“Nəfəsinə yad nəfəs dəyib-nəfəs alma...”- Günün şeiri

nefesine-yad-nefes-deyib-nefes-alma-gunun-seiri-
Oxunma sayı: 1468






Təmiz havaya ehtiyacım var,
çirkli olmayan...
Nəfəsinə yad nəfəs dəyib,
nəfəs alma...
Atardım özümü burdan aşağı,
mənə
qızıl hərisi deməklərindən qorxmasaydım -
qara qızıl...
Hava kimi su da çirkli...
Uzaqdan bir qaraltı görünür
dənizin ortasından baxanda
dənizin üzündə,
bəlkə də sənsən,
ona görə...
Mən də o qaraltının içindəyəm...
Hava, od, su, torpaq...
İkisi getdi,
qaldı ikisi...
Torpaqdan qan iyi gəlir,
torpaq tarix qoxuyur,
yaralıdır deyəsən...
Günəş mənə baxır,
isitmək üçün yox,
gözlərimi qamaşdırmaq üçün...
və qəhqəhəylə gülür...
Dalğalanır üçrəngli bayraq,
hər şeydən xəbərsiz,
görmür heç nəyi...
Deyəsən, Günəş
onun gözlərini də qamaşdırır...
Ya da görməməzliyə vurur özünü...
Kabablar iy verir,
təzəlikdən yox, xarablıqdan...
Kafelər boş,
daşlar üzərində boş yer yox...
Soyuğun istiyə məğlubiyyəti,
bəlkə də əksinə...
Bəlkə də sağlamlığın pula
sevginin ehtirasa məğlubiyyəti...
Nə yaxşı ki popkorn var...
Təklər
dənizə daha yaxındılar,
nəinki cütlər...
Olumla ölümün arası bir addımdı
onlarçün,
bəlkə də bir son nəfəs...
Bir cüt göyərçin eyni dəni bölüşür,
gənclər eyni öpüşü...
Biri uçub getdi uzaqlara,
o biri dənlə məşğul...
Bayaq əsəbi addımlarla
bir oğlan ötmüşdü yanımdan,
indi bildim
o qız dizlərini qucaqlayıb niyə ağlayır...
Heç kim dəyişməz
isti, yumşaq bir əli
soyuq, çat-çat olmuş bir ələ,
peşman olub kömək istəsəm...
Əcnəbi dildə, bərk səslə
mahnı oxudan telefon tutmuş əl
hazırdı
məni suya qovuşdurmağa,
arzuma çatdırmağa,
azan səsilə etməsini
xahiş etdim deyə...
Bəlkə də o hürkütmüşdü
gənclərlə göyərçinləri...
Nəhayət, Günəş son qoyur
gözlərimi qamaşdırmağa...
Gülümsə, bayrağım, gülümsə!
Dalğalan, bayrağım, dalğalan!
Mən Günəşə qəhqəhəylə cavab verdim,
mən sularda dalğalanacağam...
Mən sənə bənzəmədim,
sən də mənə bənzəmə...

14 dekabr 2011
Bakı, Bulvar...