“Necə deyək ki, sən kişi ol?” – Ziyalılar Forumu

nece-deyek-ki-sen-kisi-ol-ziyalilar-forumu
Oxunma sayı: 691

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə dünən keçirilməsi nəzərdə tutulan toplantının təxirə salınma səbəbləri də müzakirə olunub. Tədbirdə çıxış edən tarixçi Cəmil Həsənli bildirib ki, bunu texniki səbəblərlə əlaqələndirsələr də bu iddia inandırıcı deyil. O, bunu problemə primitiv yanaşma, uşaq ərköyünlüyü kimi qiymətləndirib: “Hakimiyyət dairələri belə gülünc şeylərlə məşğul olmamalıdır. Ən azı ona görə ki, biz ziyalıyıq cəmiyyətdə xoşagələn və gəlməyən məsələləri qeyd etməyə borcluyuq. Biz siyasi partiya deyilik, ziyalı qurumuyuq. Bu məsələlərə münasibətdə hər kəsin vicdan borcu var. Dünən son dərəcədə maraqlı tədbir keçirəcəkdik. Bu həm də hakimiyyətin xeyrinə olacaqdı. Gənclərin cəmiyyətdə, sosial həyatda rolu və aktivliyi kimi məsələlər müzakirə olunacaqdı. Belə bir tədbirə qeyri-sivil münasibət bizdə təəssüf hissi doğurdu. Görünür ki, cəmiyyətdə elə dairələr var ki, tənqidə qulaqlarını bağlayıblar. Cəmiyyətimiz yalan üzərində qurulub. Bəzən elə gəlir ki, müəyyən dairələr yalan istehsal edən maşına çevriliblər”.

Xalq yazıçısı Əkrəm Əylisli də dünən baş verənlərə münasibət bildirib: “Rüstəm İbrahimbəyovun üzünə qapı bağlamağın nə manası var? O, açdığı qapıları açıb, o qapıları ləyaqətlə açıb. Yaşı 70-i ötən bir adamın üzünə qapı bağlayanda gərək baxasan ki, o kimdir”. Yazıçı, həmçinin ərəb ölkələrində baş verən inqilablara da diqqət çəkərək bu cür inqilabların tərəfdarı olmadığını bildirib: “O cür inqilabları allah bizdən uzaq etsin. Həmin inqilablar ölkələri yıxdılar, indi bərpa etmək üçün illər lazımdır. İndi Azərbaycanda siyasi sabitliyə sevinirəm. Bu gün baş kabinet komandasında belə bir fikir səsləndirilir ki, kim bizdən deyilsə o, bizə düşməndir. Əgər siz deyirsinizsə ki biz yoxuq, o zaman biz daha bərkdən qışqırmağa məcbur olacağıq”.

Akademik Rafiq Əliyev: “Bu gün iki Azərbaycan mövcuddur: Biri real olan, digəri isə kabinet, padşah saraylarından görülən Azərbaycandır. O zaman güclü olardıq ki, iki Azərbaycan bir olsaydı. Biz cəmiyyətə saf niyyətimizi çatdıracağıq. Kim bizə qara yaxırsa o qara onun özünə yapışacaq. Ziyalılar forumu “Roma Klubu” kimi bir şeydir. Bir-birinə az qala düşmən olan müxalifətlə iqtidar arasında yerləşirik. Təəssüf ki, bizi sağ tərəfə çəkməyə çalışırlar. Bugünkü Azərbaycan bir il bundan əvvəlki Azərbaycan deyil. İnternetdə böyüyən, sosial şəbəkələrdə formalaşan yeni nəsil gəlir. Onlar fərqli yaşamaq istəyirlər. Bizim bu gün ən güclü təsir mexanizmimiz yazılarımızda sözlərimizdədir. O artıq insanların eşitməyinə bağlıdır. Mən Amerikadakı mühazirələrimdə də demişəm ki, bir qütblü sistem dayanıqlı ola bilməz, gec-tez dağılacaqdır. Dünən baş verənlərlə bağlı iki fikrim var. Ya onlar hər şeyi qaranlıqda görmək istəyirlər, ya da ümumiyyətlə görmək istəmirlər. Ramiz Rövşənin bir şeiri var: Dünya qəfil işıqlansa, görərik kimlərin əli
kimlərin cibindən çıxır...”

Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyov: “Mən bir şeyi bilirəm ki, insanın vicdanı olmalıdır. 4-5 il bundan qabaq qərar verdim ki, daha bu yalanlarda iştirak etmək istəmirəm. Dövlət nə deməkdir? Beş-altı nəfərdən ibarət “julik”. Onlar bilirlər ki, biz həqiqəti danışacağıq, ona görə də bizə icazə vermirlər. Biz uşaqlıqda qonşunun işığını söndürərdik. Bu uşaq üsuludur. Heç olmasa xaricdən peşəkarlar gətirərdilər. Bizim məqsədimiz ölkədə ictimai rəy yaratmaqdır. Vətəndaş cəmiyyəti formalaşdırmaqdır. Bilsinlər ki, cəmiyyət bunları izləyir, o zaman çox şeylər açıla bilər və bunlar hər şeyi itirə bilərlər. Azərbaycanda 4 il ərzində min nəfər xaricə oxumağa göndərilir, o da rüşvətlə. Qazaxıstanda isə bu rəqəm bir ilə üç min nəfərdir. Hökumət adından bu işləri görənlər bizim mədəniyyətimizə, vicdanımıza zərbə vurur. Bu gün uşaq bağçaları, məktəblərimiz, universitetlərimiz əxlaq pedofiliyası ilə məşğuldur. Bizdə uşaqlar 3-4 yaşından rüşvəti öyrənir. Məktəbdə bu formalaşır, universitetlərə isə özləri rüşvət almağa başlayırlar. Uşağı korladıqdan sonra necə deyək ki, sən kişi ol? Rusiyada 100 min nəfər meydana çıxdı. Göstərdilər ki, xalqdırlar. Bizdə 5-6 nəfər çıxanda üstümüzə düşürlər. Bunun bir əlacı var, gərək sayımız artsın. O zaman gücümüz də artar”.

Cəmil Həsənli ölkədəki mövcud duruma da diqqət çəkib: “Azərbaycanda bayramqabağı qiymət artımı var. Bu müxtəlif vəzifəli şəxslərin ölkə iqtisadiyyatını bütöv monopoliyaya götürməsilə bağlıdır. Müxtəlif dairələr idxaldan gələ n gəlirləri nəzarətə götürüblər. BU gün Bakıdan kənarda iş yerləri, həyat yoxdur. İş yerləri ilə bağlı statistik rəqəmlər də tam real deyil. O, həmçinin həbsdə olansiyasi məhbuslarla bağlı məsələyə toxunaraq ziyalı gənclərin həbslərdə yatmasını pisləyib və qey dedib ki, dünyanın heç bir yerində istiqlaliyyət bəyannaməsini imzalayanlar həbsdə yatmırlar. Bu gün Azərbaycanda çörək problemindən daha çox ədalət problemi var. Dünyada böyük proseslər gedir və biz bunlardan kənarda qala bilmərik. Bu islahatlar yolu ilə olsun, baharda yaxud payızda olsun vacib deyil. Mövcud problemləri ört-basdır etmək, vəziyyətə kommunist rejiminin çürük nöqteyi-nəzərindən yanaşmaq olmaz”.

C.Həsənli, həmçinin prezidentlə ziyalıların mümkün görüşünə də toxunaraq bildirib ki, nə qədər ki, Ramiz Mehdiyev vəzifədədir bu baş tuta bilməz: “Ramiz Mehdiyev buna imkan verməz. Bizi narahat edən bu problemlərin yaranmasında bu şəxsin rolu çox böyükdür.

R. İbrahimbəyov: “İllər keçir, amma həmin şəxslər yenə vəzifədə qalırlar. Onların fəaliyyəti ölkəni uçuruma aparır. Niyə onları yerlərindən tərpətmirlər?”

C.Həsənli: “Normal seçkilər olmadan ölkədə daxili problemləri həll etmək mümkün olmayacaq. Pəhləvi belə İran məclisində seçkilər olanda 2-3 nəfərin namizədliyini utanaraq irəli sürürdü. İndi Ramiz Mehdiyevin siyahısından kənar parlamentə kim keçə bilər? Bu işi bu adama tapşırıblar, o demək deyil ki, qohum-əqrəbasını gətirməlidir”.

Səidə İsmayılova