“Nolub ala”

nolub-ala
Oxunma sayı: 1205




***

Qatmısan sən yenə də malı mala, nolub ala
qazıyırsan ayağım altda çala, nolub ala

Bağı aldın, evi aldın, amma doydum demədin
qoymadın heç mənə bir metrə qala, nə olub ala

Neçə ildir ki, imarətlə, ticarət duruşun
getmisən sən qabağa mənsə dala, nolub ala

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük
mülkü tikdin məni saldın kanala, nolub ala

Gah atı, gah nalı, gah mıxı tərifləmisən
vurursan gah mıxa, gah da nala, nolub ala

Qız, gəlin orda əsirlikdə qalıb ermənidə
götürürsən evinə gündə xala, nolub ala

Ananas, kivi, banan payladı yas süfrəsinə
bircə şey qaldı, durub zurna çala, nolub ala

Qərbdən şərqə kimi hər yeri zəpt eyləmisən
keçmisən indi cənubdan şimala, nolub ala

İçəri şəhərimizin hər daşı bir tarixdir
çəkmisən tarixi inpırtnı mala, nolub ala

Nəcəb qız qalasından xəbərin yoxdu sənin
al onu, sal adına, qoyma qala, nolub ala

Pünhanın kəs dilini, çək bazara as divara
gedəcək yaxşı pula, baxsa mala, nolub ala

***

Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər - mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər - mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər - mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm

***

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey "Qız qalası" qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.

***

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,
Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,
Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,
Desə erməni qudamdır, bu adam bizim adamdır.

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,
Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,
Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,
Desə ki, babam İmamdır, bu adam bizim adamdır.