Növbəti stansiya “Azadlıq Meydanı”

novbeti-stansiya-azadliq-meydani
Oxunma sayı: 861

“Qafqazinfo” xəbər verir ki, Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni stansiya 2016-cı ildə istifadəyə veriləcək. Onun sözlərinə görə, Bakı Metropoliteninin üçüncü xətti - Bakı Beynəlxalq Avtovağzalında tikilən metrostansiya Azadlıq meydanı ilə birləşəcək. Ümumiyyətlə, üçüncü xətdə ilkin olaraq 6 stansiya tikiləcək. Xəttin ilk stansiyası “Avtovağzal”, ikinci stansiya “Memar Əcəmi”, üçüncü stansiya Ceyhun Səlimov küçəsində, “Xutor dairəsi”nin ətrafında, dördüncü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində, beşinci stansiya Heydər Əliyev Sarayının arxa hissəsində, altıncı stansiya isə Azadlıq meydanında olacaq. Sonuncu stansiyanın minimum 6 çıxışı olacaq.

Metropoliten rəsmisi üçüncü xəttin ilk iki stansiyasının 2013-cü ilin sonunda, digər iki stansiyanın 2015-ci il ərzində, sonuncu iki stansiyanın isə 2016-cı ildə istifadəyə veriləcəyini bildirdi. Eyni zamanda “Xətai”–“H.Aslanov-2”–“Yeni Günəşli” istiqamətində də stansiyalar, həmçinin iki depo inşa olunacaq.

Bundan əlavə Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında əhali sıxlığı nəzərə alınaraq 3 əlavə giriş tikilir. Arif Rəsulovun verdiyi məlumata görə, artıq tikinti işlərinə başlanılıb. Girişin biri Zahid Xəlilov, ikincisi Bəxtiyar Vahabzadə, üçüncüsü isə Bakı Dövlət Universitetinin yaxınlığında tikilir.

“Bakı Metropoliteninin bəzi stansiyaları var ki, onların giriş-çıxışı bir yerdəndir. Bu da beynəlxalq standartlara uyğun deyil. “Elmlər Akademiyası”, “Nizami”, “Xətai”, “Sahil” və “İçəri şəhər” stansiyalarının cəmi bir giriş-çıxışı var. Bu da həm təhlükəsizlik baxımından əlverişsizdir, həm də sərnişin sıxlığı yaradır”, deyə A. Rəsulov qeyd edib.

Metropoliten rəsmisi “Elmlər Akademiyası” stansiyasından sonra, “İçəri şəhər” və “Sahil” stansiyalarında da əlavə girişlərin tikiləcəyini bildirdi.

“Hələlik tikinti işləri “Elmlər Akademiyası” stansiyasında aparılır. Hazırda sürətli iş gedir. Bundan sonra ya “İçəri şəhər”, ya da “Sahil” metrostansiyalarında ikinci girişin tikintisinə başlanacaq”, deyə A. Məmmədov qeyd edib.