“Nəticədə 50-dək insan həyatını itirir”

neticede-50-dek-insan-heyatini-itirir
Oxunma sayı: 716

Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, layihənin əsas məqsədi yerli QHT-lərin menecerləri və mühasiblərinin bilik və bacarıqlarının artırılması, işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün onların institutsional inkişafına yardım göstərmək, icbari sığortaya dair yeni qanunvericiliyi təbliğ və təşviq etməklə onun icrasına və bununla da QHT sektorunda sığorta bazarının yaratdığı sosial təminat və müdafiə, sağlamlığın qorunması imkanlarından bəhrələnməyə dəstək verməkdir.

Layihə çərçivəsində QHT rəhbərləri, mühasibləri və menecerləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mexanizmi, sığorta haqqının layihə təkliflərinə salınması qaydaları, müvafiq maliyyə hesabatlarının hazırlanması, sığorta haqqı tutulacaq əmək haqqı məbləğinin hesablanması qaydaları və sairlə bağlı metodiki seminar təşkil edilib. Tədbirdə ilk olaraq çıxış edən İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu hər il ölkədə istehsalat qəzaları nəticəsində 50-dək insanın həyatını itirdiyini, 150-dək insanın isə müxtəlif dərəcəli xəsarət aldığını bildirib. Onun sözlərinə görə, belə bir şəraitdə bu sahədə qanunverici bazanın formalaşdırılması çox vacib və zəruri bir addım olub: “Hazırda bütün işəgötürənlərin əsas vəzifəsi qəbul edilmiş qanunvericiliyin tələblərinə əməl etməkdir. İşçilər isə istehsalat qəzaları və peşə xəstəliklərindən sığorta olunmaqda özləri maraqlı olmalıdırlar. Bunun üçünsə onların qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsi artırılmalıdır. Bu ehtiyacı ödəmək məqsədilə biz QHT-lərə Dövlət Dəstəyi Şurasına təkliflə müraciət etdik. Müraciətimizə müsbət cavab verildiyinə görə Şuraya təşəkkürlərimizi bildiririk. Biz QHT-lər də işəgötürən olduğumuza görə bu sahədə məlumatlı olmağımız çox vacibdir. Çünki qanunvericiliyə əməl etməsək, bizə qarşı cərimə tətbiq oluna bilər.”

Daha sonra layihənin rəhbəri Dünya Camalova layihə çərçivəsində görülən işlər barədə iştirakçılara məlumat verib: “İndiyədək layihə çərçivəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya dair qanunvericilik analiz edilib, onun tətbiqi mexanizmini tənzimləyən normativ sənədlər, sığorta haqqının hesablanması, sığorta müqaviləsi, sığortaçılar və sair barədə ətraflı məlumatlardan ibarət baza yaradılıb. Həmin baza əsasında işçilər və işəgötürənlər arasında paylamaq üçün sadə başadüşülən maarifləndirmə broşürün çap edilib, hazırda onun yayılması işi həyata keçirilir. Eyni zamanda müvafiq risk qrupuna daxil olan peşələr üzrə əmək haqqı məlumatları əsasında icbari sığorta məbləğini, mümkün hadisələrə görə sığorta ödənişlərini hesablayacaq vebkalkulyator hazırlanır. İnşallah, iyulun sonunadək biz kalkulyatoru istifadəyə verəcəyik.”

Sığorta sahəsi üzrə mütəxəssis, “Atəşgah” sığorta şirkətində təlimçi vəzifəsində çalışan Eldəniz Əsədov iştirakçılara üç mövzuda təqdimat edib. “İcbari sığorta nədir və hansı üstünlüyü var?” adlı təqdimatda istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortanın işçilərə verdiyi təminatlar, işəgötürənlərə verdiyi imkanlar barədə ətraflı məlumatlar yer alıb. Tədqiamtdan sonra iştirakçıların çoxsaylı suallarını cavablandıran E.Əsədov bu prosesdə sığorta şirkətlərinin öz üzərlərinə böyük məsuliyyət götürdüklərini bildirib.

“Sığorta ödənişlərinin hesablanması metodları, QHT-lər işçilərini necə sığortalamalıdır?” adlı təqdimatda müxtəlif nümunələr əsasında sığorta hadisələri zamanı sığortalanmış işçilərə ödəniləcək məbləğ, onun hesablanması mexanizmi, məbləğə təsir edən amillər, eyni zamanda QHT-lərin öz işçilərini necə sığortalaması, hansı prosedurlardan keçmələrinin gərəkdiyi barədə dolğun məlumatlar əksini tapıb. Bu barədə QHT nümayəndələrinin suallarına mütəxəssis tərəfindən verilən cavablardan aydın olub ki, yeni qanunvericilik qısamüddətli layihələrlə işləyən QHT-lər üçün ciddi vaxt tələb edən çoxsaylı sənədləşmələrin aparılmasını tələb edir. Tədbirdə iştirak edən QHT rəhbərləri bu prosesin sadələşdirilməsi üçün təkliflərin hazırlanmasının zəruri olduğu qənaətinə gəliblər.

“Sığorta hadisəsi necə rəsmiləşdirilməlidir və ödənişlərin hesablanması qaydası” barədə danışan E.Əsədov bu sahədə əsas söz sahibi kimi sığrorta şirkətlərinin deyil, bir sıra dövlət qurumlarının çıxış etdiyini bildirib. Belə ki, baş vermiş istehsalat qəzasını qeydə alan Fövqəladə Hallar Nazirliyi, işçinin sağlamlığına, əmək qabiliyyətinə dəyən zərəri müəyyənləşdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi qərarlar sığorta ödənişinin məbləğinə təsir edən başlıca amillərdir. Bu təqdimatdan sonra da iştirakçılar aparıcıya çoxsaylı suallar ünvanlayıblar.