.

Buna baxmayaraq, son günlər aparılan monitorinqlər zamanı “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC tərəfindən bir litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərinin artırıldığı və nəticədə bu məhsulların pərakəndə satış qiymətlərinin 50 qəpikdən 60 qəpiyədək bahalaşdığı müəyyən edilib.

Dövlət Xidmətinin icrası məcburi göstərişinə əməl edilməməsi ilə əlaqədar “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalara başlanılıb.

Nigar Məmmədli