“Nə istəyirlər etsinlər”

ne-isteyirler-etsinler
Oxunma sayı: 697

“Qafqazinfo” xəbər verir ki, vəkil bu haqda Deyerler.org-a açıqlama verib: “Məni əsəbiləşdirən, qıcıqlandıran bir haldır. Ona görə buraxmışam hər şeyi öz öhdələrinə, nə istəyirlər etsinlər. Bu, mənim üçün maraqlı deyil”, - deyə A. İsmayılov deyib. Hazırda Vəkillər Kollegiyasının İntizam Komissiyasında özü ilə işə hələ baxıldığını qeyd edən vəkil, məsələnin müzakirəsinin hələ ki, təxirə salındığını deyir: “Nə zaman baxacaqlar, bu haqda da məlumatım yoxdur”.

Hazırkı vəziyyətinə şükür edən tanınmış vəkil bir gecə xəstəxanada qaldıqdan sonra müalicəsini evdə davam etdirdiyini deyir. A.İsmayılovun xəstəlik diaqnozu kimi isə əsəbdən qaynaqlanan təzyiq yüksəlməsi müəyyən edilib.

Xatırladaq ki, bu ilin sentyabr ayının əvvəlində “Viza” hüquq firmasının rəhbəri, vəkil Aslan İsmayılov Vəkillər Kollegiyasına çağırılmışdı. Sentyabrın 14-də o, Vəkillər Kollegiyasında İntizam Komissiyasının iclasında iştirak etmiş, ona komissiyaya ondan şikayət verildiyi bildirilmişdi. Şikayətçi A.İsmayılovun firmasına 500 manat pul ödədiyini, lakin firmanın müqaviləni icra etmədiyi, eyni zamanda pulu geri qaytarmadığını iddia edib.

Qeyd edək ki, cari ilin yanvar ayının əvvəlindən ölkədə müstəqil vəkillərə təzyiqlər kampaniyasına start verilib. Belə ki, hazırkı nəticələrə görə, vəkillər Osman Kazımov, Xaliq Bağırov və Elçin Namazovun vəkillik fəaliyyətləri dayandırılıb. Hal-hazırda isə digər müstəqil vəkillər Aslan İsmayılov və Elçin Sadıqova qarşı təzyiqlər davam edir.