Neft Fondunun 110 milyonluq “bədxərcliyi”

neft-fondunun-110-milyonluq-bedxercliyi
Oxunma sayı: 675

“Ölkədə çoxsaylı sosial proqramlara ehtiyac duyulduğu halda belə böyük məbləğli investiya layihələrinin həyata keçirilməsi qəbulolunmazdır”.

Bunu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Məhəmməd Talıblı Dövlət Neft Fondunun 85 milyon avro dəyəri olan yeni bina inşa etdirməsinə münasibət bildirərkən deyib.

“Biz sosial proqramların yox, investisiya proqramlarının çoxluğundan yorulmuşuq” deyən iqtisadçı hesab edir ki, 85 milyon avroluq layihənin tenxiki-iqtisadi göstəriciləri ilə tanış olmadan onun bu məbləğə adekvatlığı haqqında mülahizə söylmək doğru deyil. Bununla belə, M.Talıblı bu qədər vəsaitin bir inzibati binanın tikintisinə sərf olunmasını doğru olmadığınl qeyd edib: “Hər bir dövlət struktu - komitə, nazirlik və fondlar üçün belə inzibati binaların tikilməsi üçün gərək büdcənin əhəmiyyətli hissəsi belə sosial xarakterli investisiya layihələrinə sərf olunsun. Bu isə ictimai vəsaitin səmərli idarəedilməsi baxımından yolverilməzdir. Təcrübədən bilirik ki, adətən belə böyük inzibatı binaların tikintisi effektiv və yaxşı idarəetmənin nəticəsi olaraq meydana çıxır. Amma bilirsiz ki, Neft Fondu toplam aktivlərinin idarə edilməsindən illik 1 faiz dividentdən də aşağı vəsait əldə edir. Bu zaman belə iderəetməni necə stimullaşdırmaq və mükafatlandırmaq olar? Düzdür, şəffaflıq və hesabatlılıq baxımından Neft Fondu digər dövlət qurumlarından irəlidədir, amma yenə də böyük təkmilləşdirməyə ehtiyac var. Bununla bərabər, onu da qeyd etmək lazımdır ki, işçi heyətin ofis problemi də olmayıb. Mənim müşahidəmə görə, Neft Fondunda çalışan işçilərin funksional və texniki-təşkilati fəaliyyət baxımdan sıxıntısı olmayıb. O zaman belə bahalı layihəyə niyə qərar verilib, onu anlamaq olmur”.

“Binanın 23 mərtəbədən ibarət olacağı bildirilib. Sizcə Dövlət Neft fondu bu qədər mərtəbəni əhatə edəcək qədər strukturlara malikdirmi” sualına isə Şura üzvü belə cavab verib: “Məsələnin daha müqayisəli təhlil hissəsinə gəldikdə, onu deməliyəm ki, bu inzibati bina üçün nəzərdə tutulan 85 milyon avroluq büdcəni konvertasiya etsək, 110 milyon ABŞ dolları edir. Məlumat üçün bildirim ki, Neft Fondunda çalışan işçilərin sayı cəmi 110 nəfərdir. Bu isə o deməkdir ki, hər işçiyə 1 milyon dollarlıq inzibati xərc düşür. Bunun 23 mərtəbli bina üzrə bölüşdürsək, onda məlum olacaq ki, hər mərtbədə təxminən 5 işçi əyləşəcək. Belə məhdud sayda işçinin çalışması üçün bu qədər vəsaitin sərf olunması nəyə lazımdır? Onu da xatırladım ki, Neft Fondunun “Nizami” kinoteatrında olan binasında 50 milyon manat həcmində təmir-tikinti işləri həyata keçirilmişdi. İndi fondda 33 milyard dollar olduğu üçün bu vəsait kiçik görünür. Məlumat üçün bildirim ki, 2001-ci ildə Neft Fondunun vəsaitləri 491,5 milyon dollar idi”.

M.Talıblı sonda onu da qeyd edib ki, indi Neft Fondunu vəsaitləri milyardlarla ölçülsə də vəsaitlərin istifadəsində mütləq rasionallıq və səmərəlilik olmalıdır.
MSŞT Koalsiyasının digər Şura üzvü Vüqar Bayramov da hesab edir ki, Dövlət Neft Fonduna 85 milyonluq dəyəri olan binın inşa olunmasına hər hansı zərurət yoxdur. “Hündürlüyü 117 metr, ümumi sahəsi 13 min kv. metr olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Təxminən 110 milyon dollara başa gələcək binanın 17 min kv. metrlik istifadə sahəsi olacaq. 1 kv. metrin tikintisi 5176 manata düşür, bu isə Norveç Neft Fondunun binasının hər kvadratının inşası üçün çəkilən xəclərdən çoxdur. Fonda indiki ofisi də kifayət edirdi. Nəzərə alsaq ki, ARDNF-də işçi sayı 110 nəfərdir, deməli hökumət hər bir işçiyə 1 milyon dollara ofis yaratmaq istəyir. ARDNF-in ştatı kiçik olduğundan ona bu günə qədər tikilmiş binaların hər hansı birində yer vermək olardı. Və yaxud da ARDNŞ üçün tikilməkdə olan böyük binada bir mərtəbənin Neft Fonduna verilməsi daha məntiqli olardı”.V.Bayramov Dövlət Neft Fndunun 23 mərtəbəni əhatə edəcək strukturlara malik olmadığını da qeyd edib. “Neft Fondunun strukturuna icraçı direktor, vəsaitlərin idarə edilməsi müdriyyəti, Maliyyə və Əməliyyatlar müdriyyəti daxildir. Maliyyə və Əməliyyatlar müdriyyətinin tərkibində isə iki struktur – Hesablaşmalar Departamenti, Mühasibat Uçotu və Hesabatı departamenti daxildir. Bundan əlavə fondun ayrıca departamentləri var. Hansıki bunlar Büdcə Proqnozlaşdırma və Layihələr Departamenti, Neft Kontraktları Departamenti, İnzibati Departament, İnsan Resursları Departamenti, Hüquq Departamenti, Təhlükəsizlik Departamentidir” deyən Koalisiya təmsilçisinin fikrincə özünə yeni bina tikdirən Mərkəzi Bankın hazırkı binası Dövlət Neft Fondu üçün ofis rolunu oynaya bilərdi.