Niçşe belə deyib

nicse-bele-deyib
Oxunma sayı: 1378

Mən Niçşeyə digər bütün filosoflardan daha çox inanıram. Səbəbi çox sadədir. Bütün filosoflar həmişə ağıllı olublar və həmişə ağıllı olduqlarından, ağıllarının diqtə etdiyi yalnız bir həqiqətin arxasınca gediblər. Heç bir filosof özü-özünü təkzib etməyib. Həmişə ağıllı olduqlarından, heç vaxt dəliləri başa düşməyiblər.

Amma Niçşe yeganə filosofdur ki, həm də zaman-zaman dəli olub sonradan yenidən ağıllı vəziyətinə qayıdıb və buradan Niçşenin digər bütün filosoflardan üç üstünlüyü meydana çıxıb. 1. Niçşe sağlam olduğu dövrlərdə hər bir ağıllı filosof kimi düşünüb. Buradan, Niçşenin hamı tərəfindən qəbul edilən ümumi fəlsəfi fikirləri meydana çıxıb. 2. Niçşe dəli olduğu dövrlərin yaddaşından dəli olduğu vaxt ağlına gələn fikirləri yenidən düşünüb. Buradan, Niçşenin heç kim tərəfindən asanlıqla qəbul edilməyən fikirləri doğulub. Məsələn “Allah öldü” kimi. 3. Niçşe sağalma prosesində dəlilikdən ağıllılığa keçiddə düşünüb və buradan Niçşeni Niçşe kimi tanıdan Nihilizmi yaranıb.

Əslində hər bir insan dəliliklə ağıllılığın qarışığından ibarət düşüncəyə malikdir. Sağlam hesab edilən insanların düşüncəsində dəliliyin payı çox azdır və belə insanlar dəlilik təcrübəsi yaşamadığından o, öz ağılının dəliliyindən gələn fikirləri yaxına buraxmayıb, onlara müqavimət göstərib, şübhə ilə yanaşıb, ən pis halda isə o fikirləri düşünsə də, amma heç vaxt, heç kimə izhar etməyib və gündəlik həyatında o fikirlərə istinad etməyib. Adi insan özündə olan fikirlərin bəzilərinin dəlilikdən gəldiyinin fərqində olmur. Bəzən belə fikirlərin təsiri altında addımlar atır və bu zaman başqalarının “dəlilik etmə” iradı ilə üzləşir. Beləliklə, istənilən insan sağlam ağılla dəliliyin rəqabətində düşünür və həqiqi sağlam düşüncəli insan dəlilikdən gələn heç bir ideyaya əsaslanmır. Nicşe öz nümunəsində insanın necə ağıllıqdan dəliliyə, dəlilıkdən ağıllılığa keçdiyini “Esse Homo” əsərində dahiyanə şəhr etmişdir. Əslində “Esse Homo” hər bir adama necə özü-özü olmağın yolunu göstərir. Kimdə ki, ağıllılıqla dəlilik bərabər həcmdə fikirlər doğurur belə insanlar eyni vaxtda həm böyük dəli, həm də böyük ağıllı adamlar olurlar. Bəşəriyyət tarixində bütün cinayətlərin və fəlakətlərin baiskarları, tarixə adlari iri hərflərlə yazılmış Neron, Kaliqula, Napaleon, Hitler, Stalin, Pinoçet, Səddam, Polpot kimi həm ağıllı eyni zamanda həm də dəli olan “dahilər”olmuşlar. Bu adamlar bir tərəfdən heç də hər adamda rast gəlinməyən sağlam ağılla müvəffəqiyyətlə hakimiyyətə gəlmiş, sonra isə əllərindəki hakimiyyətdən öz dəlilıklərindən gələn ideyaları reallaşdıraraq milyonlarla insanın bədbəxtliyinə səbəb olmuş tarixin surətini yavaşıtmağa nail olmuşlar.

Dəlilıklə ağıllılığın sərhədində düşünən insanların hakimiyyətə gəlməsi xalq üçün böyük fəlakətdir. Ona görə də, Niçşe deyirdi: “Harda ki, dövlət qurtarır, orda insan başlayır.” Bəlkə də etatistlər Niçşenin bu fikrinə dərhal ağız büzərək – “Dövlət hər şeydən üstündür” deyəcəklər. Amma “Dövlət xalq üçün ideyası” elə ümumi qəbul edilmiş fikrə çevrilib ki, birincilər özlərinə tərəfdar toplaya bilməyəcək və gülünc vəziyyətdə qalacaq.
Bəs nə üçün insan dövlətin qurtardığı yerdə başlayır? Bəs onda insan niyə özünü qurtaran dövləti yaradır, necə etmək olar ki, insan dövlətlə eyni yerdə başlayıb, eyni yerdə qurtarsın?

“Dövlətin qurtarıb, insanın başladığı” prinsiplə meydana çıxan dövlətlər azad dövlətlərdir. Azad dövlət öz vətəndaşı ilə özü bildiyi kimi rəftar edən dövlətdir. Belə dövlət dövlətçiliyin “bezpredelliyi”- özbaşınalığıdır. Belə dövlət ağılla dəlıliyin sərhədində mövcud olan dövlətdir.
İnsan dövlət yaratmağa məhkumdur. Çünki, insan elə zərif gücsüz yaranıb ki, bütün insanların birliyi olmadan yaşama qabiliyyətinə malik deyildir. Ona görə də, bəzi müdiriklər “dövlət acizlərin yaşama formasıdır” deyiblər. İnsan aciz olduqca dövlətə ehtiyacı artır. Beləliklə, acizlərin ağılla dəliliyin sərhədində olan dövlətdə yaşamasından hər cür avtoritarizm, totalitarizm, diktatura və s. bir sözlə “acizlərlə dəlilərin dövləti” meydana çıxmışdır.


İnsanla dövlətin eyni yerdə başlayıb eyni yerdə qurtarması fərdlə dövlətin bərabərlik təşkil etdiyi vəziyyətdə mümkündür. O yerdə ki, dövlət güclü vətəndaş zəifdir, orda yalnız dövlət var, insan yoxdur. O yerdə ki, vətəndaş güclü, dövlət zəifdir orda anarxiya var, dəlilərlə ağıllılar bir-birinə qarışıb.

Yalnız dövlətlə vətəndaşların güclü olduğu yerdə həqiqi dövlət vardır, buna liberal dövlət deyirlər. Liberal dövlət yalnız ağılla idarə olunan dövlətdir. Belə dövlətdə gücə, hiyləyə heç bir yer yoxdur. Belə dövlətdə insan özünü insan kimi dərk edir.

Bəs dövlətin xəstə olduğunu, dəliliklə ağılın sərhədində meydana çıxdığını necə bilmək olar? Dövlətin qüsurları dövlətin xəstəliyinin əlamətləridir. Dövlətçiliyin ən ağır qüsuru isə korrupsiyadır. Korrupsiyanın iqtisadi əlamətləri hamıya məlumdur, bəs onun sosial-siyasi əlamətləri nədən ibarətdir? Dövlətdə idarə edənlər korrupsiyanı yaradır, sonra korrupsiya, korrupsiya insanlarını meydana çıxarır. Korrupsiyalaşmış dövlətlə korrupsiya insanının yaratdığı dövlət isə azad dövlətə - öz vətəndaşı ilə istədiyi kimi rəftar edən dövlətə, vətəndaşlar isə dövlətin onunla istədiyi kimi rəftar etməsinə razılaşan insanlara çevrilir. Korrupsiya dövlətini başqa dövlətlərdən nə fərqləndirir? Niçşe “Şən elm” əsərində korrupsiyanın əlamətləri haqqında yazır:

1. Harda ki, korrupsiya var, orada xürafat var. Xürafat bütün əvvəlki inamlari məhv edib, onun yerində korrupsionerə inamı əvəz edir. Xürafat düşüncəsi ilə insan fərdiyyətçiyə çevrilir, onun üçün xalq və cəmiyyət heç bir məna kəsb etmir. İntellekt heç vaxt azad olmur və həmişə korrupsionerdən asılı olur. Nəticədə intellekt - ağıl, şəxsiyyət və Allah ölür.
2. Cəmiyyət zəifləyir. Belə cmiyyətdə müharibənin qiyməti aşağı düşür, insanlar yalnız ucuz həzz arxasınca qaçırlar. Xüsusi ehtiraslar ümummilli ideyaları görünməz edir. Zəifləmiş cəmiyyətdə fəlakət azad şəkildə istədiyi qapını döyür, nifrət və kin alovu ərşə qalxır. Nəticədə, cəmiyyət, xeyirxahlıq, birlik hissi ölür.
3. Korrupsiya dövrlərində cəzaların ağırlığına münasibət dəyişilir, əvvəllər ağır hesab edilən cinayətlərə indi yüngül cəza verilir və əksinə. Zorakılıq daha incə formalar alır. Korrupsiya ədavət və ədavətdən zövq yaradır. Korrupsiyalaşmış insanlar ağıllı və acıdil olurlar. Onlar xəncərin öldürə bildiyindən daha təsirli silahların olduğundan xəbərdardırlar və bilirlər ki, insanlar deyimi yaxşı sözə daha tez inanırlar. Nəticədə, qara piyar, düşmənçilik, çiçəklənir, cəzasızlıq şəraiti hökm sürür.
4. Əxlaq normaları dağıldıqdan sonra tiran adlanan varlıqlar üzə çıxır. Korrupsioner dövlətlərdə belə adamları “böyük kişi”, “dahi insan” adlandırırlar. Niçşe böyük kişi anlayışı ilə bağlı yazir: “Böyük kişi - kimki böyük kişidir, həmişə o deyil, o - kişidir. Ola bilsin yalnız uşaqdır və ya istənilən yaşda olan biqələmundur və ya ovsunlanmış qadındır”. Tiranların qaniçənliyi onların sağlam insan ağlına gəlməyən hərəkətləri məhz buradan qaynaqlanır... tiranlar fərdiyyətçiliyin birinciləridir. Hər addımı xalq adına yalnız öz şəxsi mənafeləri naminə atırlar. Bir az keçdikdən sonra bu meyvələr xalq ağacından asılır. İnsanlar tiranı alqışlayır, yalnız zahiri sakitlik arzulayırlar, daxili gərginliklərini isə öz içlərində saxlayırlar, satqınlıq və xəyanət inkişaf edir. Eqoizm zirvəsinə çatır. Özünü sevmək vətəni və xalqını sevməyi sıradan çıxarır. Gələcəyə heç bir ümid qalmır. İnsanlar yalnız indiki günlə yaşamağa adət edir. Onlar üçün gələcək ölür. Korrupsiya xalqın payızıdır. Fərdlər artıq xalq ağacından düşməyə başlayırlar. Miqrasiya nəhəng ölçülərə çatır, ölkə boşalır və hər payızdan sonra qiş gəldiyi kimi xalqın payızı qışı ilə əvəzlənir, yəni korrupsiya xəstəliyi nəhayətdə dövləti məhv edir.

Niçşe belə demişdir! Nə olsun, bunun şəxsən mənə, bizə, bizim dövlətimizə, xalqımıza nə aidiyyati var? Axı, biz Niçşedən fərqli olaraq gah ağıllı, gah dəli deyilik ki, biz həmişə ağıllıyıq!!!