Neft milyonlarının gətirdiyi demokratiya kasıbçılığı

neft-milyonlarinin-getirdiyi-demokratiya-kasibciligi-
Oxunma sayı: 694

Ölkə daxilində ictimai nəqliyyatda insanların bir-birinə münasibətindən başlayaraq, gecələr Bakı küçələrində (xüsusən Tiflis prospektində) baş verənlərə qədər hər şeyi buna sübüt olaraq göstərmək olar. Ölkəmizdən kənarda isə Dubayda, Türkiyədə, eləcə də Rusiyada qazandığımız “reputasiya”nı... Mən əminəm ki, çoxları bu məsələlərdə mənimlə mübahisə etmək istəyər.. Mənim onlara bir cavabım var - “görünən dağa bələdçi nə gərək?”..
Son günlər özümü tamamən siyasi araşdırmaların, beynəlxalq aləmdə bizim durumda olan ölkələrin əvvəlki və sonrakı taleyi ilə bağlı təhlillərin mütaliəsinə həsr eləmişəm. Ən son çox maraqlı bir məqalə oxudum. “New York Times”-dan üslubunu və qələmini çox sevdiyim jurnalist həmkarımız Tom Fridman (Tom Friedman) maraqlı bir hipotez irəli sürmüşdü. Bu hipotez bizim ölkədəki situasiyanı tamamilə izah edirdi. “Xammal, xüsusilə də neft-qaz ixracından gələn gəlirlərin artması həmin ölkədəki demokratik potensialla tərs mütənasibdir ”.
“Hər şey çox sadədir. İxrac edən ökələr nə qədər ki, heç bir iş görmədən varlanırlar o dövlətlərdə demokratiya potensialı sıfra enir ”. Yazının müəllifi irəi sürdüyü faktı əsaslandırmaq üçün isə Qəddafinin Liviyasını, Əhmədinejadın İranını, Çaves dövrünün Venesuelasını və sair misal göstərib. Mən bu siyahıya Azərbaycanı da əlavə edirəm. Və qeyd etmək istəyirəm ki, əslində bu fikirlərin hamısının çox əsaslı iqtisadı açması var - “Qroningen effekti”... Nədir bu “Qroningen effekti”? İndi açıqlayacam...
Öncə bir neçə gün öncə parlamentdə 2012-ci ilin büdcəsi ilə bağlı dinləmələri xatırlayaq. Müzakirələrdə bildirildi ki, büdcənin 82 faizi neft fondundan və neft gəlirlərindən formalaşır. Dəhşətdir. “Qroningen effekti” budur. Bəs niyə dəhşətdir, onu da sizinlə paylaşacam..
Məlumat üçün deyim ki, “Qroningen effekti”məşhur holland iqtisadşısı Yan Tinbergen (Jan Tinbergen) tərəfindən ortaya çıxarılan bir hadisdir. Qroningen - Hollandiyanın sahil ərazilərindən birində 50-ci illərin sonunda kəşf edilən qaz yataqlarının adıdır. Amma bu yataqların kəşfi Şimal dənizi şelfinin enerji yataqları baxımından işlənməsi ilə yanaşı həm də dünyada yeni bir iqtisadi çökmənin, iflasın görüntüsünü də gətirdi. Ekspertlərin müşahidəsindən sonra aydın oldu ki, “Qroningen effekti” nəticəsində ölkədə neft-qaz ixracı nəticəsində milli valyutanın dəyəri artır, bu da özlüyündə başqa idxal-ixrac sahələrinin inkişafını əngəlləyir və qarşısı alınmazsa bütün ölkə iqtisadiyyatını batırır. Qərbi Avropada ən nəhəng təbii qaz yataqlarının Qroningendə kəşfindən sonra ölkəyə gözlənilmədən axan var-dövlət düzgün istiqamətlənmədiyi üçün sənaye, qeyri-qaz sektoru kəskin şəkildə zəifləyir. Qiymətlərin qalxması yerli istehsalı hər gün daha da az rəqabətə dayanıqlı edir, hökümət əhalinin sosial problemlərinin həllinə və büdcə təşkilatlarının maliyyələşməsinə daha çox vəsait ayırmaq məcburiyyətində qalır (Azərbaycandakı kimi) ki, bu da özlüyündə idxalın artmasına, ölkənin daha çox xaricdən asılı vəziyyət düşməsinə səbəb olur.
Qroningendə qaz ixracının artması ölkədə inflyasiyaya, işsizliyin artmasına, səfalətə, bütün bunlarla birbaşa bağlı olduğu üçün təhsilin, səhiyyənin səviyyəsinin düşməsinə, sosial bərabərsizliyin artmasına da səbəb oldu. Eyni effekt 70-ci illərdə Qərbi Avropa ilə yanaşı, 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Səudiyyə Ərəbistanında, Nigeriyada, Meksikada da özünü göstərmişdi.
Sənayedən, yerli istehsaldan kənar, təbii ehtiyatlar vasitəsilə gələn var-dövlətin tamamilə ölkəni məhv etməsi prosesinə təkcə iqtisadiyyat deyil, həm də demokratiya aiddir. Çünki birdən-birə “göydən düşən”(və ya yerdən çıxan) var-dövlət bir əldən idarə olunur, şəffalığın qarşısını almaq, daha çox söz haqqına sahib olmaq üçün ölkədə həm də demokratiya boğulur. Buna misal olaraq Qəddafini göstərmək olar. Neftdən gələn gəlirlər 40 illik Qəddafi hökümətinin ölkədə ağlasığmaz korrupsiya apatiyasına gətririb çıxarmışdı. Sonu da hamımıza məlumdur... Amma biz bu sonu istəyirikmi? İnqilab hər zaman dağıdıcıdır, proqnozlaşdırılması mükün deyil. Xüsusilə də Azərbaycan bir kimi bir dövlətdə... 3 tərəfdən onu batırmaq istəyən düşmən ölkələrlə əhatə olunub. Üçü də ağzını vəhşi canavar kimi açıb batmamızı gözləyir.


Bəs çıxış yolu nədədir?


Amma Fridmanın irəli sürdüyü hipotezin sərhədləri də var. Həmkarımız iddia edir ki, bu prosesin neqativ nəticələrini normal sənayeni və demokratik ənənələri möhkəmləndirərək önləmək olar. Məsələn, Şimal dənizində təbii enerji yataqlarının kəşfindən sonra nə Norveç, nə də Şotlandiya Azərbycandakı prosesi yaşamadı. Yəni “Qroningen effekti” bu ölkələrdə özünü göstərmədi. Bu ölkələr korrupsiyalaşmış ərəb əmirlikləri ölkələrinə də oxşamadılar. Buna Norveçdən və Şotlandiyadan başqa da faktları göstərmək olar. Məsələn, 1950-60 cı illərdə Venesuellada Romul Betankur dövründə məhz neftdən gələn zənginliyin düzgün istifadəsi nəticəsində bütün Latın Amerikası ölkələri arasında siyasi azadlıqların səviyyəsinə görə liderliyi öz əlinə aldı. Amma sonra Çavesin ətrafına yığışan anti demokratik qüvvələr neftin qiymətini artırmaqla bu nümunə göstərilə biləcək sosial-demokratiyanı məhv etdi və bundan bütün ölkə zərər çəkdi, həm daxilən, həm beynəlxalq arenada...
Eyni zamanda mövcud konyuktura tiranların xeyrinə formalaşarsa demokratik vəziyyətin pisləşməsi qeyri demokratik qüvvəərin ölkədə inkişafına da bir anlamda şərait yaratmış olur. Məsələn, 90-cı illərin sonunda Səudiyyə Ərəbistanında ultra radikal islamçılar və son onillikdə Rusiyada avtoritar milliyyətçilərin çıxardığı oyunlar buna nümunədir. Bizdə də islamçı qüvvələrin fəaliyyətin genişlənməsi eyni cərəyanın gətirdiyi neqativ nəticələrdəndir. Bir daha söyləyirəm neftdən gələn milyonların xərclənməsinin şəffaflığını təmin etməmək üçün boğulan demokratiya, bunun davamında gələn korrupsiya apatiyası ölkədə belə demək mümkünsə “qara qüvvələrin” inkişafına gətirib çıxarır. Bu beynəlxalq təcrübədir, bizim uydurduğumuz bir şey deyil. Beləliklə bütün bu faktlardan hansı nəticələri çıxardıq? Demək ki, inflyasiya ilə mübarizə, milli valyutanın kursunun maksimum aşağı səviyyədə saxlanılması, qeyri-neft sektorunun stimullaşdırılması, korrupsiya və rüşvətxorluqla ən yüksək ranqda mübarizə ilə yanaşı demokratiyanın inkişafı və qloballaşma yuxarıda nümunə gətirdiyimiz sonluqlardan bizi qurtara biləcək yeganə yoldur. Zatən demokratiyanın inkişafı şəffaflığı da, qeyri-neft sektorunun inkişafına mane olan məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluğun sonunu da özü ilə bərabər gətirəcək. Demək ki, çıxış Yolu demokratiya, demokratiya, demokratiyadır... Ən azından bu dünyadan Qəddafi kimi ağac başında getməmək üçün...