Nərgiz Cəlilovanın verilişi...

nergiz-celilovanin-verilisi
Oxunma sayı: 794

Hələ də əhəliləşməyən kanallarımızın birində, gecə saatlarında, lap dəqiqi desəm üçə işləmiş bir verilişə baxdım. Adətdi, tv məkanımızda ən elmi, intelektual, siyasi məsələlərin müzakirəsini salarlar gecə saatlarına. Bildiyimə görə, tv proqramlaşdırma siyasəti deyilən sistem var. Camaatın ekran başına toplaşan vaxtı, qavrama xüsusiyyətləri nəzərə alınmaqla verilişlər müəyyən saatlara uyğun efirə verilməlidir. Bizdə isə tam əksinədər. Misal üçün, şərhçi Qulu Məhərrəmlinin idarə etdiyi və siyasət, qlobal məsələləri analiz edən verilişi gecə saat birə və ya ikiyə təsadüf edir. Elə baxdığım veriliş də diktor Nərgiz Cəlilovanın “müəllif” verilişi (təkrar buraxılışı) idi. Ona görə diktor ki, bu xanım hələ də sovetin “diktor” qəlibindən çıxa bilməyib. Yaxşı məclis idarə etmək xüsusiyyəti olsa da, efirdə dəfələrlə müsahibinə verdiyi bəsit suallardan başqa ortalığa maraqlı nə isə çıxarmayıb. Diktorun verilişinin bu dəfəki qonağı Tibb Universitetinin rektoru, professor Əhliman Əmiraslanov idi. Düzü, verilişi tam izləmək fikrim yox idi. Əhliman müəllim kimi vacib insanı qonaq etmək və onu suala tutmaq böyük iş olsa da, diktorun televiziya tarixinə “böyük müsahibə” yazacağını heç güman etmirdim.

Əslində müsahibdən soruşulacaq o qədər vacib sorğu-sual var idi ki? Azərbaycan Tibb Universitetindəki gərgin vəziyyət, təhsil ocağının “istehsal etdiyi” “başsız” ( əlbəttə ki, burada layiqli və savadlı tələbələr də var) tələbələrin çoxluğu və onların aqubəti, bölgələrdə həkim qıtlığı, həkimlərin dərdi-səri, savadlı həkimlərin çoxunun kənarda qalması...

Ən vacib məsələ isə bu gün ölkədə onkoloji xəstələrin sürətlə artması və bir nəfərin də bu barədə səsini çıxartmaması, xəstələrin imkansızlıq ucbatından həyatdan tez köçməsi... Axı professor Əhliman müəllim pedoqoji fəaliyyəti ilə yanaşı, sayılıb-seçilən baş onkoloq-həkimlərdəndir. Nə isə... Verilişi yenə də izləmək qərarına gəldim. Baxmayaraq ki, verilişdə sadaladığımız vacib məsələlərin heç üst qatını da açmayan Nərgiz Cəlilova çoxumuzu təəccübləndirəcək bir addım atdı. Onun sualı, müsahibinin cavabı, hər iki məqam gözlənilməz oldu. O, müsahibinə şəxsən məni narahat edən həkim səhlənkarlağına dair sual verdi. Nə əcəbsə...

“Əhliman müəllim olub ki, əməliyyat stolunuzda xəstəniz ölüb və bu zaman nə hiss etmisiniz?” Əhliman müəllim isə tam səmimiyyətiylə bu sualı belə cavablandırdı. “Bəli, dəfələrlə mənim və ya digər həkimin səhvi ucbatından xəstə əlimizdə ölüb. Təbii ki, belə vəziyyətdə aylarla cərrahiyə otağına daxil olmaq istəməmişəm. Bir çox əməliyyatdan imtina etmişəm. Həkimlər hər səhvdən sonra daha diqqətli olmalıdırlar. O, səhvi təkrarlamamaq üçün çalışmalıdırlar. Səhv edən, səhlənkarlıq göstərən həkimlər arasında naşı olanlar çoxluq təşkil edir”. Bu çox böyük etiraf idi. Amma kaş ki, bu cavabın ardınca növbəti sual verilərdi: “Bəs siz həmin xəstə yaxınlarına səhvinizi necə izah etmisiz və ya onların qarşısına necə cıxmısınız?”Bu sualı vermək üçün cəsarət və məqsəd olmalı idi ki, bunu da yenə də diktorda görmədim. Hətta o özü də, maraqlı sualından təəccüblənmişdi. Gözlədiyim sualın əvəzinə Nərgiz Cəlilova “deyirlər, həkimlər az yaşayır, bəs siz necə belə qalmısız?”la müraciət etdi. Yəqin ki, çoxdan altmış yaşını haqlamış həkimə bu sualı vermək çox gülməlidir. Bəlkə də, diktorun bu sualı Əhliman müəllimin tarixi etirafına düzəliş idi.
Fikirləşirəm ki, Tibb Universiteti rektorunun, peşəkar, təcrübəli həkimin etirafından sonra naşı olan “həmkar”ları da ən azı bir dəfə bu barədə günahlarını etiraf edəcəklər. Yoxsa, bəzi həkimlərin normal, çox halda isə həddini aşmış səhvlərini gizlətməyi, bu barədə söhbət açılanda hirslənməyi yersizdir. Açın ürəyinizdəki sizə vicdan əzabı verən sirrlərinizi...

Narahat olmayın, onsuzda baş alıb gedən səhlənkarlıqların qarşısını alan və ya səhvləri ölçən, cəza kəsən hər hansı qanun yoxdur. Yoxdur da, neyləyək... Heç indi də kimsə kağızda da olsa hər hansı qanunu çıxarmaq həvəsində deyil.