Novxanıdan çıxarılan yararsız duz əhaliyə satılır

novxanidan-cixarilan-yararsiz-duz-ehaliye-satilir
Oxunma sayı: 786

“Qafqazinfo”nun məlumatına görə, E. Hüseynov bildirib ki, Novxanı ərazisində yerləşən duz gölündən hər gün 150 tondan artıq texniki istifadəyə belə yaramayan duz respublikanın müxtəlif bölgələrində əhaliyə satılır: “Azad İstehlakçılar Birliyi ölkə ərazisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı, kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması hallarını aşkarlamışdır. Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olmuşdur ki, bu duzlar əsasən Novxanı ərazisində yerləşən göldən toplanan duzların hesabına istehsal olunmaqdadır”.

O, araşdırmaların bir ay davam etdiyini və əsasən bazarın, duzdan istifadə edərək mal istehsal edən, çörəkbişirmə sexlərinin istifadə etdiyi duzların tərkibinin yoxlanıldığını vurğulayıb. E. Hüseynov bildirib ki, yodsuz duzdan istifadə edən çörəkbişirmə sexləri əsasən tərkibində yod olmadığı məlum olan “Kristal duz” adı ilə satışa çıxarılan duzdan istifadə edirlər: “Belə duzlara ölkədəki satış yerlərində də rast gəlinir. Təxminən ölkədə 10-a yaxın yodsuz duz satılır. Ölkədə yodsuz duzun, hətta heyvanlara verilməsi məqsədilə satışı, idxalı qadağan olunsa da bu gün tam yodlaşdırılmış duzlarla bərabər yodlaşdırılmayan, təmizlənməyən, ekzotik qablarda qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən təhlükəli duzlardan istifadə olunur”.

E. Hüseynov həmçinin qeyd edib ki, AİB-in regional şöbələrindən verilən məlumatlara görə, Masazır duz gölü yaxınlığında yerləşən duz gölündən hər gün yığılan 150 ton duz respublikanın hər yerinə, o cümlədən Şəmkir ərazisində yerləşən qeyri-qanuni sexə daşınır, qablaşdırılıb, yod vurulmadan əhaliyə satılır: “Nə səbəbdənsə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahədə istehlakçıların hüquqlarının qorunmasına az diqqət göstərir. Uzun müddət istehlakçıların rəğbətini qazanmış Türkiyənin “Salina” mal nişanı “Sabina” mal nişanı ilə qanuniləşdirilib. Bu duzu istehsal edən Səfər adlı şəxs həm “Salina” MMC, həm də “Sabina” mal nişanı ilə duz istehsal edir. Bu şəxs barədə dövlət orqanlarına rəsmi məlumatlar verilsə də nəticə yoxdur. Bütün bu məsələlər barədə iqtisadi İnkişaf Nazirliyinə bir ay öncə məlumat versək də dövlət orqanları seyrici mövqelərini dəyişmək istəmirlər”.

AİB sədri tədbir zamanı bəzi adlarla satılan duz nümunələr üzərində yodlu olub-olmamasını müəyyənləşdirmək üçün yoxlama da aparıb. Azərbaycan istehlakçılarına tərkibində yod olan Azərbaycan markası - “Azərduz” duzlarından istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan əhalisi bir ayda duz almaq üçün 1 mln. 200 min manat xərcləyir. 2011-ci ildə yodlu duzun satışı vəziyyəti yaxşılaşdırılaraq 25%-dən 85%-ə çatdırılıb.

Nigar Məmmədli