Nazirlikdən sərt xəbərdarlıq

nazirlikden-sert-xeberdarliq
Oxunma sayı: 671

Səhiyyə nazirinin müavini Elsəver Ağayev açıqlamasında bildirib ki, həkimlər bəzən xəstələrə bahalı, bəzən də patentləşdirilməmiş dərman yazırlar: “Amma onlar bilməlidir ki, insanların sağlamlığı həm də tibb sahəsində çalışanların əlindədir”.

Ümumiyyətlə, həm dövlət, həm özəl, həm də digər qurumların tabeliyində olan tibb müəsissələri xəstələrə dərman preparatları təyin edərkən, Səhiyyə Nazirliyinin əmri ilə təsdiqlənmiş vahid resept blankından istifadə etməlidir.

2 saylı Şəhər Poliklinikasının həkim terapevti Firudin Seyidov deyir ki, onlar xəstələrinə dərmanları məhz həmin resept blankı əsasında yazırlar: “Gəlirlər firmalar ki, bizimlə işləyin. Amma biz özümüzün vahid blankından istifadə edirik”.

Həkim terapevtin sözlərinə görə, güzəştli xəstələr üçün də ayrıca resept tərtib olunur ki, onlar bunun əsasında pulsuz dərmanlarla təmin olunurlar.

Həkim ekspert Adil Qeybulla deyir ki, həkimlərin dərman firmaları ilə razılaşdırılmış şəkildə dərman yazması halları var və bu faktdır: “Əksər həkimlər xüsusi şirkətlərin özlərinin hazırladığı resept blanklarından istifadə edirlər ki, bunula da həm dərman firması, həm də həkim gəlir əldə edir. Belə ki, həkimlər 2 nüsxəli blankın birini xəstəyə verir, surətini isə əvvəlcədən anlaşdığı firmaya təqdim etməklə, satılan dərmandan müəyyən faiz əldə edir”.

Bu cür halların qarşısını almaq üçün isə həkim ekspert ilk növbədə məvaciblərin artırılmasını vaçib sayır. Eyni zamanda, eyni kimyəvi tərkibi olan dərmanların ölkəyə gətirilməsinə limit qoyulmalıdır.

Əslində, əczaçılıq bazarında dərman çeşidləri çox olan ölkələrdə belə hallara rast gəlinir. Azərbaycanda isə qeydiyyatdan keçən dərman preparatlarının sayı 4000-ə yaxındır. Digər tərəfdən isə dərmanın seçimi xəstənin özündən də asılıdır.

Yeri gəlmişkən, onu da deyək ki, xəstəyə dərman yazılarkən birinçi şərt həkimin Azərbayçanda qeydiyyyatdan keçən dərman preparatını təyin etməsidir.