Nəsil dəyişikliyinə ehtiyac var

nesil-deyisikliyine-ehtiyac-var
Oxunma sayı: 929

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət müstəqilliyimizin bərpasının 20-cı ildönümündən bizi qısa bir zaman ayırır. Bu əzəmətli tarixi bayramın 20 illik yüksəkliyindən irəli boylanaraq, özümüzə “müstəqilliyimizin sözün gerçək mənasında ”dönməz və əbədi" olması üçün nələri etməliyik?" sualını verməliyik. Hər bir Azərbaycan vətəndaşı müstəqillik bayramımıza öz töhfəsini verə bilər. Bizcə, müstəqilliyimizin 20 illiyinə indiki şərtlərdə ən dəyərli hədiyyəmiz soyadlarımızı milliləşdirmək olardı. Nə qədər acınacaqlı olsa da, dövlət olaraq azadlığa qovuşduğumuz bu 20 il ərzində Qarabağımızı erməni-rus işğalından qurtara bilmədiyimiz kimi, fərdi kimliyimiz olan soyadlarımızı da rus istilasından azad edə bilməmişik. Qarabağın işğalından fərqli olaraq, ikinci situasiyanı beynəlxalq konyuktura, dünya birliyinin ədalətsizliyi və ikili standartlarla da pərdələyə bilmərik. Buna görə heç kimi tutmur, təqib etmir və cəzalandırmırlar da. Bu, sadəcə, vətəndaş mövqeyi məsələsidir...
Azərbaycan 20 il öncə öz müstəqilliyinə yenidən qovuşsa da, bu günədək bir çox sahələrdə, 70 illik müstəmləkə idarəçiliyinin fəsadlarından qurtula bilməyib. Bunun təbii, obyektiv səbəbləri var və bu səbəblərin tam şəkildə aradan qaldırılması üçün nəsil dəyişikliyinə ehtiyac var. Ancaq müstəqil və demokratik inkişafın təminatı olan bir çox məsələlər ətrafında elə indidən müzakirələrə başlamaq, siyasi spektrin bütün tərəflərini, mütəxəssisləri, ekspertləri, ziyalıları, ictimaiyyətin nümayəndələrini əhatə edəcək geniş polemikaya rəvac vermək zəruridir. Sovet rejimindən miras qalan və çox cüzi, əsasən kosmetik xarakterli dəyişikliklərə uğrayaraq mövcudluğunu qoruyub saxlamış idarəetmə sistemimiz yeni, çağdaş çağırışlar fonunda Azərbaycanın Avropa məkanına siyasi-hüquqi-iqtisadi-sosial inteqrasiyasını təmin edə biləcək funksionallığa malik deyil.

Beynəlxalq konyuktura

Bugünlərdə hamımızı sevindirən iki hadisə baş verdi. Azərbaycan prezidenti sayın İlham Əliyev və Türkiyə başbakanı sayın Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də İzmirdə Azərbaycan qazının Türkiyəyə nəqli haqqında müqavilə imzaladılar. Bunun ardınca başqa bir xoş xəbər gəldi. Məlum oldu ki, hələ oktyabrın ikinci ongünlüyündə Brüsseldə "Transxəzər" qaz kəməri layihəsi üzrə müzakirələr başlayıb. “Nabucco” konsorsiumunun rəhbəri Reynhard Mitçek isə qaz nəqlinə dair sazişin artıq noyabrda imzalanacağına dair müjdə verdi. Bu, sıradan layihələr deyil; Azərbaycanın gələcək siyasi-iqtisadi-sosial inkişafının oriyentirləridir. Millətimizin rifahını və dövlətimizin təhlükəsiz inkişafını hədəf alan düzgün və alternativsiz seçimdir. Bu seçim tarixi varislilik (Azərbaycan Xalq Cümhuriyyətinin Avrointeqrasiya siyasəti), milli çıxarlara hesablanma (təbii müttəfiqimiz olan Türkiyə amili), iqtisadi səmərəlilik (Avropa Birliyinin və Qərb maliyyə institutlarının dəstəyi), siyasi praqmatizm (onsuz da dünyanın istiqaməti bu yönədir) kimi, demək olar ki, bütün zəruri faktorları özündə ehtiva edir. “Şərq Tərəfdaşlığı” Proqramının İkinci Varşava Sammitində Azərbaycanın, bir daha, Şərqi Avropa ölkəsi olaraq bu məkana inteqrasiyasına yaşıl işıq yandırıldı. Bu inteqrasiyanın siyasi-iqtisadi elementi ciddi siyasi iradə tələb edən düzgün seçimlə dolğun mahiyyət qazanmaqdadır. İndi isə sıra siyasi-hüquqi müstəvidə alınacaq önəmli və cəsarətli qərarlarındır!

Hüquqi baza

Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qoymuşdur. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında AB Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Avropa Qonşuluq Siyasəti çərçivəsində 14 noyabr 2006-cı ildə Fəaliyyət Planı qəbul edilmişdir. Fəaliyyət Planına Qanunvericiliyin uyğunlaşdırılması üzrə Tədbirlər Planı da (TP) daxildir. TP 15 sahəni əhatə edir. Bu sahələr üzrə AB-nin 126 normativ-hüquqi aktına qanunvericiliyin uyğunlaşdırılması nəzərdə tutulur.

Qanunvericiliyin uyğunlaşdırılması zamanı ortaya bir çox ciddi problemlər çıxır. Hüquqi kolliziyaların bir qismi açıq ziddiyyətlərin aradan qaldırılmasını tələb edirsə, digər hissəsi isə hüquq normalarının tətbiqinin səmərəliliyini təmin etmək məqsədilə zəruri unifikasiya ehtiyacından doğur. Unifikasiyaya ehtiyacı olan normalar arasında konstitusiya-hüquq normalarının xüsusi çəkisi var. Dövlət idarəetmə forması, hakimiyyət bölgüsü, xüsusilə də qanunverici və icra hakimiyyətlərinin səlahiyyətləri arasında disbalans, bələdiyyələr və icra hakimiyyətlərinin səlahiyyətlərinin dublikasiyası, seçki sistemi və seçki mexanizmləri, məhkəmə sisteminin funksionallığının təmin edilməsi və s. sahələrdə islahatların zəruriliyi vaxtaşırı olaraq Avropa institutları tərəfindən dilə gətirilir. Əslində zərurət özünü elə bu rəylərsiz də hiss etdirməkdədir. Gəlin ən önəmli, strateji bir mövzudan başlayaq.

Bir az nəzəriyyədən...

Azərbaycan Respublikası idarəetmə formasına görə prezident respublikasıdır. İdarəetmə forması dedikdə, dövlət idarəetməsinin ali orqanlarının (dövlət başçısı, qanunverici və icra hakimiyyətləri) təşkili və qarşılıqlı münasibətləri sistemi nəzərdə tutulur. İdarəetmə forması dövlət idarəetməsinin təşkilinin konstitusiya-hüquqi tənzimlənməsində və funksionallığının təmin edilməsində aparıcı, təyinedici rola malikdir. İdarəetmə formasına görə dövlətlər monarxiyalara və respublikalara bölünür. Monarxiyalar mütləq (məsələn, Səudiyyə Ərəbistanı, Oman) və konstitusiyalı, bir qayda olaraq, parlamentli monarxiya kimi növləri fərqləndirilir (məsələn, Yaponiya, Böyük Britaniya). Məhdud sayda və Şərqdə mövcud olan mütləq monarxiyalardan fərqli olaraq, parlamentli monarxiya quruluşu inkişaf etmiş Qərb dövlətlərində geniş yayılmışdır. Parlamentli monarxiyalarda monarx “şahlıq etsə də, hökmranlıq etmir”. Monarxın səlahiyyətləri əsasən simvolik xarakter daşıyır, ona aid olan hüquqlardan yalnız formal şəkildə istifadə edə bilir. Hökumət seçki yolu ilə formalaşır və monarx onu təşkil etmək səlahiyyəti seçkilərin qalibi olmuş partiyanın liderinə verir (verməyə bilməz!) Parlamentli monarxiyaların əsas cəhətlərindən biri və birincisi hökumətin parlament qarşısında siyasi məsuliyyətidir. Parlament hökuməti formalaşdırdığı kimi, onu istədiyi vaxt istefaya da göndərə bilir. Göründüyü kimi, bu sistemdə həlledici söz parlamentə məxsusdur. Monarx isə tarixə və ənənəyə hörmət əlaməti olaraq, əslində bir qeyri-funksional institut kimi, sadəcə, “mövcud olur”.
Respublikaların bir qayda olaraq, üç tipi fərqləndirilir: prezident, parlament və qarışıq (parlament-prezident) respublikaları. Respublikaları xarakterizə edən əlamətlərdən biri bu idarəetmə formasında, bir qayda olaraq, seçilmiş prezidentlərin mövcudluğudur. Lakin prezidentlərin seçim qaydaları və səlahiyyətləri idarəetmə formasına görə fərqlənirlər. Prezident respublikasının başlıca əlaməti icra hakimiyyətinin parlament qarşısında siyasi məsuliyyətinin olmamasıdır. Bu respublikalarda prezidenti xalq seçir və o, adətən çox geniş, bəzi hallarda isə az qala qeyri-məhdud səlahiyyətlərə malik olur. Prezident respublikalarında hakimiyyət tərəzisi, bir qayda olaraq, icra hakimiyyətinin ağırlığı və əksinə, qanunverici hakimiyyətin səlahiyyətlərinin siyasi çəkisizliyi ilə səciyyələnir. Beləliklə də hakimiyyətin qolları arasında balans və deməli, hakimiyyətin bölgüsü prinsipinin qızıl qanunu pozulmağa daha çox meylli olur. Parlament respublikaları, dövlət başçısını çıxmaqla, parlamentli monarxiyalara aid olan bütün xüsusiyyətləri özündə ehtiva edir. Fərq təkcə monarxın yerinə parlament tərəfindən və ya getdikcə daha çox ölkədə ümumxalq səsverməsi nəticəsində seçilən prezidentin mövcudluğudur. Əslində parlamentli respublika və parlamentli monarxiya idarəetmə modellərinin cüzi istisnalarla, birinin digərinə proyeksiyası olduğunu da söyləyə bilərik. Hər iki idarəetmə formasında hökumət parlament qarşısında birbaşa siyasi məsuliyyət daşıyır və demək, xalqın dövlət idarəetməsinə real təsir imkanları daha genişdir. Parlament-prezident respublikası deyilən qarışıq model isə Fransa istisna olmaqla, siyasi praktikada özünü doğrultmamışdır. Bunu Rusiya Federasiyası və Ukraynanın nümunəsində əminliklə deyə bilərik.

Tarixi təcrübə

Nəinki türk dünyasında, bütün müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti PARLAMENT RESPUBLİKASI idi. Göründüyü kimi, müsəlman Şərqində parlamentarizm ənənəsini dövlət idarəetmə forması şəklində biz Azərbaycan türkləri təsbit etmişik. Məhdud zaman kəsimində onlarla siyasi qüvvənin iştirakı ilə azad və ədalətli seçkilər keçirilərək Şərqin ilk demokratik, çoxrəngli və çoxsəsli parlamenti formalaşdırıldı. Milli Şura dövlət idarəetməsinin əsas orqanına çevrildi. Yaşadığı 23 aylıq qısa bir sürə içində bu RESPUBLİKA elə dünyəvi, demokratik dövlətçilik uğurlarına imza atdı ki, qabaqcıl Avropa dövlətləri uzun zaman bu uğurları təkrarlaya bilmədilər. Bircə misal: AXC-nin qadınlara 1918-ci ildə verdiyi passiv seçki hüququnu - seçilmək hüququnu İsveçrə... 1976-cı ildə tanıdı!
Dövlət idarəetmə forması və Avropa təcrübəsi
Avropanın coğrafi sərhədləri məktəb dərsliklərindən hər birimizə bəlli olsa da, siyasi anlamda Avropa daha geniş və dinamik anlayışdır. Siyasi Avropanın bu günədək bildiyimiz ən uğurlu tərifini Avropanın və dünyanın böyük dövlət adamı xanım Marqaret Tetçer verib: “Avropanın sərhədləri demokratiya və insan haqlarının çatdığı sərhədlərədəkdir!” Göründüyü kimi, Demokratiya və İnsan Haqları universal dəyərlər sistemi olaraq Avropanın ucqarlarına yayılmaqla, bu qitənin siyasi sərhədlərini də genişləndirməkdədir.
Dövlət idarəetmə sahəsində Avropa təcrübəsinin qısa təhlili üçün Avropa ölkələrinin şərti təsnifatından istifadə edəcəyik.

Avropa Birliyi ölkələri

Avropa Birliyinə 27 ölkə daxildir. Bu ölkələrin böyük əksəriyyəti - 17-si dövlət idarəetmə formasına görə PARLAMENTLİ RESPUBLİKALARDIR. Bu sıraya Almaniya Federativ Respublikası, İtaliya, İrlandiya, Yunanıstan, Portuqaliya, Avstriya, Macarıstan, Malta, Latviya, Litva, Estoniya, Polşa, Slovakiya, Sloveniya, Çexiya, Bolqarıstan və Rumıniya daxildir. Avropa Birliyinin digər 7 ölkəsi isə PARLAMENTLİ MONARXİYADIR: Belçika, Lüksemburq, Niderland, Böyük Britaniya, Danimarka, İspaniya və İsveç. Bu iki qrupa daxil olmayan üç ölkəyə - Finlandiya, Fransa və Kipr təcrübəsinə ayrı-ayrılıqda nəzər salaq. Elmi ədəbiyyatda Finlandiyanın dövlət idarəetmə modelini QARIŞIQ RESPUBLİKA adlandırırlar. Bu nə deməkdir? Konstitusiyaya görə, 200 nəfərlik Finlandiya parlamenti - Eduskunta ümumxalq səsverməsi ilə 4 illik müddətə seçilir. Baş naziri Eduskunta seçir və sonra prezident tərəfindən FORMAL OLARAQ təsdiqlənir. Prezident baş nazirin təklifləri əsasında nazirləri təsdiq edir. Hər parlament seçkilərindən sonra baş nazir istefaya gedir. Parlament istədiyi vaxt baş nazirə etimadsızlıq göstərə bilər! Bu zaman o, prezidentin FORMAL QƏRARI ilə istefaya göndərilir. Göründüyü kimi, söhbət klassik anlamda PARLAMENT RESPUBLİKASINA yaxın bir quruluşdan gedir. Finlandiyanın qarışıq respublika adlandırılmasını isə daha çox hakimiyyət bölgüsü prinsipindəki qeyri-ənənəvi qarışıqlıqla əsaslandırmaq olar. Belə ki, Finlandiya Anayasasına görə, qanunverici hakimiyyət PREZİDENTƏ və Eduskuntaya - parlamentə aiddir. Məsələn, Böyük Britaniya parlamenti də formal olaraq iki palatadan və MONARXDAN ibarətdir. Düzdür, zavallı monarx xüsusi dəvət olmasa palataların heç birinin adi bir iclasına da qatıla bilmir... Demək, hakimiyyət bölgüsündəki “deformasiya”ya görə qarışıq respublika adlandırılsa da, dövlət idarəetmə formasına görə biz Finlandiyanı parlament respublikaları siyahısına əlavə edə bilərik.
Fransa, sonuncu - 5-ci Respublika konstitusiyasına görə (1958) aralıq tipli model - prezident-parlament respublikası olmaqla Avropada bu formata uyğun gələn yeganə ölkədir. Fransa prezidenti 1962-ci ildən etibarən ümumxalq səsverməsi ilə seçilir. Fransa baş nazirinin namizədliyi Milli Məclis (Assambleya) tərəfindən təsdiqlənmir və buna heç ehtiyac da yoxdur: Milli Məclis istənilən vaxt hökumətə etimadsızlıq göstərərək, onu istefaya göndərmək səlahiyyətinə malikdir!

Və nəhayət, Avopa Birliyinin üzvləri arasında YEGANƏ prezident respublikası Kiprdir! Bunun da çox özəl səbəbi var. Yəqin ki, Kipr yunanları da, məmnuniyyətlə, bütün Avropada, Ana Vətənləri Yunanıstanda, lap elə Şimali Kipr Türk Cümhuriyyətində mövcud olan parlament sisteminə keçərdilər. Lakin Kipr münaqişəsinin həll olunmaması buna imkan vermir. Hələlik isə Kiprdə 1960-cı il konstitusiyası qüvvədədir və bu Ana Qanuna görə, ölkənin prezidenti yunan, vitse-prezidenti isə türk olmalıdır. Kiprin münaqişə həll olunanadək bu status-kvonu saxlamaqdan başqa çıxış yolu yoxdur!

Daha geniş Avropa

Avropa Şurası 47 üzvdən ibarətdir. Bu təşkilatda Avropa Birliyində təmsil olunmayan 20 ölkə fəaliyyət göstərir. Bu ölkələrdən 8-i - Türkiyə, İsveçrə, Albaniya, İslandiya, Makedoniya, Xorvatiya, San-Marino, Moldova parlament respublikaları, Norveç, eləcə də Andorra, Lixtenşteyn, Monako kimi “cırtdan” dövlətlər parlamentli monarxiyalardır. Bosniya və Herseqovina isə mürəkkəb və polifonik etnik tərkibinə görə yumşaq konfederasiya tipli bir dövlət modeli sərgiləməkdədir. O, Bosniya və Herseqovina federasiyası, Serb respublikası və Brçko dairəsindən ibarət hibrid bir quruluşdan oluşan dövlətdir. Lakin bu ölkənin idarəçiliyində də parlament elementi xüsusi ağırlıq təşkil edir.

davamı var.