Nə istəyirəm?!

ne-isteyirem
Oxunma sayı: 756

İstəyirəm müstəqil, suveren, dünyəvi-hüquqi, ədalətsizliyin olmadığı, zəngin Azərbaycanın vətəndaşı olum...

İstəyirəm məhkəmələri yalnız və yalnız hüquqa, qanunvericiliyə əsaslanaraq hökm çıxaran ölkədə yaşayım...

İstəyirəm Kütləvi İnformasiya Vasitələrimiz dünyaya rəngli baxsın.
Bir hissəsi hər şeyi “ağ”, bir hissəsi hər şeyi “qara”, digər hissəsi isə bitərəfliyi “oynamaqla”, “rəngsiz” qalmasın...

İstəyirəm içimizdə düşmənlərimizin dəyirmanına su tökənlər, onlara xoş gəlmək üçün min-bir dona girənlər, demokratlığı “peşə seçənlər” olmasınlar...

İstəyirəm pulumuzu oxumamaq üçün yox, oxumaq üçün xərcləyək. Müəllimlər rüşvət almağı, tələbələr rüşvət verməyi namussuzluq bilsin. Amma öncə müəllimlik peşəsi namus, tələbəlik ismət olsun. Bunun üçün isə mühit formalaşdırılsın...

İstəyirəm insanlarda dövlətə inam olsun. Xalqı dövlətdən, dövləti xalqdan edən bürokratlar olmasın. Aşağının səsi yuxarı, yuxarının səsi aşağı çatsın və bir-birinə xoş gəlsin...

İstəyirəm cəmiyyətimizdən müxalifliyi həyat tərzinə çevirmiş şəxslər, qruplar yoxa çıxsın. İmkanları iddialarının yanında “dəvədəqulaq” olanlar “kəndilərinə gəlsinlər”, yaxud da getsinlər. Ona-buna ləkə atıb özlərinə oxşatmasınlar...

İstəyirəm insanlarımız ya olduqları kimi görünsünlər, ya da göründükləri kimi olsunlar. Bir şeyi düşünüb, bir şeyi danışıb, tamam başqa cür davranmasınlar...

İstəyirəm iqtisadiyyatımızda inhisarçılıq olmasın. Sahibkarlarımız vergidən yayınmasın, buna məcbur edilməsinlər. Vergi sahibkarlarımızın qorxulu kabusuna çevrilməsin...

İstəyirəm aramızda: “yol çəkdilər, filan qədər pul ayrıldı, filan qədərini yedilər”, “körpü tikdilər, bu qədər pul yazıldı, bu qədərini sildilər” kimi söz-söhbətlər olmasın. Nə od olsun, nə tüstü çıxsın...

İstəyirəm cavanlarımız maaşlarının, qocalarımız isə pensiyalarının dərdini çəkməsinlər. Azlığından şikayətlənməsinlər...

İstəyirəm xalqımız hökumətimizin ətrafında daha da sıx birləşsin. Bir nəfər belə kənarda qalmasın. “Azərbaycançılığın”, Heydər Əliyev yolunun tək qurtuluşumuz olduğunu hər kəs anlasın...

Ən çox da onu istəyirəm ki, xalqımız cahil-mövhumatçı olmasın. Dinə-imana gəlsin. Hər kəsin qəlbində Allah xofu olsun. Bir gün mütləq etdiklərinə görə Allaha cavab verəcəyindən əmin olsun...

P.S 19.09.2010 tarixidə çap olunmuş yazım.

Prezident İlham Əliyevin anti-korrupsiya islahatları və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün, məmurlar qarşısında qoyduğu bütün tapşırıqların nəticəsini istəyirəm. Və sıravi vətəndaşlarımızın, cəmiyətimizin, ictimaiyyətimizin üzərinə düşən bir çox şeyləri…