Nazirlikdən qızıl xəbərdarlığı

nazirlikden-qizil-xeberdarligi
Oxunma sayı: 666

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin ötən dövrü ərzində 44 sahibkarlıq subyektində dövlət əyar nəzarəti həyata keçirilib.

Həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 31426 ədəd zərgərlik məmulatları aşkar edilib. Bir çox hallarda həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Aparılmış əyar nəzarəti tədbirləri zamanı Gəncə şəhəri, Nizami küçəsi, 50 ünvanında yerləşən Mərkəzi Univermaqda fəaliyyət göstərən səkkiz sahibkara və Gəncə şəhəri, Nizami küçəsində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib. Belə ki, qeyd edilən obyektlərdə aparılan yoxlamalar zamanı satışda olan bütün məmulatların, yəni 6847 ədəd zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 46 %-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Bu ilin 6 ayı ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 299 944,0 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən 41 800,0 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Ümumilikdə, 2012-ci ilin 6 ayı ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 1010121,4 manat dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti bir daha vətəndaşlara tövsiyə edir: Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün dövlət əyar damğası ilə damğalanmamış zərgərlik məmulatlarını almayın!