“O, ağsaqqal vaxtında hökumətə yarınmaq istəyir” – Cavab

o-agsaqqal-vaxtinda-hokumete-yarinmaq-isteyir-cavab
Oxunma sayı: 680

Sabiq daxili işlər naziri Vaqif Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib. Vaqif Novruzov bildirib ki, 1994-cü il martın 23-də eks-spiker Rəsul Quliyev onu evinə qonaq çağırıb və ona öz komandasını formalaşdırdığını deyib:

“1994-cü il martın 23-də səhər işə gələn zaman Rəsul Quliyev məni evinə qonaq çağırdı. Dedim ki, yox, mən günorta naharımı evdə edirəm. Təklif etdi ki, bu gün günorta onun evində yemək yeyək. Razılaşdım, günorta gəldim Rəsul Quliyevin evinə. Çox maraqlı mənzərə ilə qarşılaşdım. Rəsulun ailə üzvlərindən heç kim evdə yox idi. Evdə Rəsuldan başqa baş prokuror Əli Ömərov, milli təhlükəsizlik naziri Nəriman Imanov, baş nazirin müavini Abbas Abbasov var idi. Onu da deyim ki, Nəriman Imanovla Rəsul Quliyev çox yaxın idilər. Bunu əvvəldən bilirdim. Qeyd etdiyim adamlar bir masa arxasında əyləşib yemək yeyirdilər. Əli Ömərov Rəsul Quliyevin evində mətbəxdən çay, yemək gətirirdi. Mənə də yemək gətirdi. Birdən Rəsul Quliyev qayıtdı ki, Vaqif müəllim, mən istəyirəm ki, siz də mənim komandamda olasınız. Dedim, necə yəni sizin komandanız? Elə mən də sizin komandanızdayam də. Hamımız bir komandadayıq, ağsaqqalımız, böyüyümüz Heydər Əliyevdir. Biz Heydər Əliyevin komandasındayıq. Rəsul Quliyev qalxdı ayağa, məni ikilikdə söhbətə çəkdi. Dedi ki, biz özümüzün ayrıca komandasını yaradırıq, sənin də 60 min polis əməkdaşın var, sənin bu komandada olmağın vacibdir. Onu da deyim ki, Rəsul Quliyev mənimlə süfrədən kənarda, ikilikdə danışanda baş prokurorun birinci müavini Eldar Həsənovun mətbəxdə olduğunu gördüm. Təxmin etdim ki, xörək bişirir. Rəsul Quliyev çox təkid etdi. Lakin mən razılaşmadım. Dedim ki, mən başqa komanda görmürəm, Heydər Əliyevin başçılığı altında hamımız işləyirik. Rəsul Quliyevin evini tərk etdim...”.

Vaqif Novruzovun sözlərinə görə, elə həmin gün Rəsul Quliyevin evində baş verənlərlə bağlı Heydər Əliyevə məruzə edib. Bu Rəsul Quliyevlə onun münasibətlərinin pisləşməsilə nəticələnib. Daha sonra Vaqif Novruzov Heydər Əliyevə Rəsul Quliyevin Neftayırma Zavodundakı qanunsuz əməlləri ilə bağlı materialları təqdim edib.

Vaqif Novruzovun sözlərinə görə, bütün bunlardan sonra Rəsul Quliyev Heydər Əliyevə bildirib ki, ya Vaqif Novruzov işləyəcək, ya da mən. Heydər Əliyev Rəsul Quliyevlə işləməyə üstünlük verib.

Vaqif Novruzovun bu açıqlamaları ilə bağlı Rəsul Quliyevin mövqeyini öyrəndik. Sabiq nazirin dediklərini gülüşlə qarşılayan eks-spiker bildirdi ki, Vaqif Novruzovun bu qədər qeyri-ciddi söhbətlər etməsi təəccüb doğurur: “Yaxşı olardı ki, Vaqif Novruzov Heydər Əliyevin niyə onu işdən çaxırdığına aydınlıq gətirəydi. Əgər mən komanda formalaşdırırdımsa niyə Heydər Əliyev məni yox, onu işdən çıxardı. Görünür, Vaqif Novruzov ağsaqqal vaxtında hökumətə yarınmaq istəyir. Ona görə də belə söhbətlər edir”.

Neftayırma Zavodundakı qanunsuz əməllərilə bağlı materiallara gəlincə, Rəsul Quliyev deyib: “Vaqif Novruzov niyə indi materialları yaymır? Varsa buyursun, qoysun ortalığa”.
Eks-spiker Vaqif Novruzovun işdən çıxarılmasının səbəblərindən danışıb: “Ona görə işdən çıxarılıb ki, fəaliyyətsiz idi. Daxili işlər naziri hər bir halda fəaliyyətdə olmalıdır. Istər neqativ, istər pozitiv. Amma bu adamın, ümumiyyətlə fəaliyyəti yox idi. Vaqif Novruzov işini bacarmayan adam idi. Bu baxımdan işdən çıxarıldı”.

azadliq.info