“Normada sevəndə ürək baxımlı və formada olur” - “Yuxarı və Aşağı ətraflar”

normada-sevende-urek-baximli-ve-formada-olur-yuxari-ve-asagi-etraflar
Oxunma sayı: 1099

Səma şəffaf mürəkkəb şüşəsinə bənzəyir. İldırım çaxanda şüşə çat verir, mürəkkəb damcıları yerə tökülüb çoxunun üst-başını ləkələyir. Ləkəni təmizləməyə çalışırıq. Sürtdükcə onu yayır, qismən təmizlədiyimizə inanıb sakitləşir, bir gün ondan tamamilə qurtulacağımıza ümid edirik...
Mən dünyaya gələn ili həmişəki kimi küçələrə ovuc-ovuc sevinc və kədər səpələmişdilər. Küçələr dərzilər, bərbərlər, müəllimlər, həkimlərlə,.. dolu idi. Çirkinlər, səliqəsizlər, dağınıq saçlılar, xoşbəxt görünənlər, çirkli başlar, yumru sifətlər, sısqa üzlər, bığlılar, saqqalsızlar, keçəllər, sarışınlar,.. gəzişir, toqquşur, yaşayır, ölürdülər. Müxtəlif irqdən olan ala-bəzək insanlar rəngli karandaşlar kimi yaşamları ilə qeyri-peşəkar həyat rəsmi çəkirdilər. Mən dünyaya gələn ili hərdən yağış yağmışdı, elə bil göydəki buzlaqlar ərimiş, yerə damcılar düşmüşdü. Açıq səma altında siyasətçilərin püskürdükləri nitqlər günəşin şəfəqləri altında bərq vurmuş, göz qamaşdırmışdı. Mən doğulan ili həmişəki kimi rəngsazlar-siyasətçiləri deyirəm, həqiqət və yalanları rəngləməklə məşğul olmuşdular.
Çox vaxt, sadəcə, yanımızdakıları, əlimizdə-ovcumuzda olanları sevirik. Kim bilir, bəlkə, bir az uzaqda sevilməyə daha çox layiqlər var. İnsanlar var, sevilməyə əsl layiqlərlə heç qarşılaşmırlar.
Yaşıdlarım məni maraqlandırmırdı. Onların dəstəyi mənə lazım deyildi. Daha böyük adamların tərifinə və diqqətinə maraq göstərirdim. O vaxtlar adamlar mənə böyük görünürdü. Onlara güvənirdim. Çətinliyim olsa, geniş sinələrini önə verib məni qoruya biləcəklərini düşünürdüm. Zaman keçdikcə böyük adamlarla daha az-az rastlaşmağa başladım. İndi isə böyük adamla sonuncu dəfə nə vaxt rastlaşdığımı xatırlamıram belə.

“Adətən, bütün cinayətkarlar ilkin dindirilmədə hadisə yerinə təsadüfən gəldiklərini, üstlərindən tapılan silahın ağırlığını hiss etmədiklərini iddia edirlər. Özünü cinayətkar kimi aparırsan.”
“Üstümdə sevgi yükü filan hiss eləmirəm,” demişdim gülümsəyərək.

Gülümsəməyi çox sevirdi. Deyirdi, mehriban göründüyünə baxmayın, sevinc kinlidi. Bir dəfə üzünə qapı bağlasaq, bizi bağışlamaya, bizən uzaq gəzməyə başlaya bilər. Kədər isə qanıacılığına aldanmayın, əslində, unutqandı. Onu qovsaq belə, qapımızın ağzında keşik çəkib ilk fürsətdə özünü içəri-içərimizə ata bilər. Mən sevinci incitməkdən çox qorxuram. Ona görə hər şeyə rəğmən gülümsəyirəm.

Sevmədiyi, yaxşı saymadığı adamlar haqqında belə deyirdi: İnsan kostyumu geydirib maskarada salsan, kimsə onu tanımaz.

İkiüzlüləri belə xarakterizə edirdi: elə adamlar var insan kostyumlarını yanlarında gəzdirirlər, lazım olanda dərhal geyinir, tək qalan kimi çıxarıb atırlar. Belə adamlar tək qalanda insan ola bilmirlər, sıxılırlar.

Müharibələr haqqında oxumağı sevirdi. Deyirdi Əzrayıl müharibələrdə gücləndirilmiş iş rejimi ilə çalışır. Yəqin, o da yorulur, axı işi birə-beş artır. Belə qənaətdəyəm ki, deyirdi, Əzrayıl da müharibələri sevmir. Əzrayıl müharibələrdə işindən zövq almayan, müəyyən vəzifə öhdəlikləri olan məmur kimi deyinə-deyinə adam canı alır.
Onun özünəməxsus sevmə tərzi var idi. Elə yavaş, təmkinlə sevirdi ki, elə bil israfçılıq etməkdən qorxurdu. Deyirdi, sevmək ürəyin gimnastikasıdı. Normada sevəndə ürək baxımlı və formada olur, heç sevməyəndə ət parçasına çevrilir. Şiddətlə və anormal sevəndə isə digər ağır idman növləri kimi bədənə zərər verməyə başlayır.
Məni son dəfə qucaqlayanda, hörüyümü dartıb kefimi açmaq üçün zarafat edəndə, göz yaşlarımı əllərimlə siləndə və “yaşamaq yüz milyonlarla dəfə istifadə olunmuş dünyadan sevinc, uğur, şöhrət, rahatlıq, bir sözlə, xöşbəxtlik sıxıb çıxarmaqdı. Güclü ol!” dediyində donmuşdum. Güclə özümü toplayıb “xırda arzularım həyata keçməyincə məndə immunitet yaranıb, hər uğursuzluqdan sonra üzlü-üzlü daha böyük şeylər arzulamağa başlamışam, mənə görə narahat olma,” dedim.

Lakin məni aldatmışdılar. Səadət anbarına salıb “buyurun, istədiyiniz, ehtiyac duyduğunuz qədər sevinc götürün,” deyib qapını bağlamış, tələyə salmışdılar.
“... bəlkə də, biz dünyaya gəlməmişdən hazırlıq görülüb. Alın yazısına inananlara inansaq, biz dünyaya gəlməmişdən yazılan da yazılır, pozulan da pozulur. Bundan xəbərsiz hər şeyi özümüz yazacağımıza inanaraq saxta qərarlarla bu dünyadan ya gəlib, ya da keçib gedirik, doğrudan da, cənnət-cəhənnəm varsa. Lakin mən qismət məsələlərinə bir o qədər inanmıram. Kimsə bir az sonra nə olacağından əmin deyil. Allah belə. Yoxsa bir az dərindən düşünsək, onun ədalətli obrazını ləkələmiş, beş dəqiqə sonra dünyada baş verəcək minlərlə haqsızlığın günahını adına yazmış olarıq. Düşünürəm ki, Allah, izləyici, müəyyən həddə qədər müdaxilə etməmək üçün tövbəlidir. Yaradıcıdır, vəssəlam. Qalanı bizim insafımıza, bacarığımıza, fərasətimizə qalır.”
O dövrlər bir müharibə də mənim ölkəm yaşadı. Anamın nənə-babasının qəbirdəki sümüklərinə dəyəcək qədər aramsız güllələr atıldı, qəbiristanlıqları da viran edən bombalar partladı. Mən deməyəcəm bu müharibə fərqli oldu, deməyəcəm ermənilər ulu babalarımın ruhu dolaşan kəndləri fərqli şəkildə talan etdilər. Hər şey ən adi müharibədə olduğu kimi başladı və bitdi. Bütün müharibələr kiçik, əhəmiyyətsiz fərqləri nəzərə almasaq, oxşardılar. Mənim ölkəmdə müharibə gedən günlərin birində-günün bir saatında yəqin ki dünyanın başqa bucağında bir qız üzünə çıxan sızanağın dərdini çəkirdi. Bir qadın sevgilisinə naz, bir kişi arvadına xəyanət edirdi. Bir evdə süd qazanı daşırdı, bir dəllək bir kişinin üzünü qanatmışdı. Bir cərrah bir burun kiçildirdi, əməliyyat stolunda bir kişi qadına dönürdü, biri yalan danışırdı, kimi susurdu və mənim kəndimdə altı yaşlı qız uşağının güllə dəymiş ürəyindən sürətlə qan axır, o, son nəfəsini alıb-verirdi. O an günahsız bir qızın canı süd daşmasından, üzə çıxan sızanaqdan, yalandan və xəyanətdən, uzun burundan daha əhəmiyyətli deyildi.
Hər insan ömrü bir cümlədi. Və bütün uğurlu cümlələr kimi bitmiş bir fikir bildirməlidi. Uğurla yaşanan həyatlarda hər şey qaydaya uyğun olur, uşaqlıq, gənclik, qocalıq, yerində sevinc, lazım olanda kədər yaşanır. Necə ki uğurlu cümlədə söz sırası qorunur. Yaşam sırası pozulan ömürlər isə nöqtə qoyulduqdan-ölüm gəldikdən sonra söz sırası pozulmuş cümlələr kimi çətin oxunur və düzgün anlaşılmır.