“O, bilirdi ki, döyüşdən qayıtmayacaq” - Ali baş komandan

o-bilirdi-ki-doyusden-qayitmayacaq-ali-bas-komandan
Oxunma sayı: 664

Prezident İlham Əliyevin martın 13-də Masallı Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan gənclərlə görüşündəki çıxışı yayılıb. Dövlət başçısı mərasimdə çıxış edib və gənclərlə fikir mübadiləsi əsnasında Dağlıq Qarabağ münaqişəsinə toxunub. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını çəkən prezident deyib: “Mübariz İbrahimov Azərbaycan xalqının böyük oğludur, böyük qəhrəmandır. Onun xatirəsi hər birimiz üçün çox əzizdir. Mən prezident kimi onu ölümündən sonra Milli Qəhrəman adı ilə təltif etmişəm. O, ədalətsizliyə dözə bilmədi və əslində düşməni, işğalçını məhv etmək üçün ölümə getdi. Onun qəhrəmanlıq nümunəsi məhz bundan ibarətdir. O, işğalçıya qarşı vuruşa gedəndə dəqiq bilirdi ki, döyüşdən qayıtmayacaq. Bir neçə düşməni məhv etdi və özü də qəhrəman kimi həlak oldu.

Erməni vəhşiliyi təkcə Xocalı soyqırımında özünü göstərmədi. Erməni vəhşiliyi məhz Mübariz İbrahimovun meyitinin qaytarılmamasında da özünü göstərdi. Həyatın da, müharibənin də qanunları var. Ancaq erməni faşistləri heç bir qanuna, heç bir mənəvi prinsiplərə riayət etmirlər. Hər bir müharibədə, ən şiddətli müharibələrdə həlak olanların meyitlərinin dəyişdirilməsi və qaytarılması praktikası var. Ermənilər isə Mübariz İbrahimovu bizə qaytarmaq istəmirdilər. Böyük səylər göstərdik, böyük işlər görüldü. Böyük çətinliklə Mübariz İbrahimovu qaytardıq və qəhrəman kimi dəfn etdik. Bu gün onun adı bir qəhrəmanlıq rəmzinə çevrilib.

Bizim Mübariz kimi oğullarımız çoxdur. Mübariz kimi Vətəni sevən, Vətən üçün canından keçməyə hazır olan minlərlə, on minlərlə gənclərimiz var. Ancaq mən də istəmirəm ki, qan tökülsün, müharibə olsun. Kim istəyər ki?! Bizim görüləcək işlər çoxdur. Ölkəmiz inkişafdadır. Hər bir Azərbaycan vətəndaşının həyatı bizim üçün əzizdir və doğmadır.

Ancaq işğalla barışmaq mümkün olmur. Əlbəttə, mən prezident kimi çalışıram ki, bu məsələ öz həllini siyasi yollarla tapsın. Mübariz döyüşçü kimi başqa yolla öz qəhrəmanlığını göstərdi və mən onun hərəkətlərinə böyük hörmətlə yanaşıram. O, düşmən əsgərlərini məhv etdi. Ermənilərdən fərqli olaraq o, dinc əhaliyə əl qaldırmadı. O, öz doğma torpağında işğalçılara qarşı döyüşə getdi. O, başqa ölkənin ərazisinə gedib döyüş aparmadı. Budur fərq. Biz öz doğma torpağımızdayıq.

Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında başlanmış və 1990-cı illərin əvvəllərində başa çatmış Azərbaycana qarşı müharibə bu işğala imkan yaratdı. Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı birinci cəhd 1987-ci ilin noyabr ayında olub. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri bu məsələni qaldırmışdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Nə qədər Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə işləyirdi və ondan sonra Moskvada Siyasi Büroda idi, onlar buna cürət etmirdilər. Ulu öndər vəzifədən uzaqlaşdırılandan iki həftə sonra bu məsələ qaldırıldı. O vaxtkı sovet rəhbərliyi bu separatçı meyillərə təkan verdi və Azərbaycana, azərbaycanlılara qarşı böyük qarayaxma kampaniyası başlandı.

Mən yaxşı xatırlayıram, ermənilər o vaxt bütün təbliğat resurslarını işə salmışdılar. Sovet rəhbərliyində təmsil olunan ermənilər öz fəaliyyətlərini genişləndirmişdilər. Onların Azərbaycanı qaralamaq, ləkələmək və Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdləri geniş vüsət almışdı. Əfsuslar olsun ki, onlar buna nail ola bildilər. Çünki birincisi, Azərbaycanın o vaxtkı rəhbərliyi yerində deyildi və bu böyük məsuliyyəti dərk etmirdi. Azərbaycanın maraqlarını müdafiə edə bilmədi və istəmədi, satqınlıq, yaltaqlıq etdi, mərkəz qarşısında baş əydi. Bizim dərdimiz bundan ibarətdir. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində ölkəyə rəhbərlik etmiş insanlar satqınlıq etdilər, xəyanət etdilər, satıldılar, əyildilər. Ermənilər isə xarici dəstək hesabına və Azərbaycandakı hərc-mərclikdən istifadə edərək torpaqlarımızı zəbt etdilər.
İndi isə biz çalışırıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Bir çox amillər bizim mövqeyimizi gücləndirir və müdafiə edir. İlk növbədə tarix. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Burada iki fikir ola bilməz. Ermənilər də bunu yaxşı bilirlər. Əlbəttə ki, beynəlxalq ictimaiyyət də artıq bunu bilir. Çünki biz beynəlxalq ictimaiyyətə real həqiqətləri çatdıra bilmişik.

Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. BMT Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birlikdə üzv olub və BMT Baş Məclisinin, Təhlükəsizlik Şurasının qətnamələri bizim mövqeyimizi hüquqi cəhətdən də möhkəmləndirir. Yəni bir tərəfdən tarix və tarixi həqiqət, digər tərəfdən beynəlxalq hüquq bizim mövqeyimizi gücləndirir.

Siyasi aspektə baxdıqda görərik ki, indi Azərbaycan ilə Ermənistan idmanda deyildiyi kimi, fərqli çəki dərəcələrindədir. Yəni müqayisəedilməz dərəcədə fərq var. Azərbaycan siyasi cəhətdən çox uğurlu və dünya birliyində layiqli yer tutan bir ölkədir. Ermənistan isə siyasi uğursuzdur. Onlar 20 illik müstəqilliyi faktiki olaraq əldən verdilər. Bu işğalçı siyasət nəticəsində məcbur oldular ki, öz real müstəqilliklərini əldən versinlər. Ona görə orada gedən siyasi proseslər kənar qüvvələrin təsiri altında baş verir. “Ermənistan iqtisadiyyatı” anlayışı, ümumiyyətlə yoxdur. Olan-qalan da xarici biznes qruplarının əlindədir və dünyada heç bir nüfuza malik olmayan bir ölkədir.

Ancaq ermənilərin güclü xarici diasporu var və bu, real qüvvədir, əsas düşməndir. Mən bunu demişəm və bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz dünya erməni lobbisidir və onun himayədarlığı altında olan rüşvətxor xarici siyasətçilərdir ki, erməni lobbisinin pulu ilə fəaliyyət göstərir. Ermənistan bizim üçün rəqib deyil, rəqib də ola bilməz. Bizim əsas düşmənimiz bir daha tam məsuliyyətlə deyirəm ki, erməni lobbisidir və onların nəzarəti altında olan qüvvələrdir. Azərbaycana qarayaxma, ləkələmə kampaniyası, xarici mətbuatda uydurmalar, iftiralar erməni lobbisinin fəaliyyətidir. Onlar üçün də bir nömrəli düşmən Azərbaycandır. Nəyə görə? Çünki onlar da bilirlər ki, real qüvvə kimdir və nədir? Dünya erməniliyi tərəfindən son illər ərzində elə bil ki, yeni yanaşma müəyyən edilib. İndi bir nömrəli düşmən Azərbaycandır. Çünki ən böyük təhlükəni Azərbaycandan görürlər. Çünki bilirlər ki, torpaqlarımız azad olunmayana qədər biz sakitləşməyəcəyik. Bilirlər ki, gec-tez biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bilirlər ki, qısamüddətli və uzunmüddətli perspektivdə Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər. Onlar bunu bilirlər, biz də bunu bilirik.

Biz özümüzü gücləndiririk ki, daha da qüdrətli olaq və eyni zamanda, işğal olunmuş torpaqlar bizi daha da səfərbər edir. Gün gələcək ki, biz Azərbaycan bayrağını Xankəndidə, Şuşada qaldıracağıq. Mən buna tam əminəm. Mən də istəyirəm ki, bunu sülh yolu ilə edək. Amma bunu sülh yolu ilə etmək üçün biz bütün amillərdən istifadə etməliyik. Ermənistanın təcrid edilmiş vəziyyətini daha da dərinləşdirməliyik. Biz Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid edə bilmişik. Biz bunu etmişik. Ermənistana yeni nəfəs verə biləcək razılaşmanın qüvvəyə minməməsində Azərbaycanın rolu olubmu? Bəli olub. Mən bu gün bunu açıq deyə bilərəm. Bunu onsuz da hamı bilir. Nəyə görə? Çünki bizim əsas təsir mexanizmlərimiz məhz iqtisadi amildir, nəqliyyat, enerji amilidir. Biz bundan sonra da maksimum dərəcədə çalışacağıq ki, Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid edək.

Neft-qaz kəmərləri, böyük dəmir yolu layihəsi Ermənistandan kənar keçir. Gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistanın rəsmən dalan ölkəyə çevrilməsi deməkdir. Bu yollardan biz istifadə edirik, eyni zamanda öz siyasi gücümüzü artırırıq. Biz BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz orada öz sözümüzü deyirik. Biz digər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bizimlə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz Avropanı enerji resursları ilə təmin edirik və daha böyük həcmdə edəcəyik. Avropanın enerji təhlükəsizliyi müəyyən dərəcədə bizdən asılı olacaq. Bu, bizim əlimizdə olan gözəl amillərdir, vasitələrdir. Bu siyasəti biz çox düşünülmüş şəkildə aparırıq, həm bölgədə, həm dünyada, bütün qitələrdə.

Baxın, ermənilər öz qondarma “soyqırımı”nın tanınması ilə əlaqədar 1960-cı illərdən fəaliyyətə başlayıblar. Əlli il ərzində bu yolu keçiblər. Biz təzə başlamışıq. Artıq iki ölkə Xocalı soyqırımını tanıyır, Pakistan və Meksika. Bu proses davam edəcək. Biz Xocalı soyqırımının tanınmasında bundan sonra da fəal işlər aparacağıq. Əminəm ki, bu faciəni soyqırımı kimi tanıyan ölkələrin sayı artacaq.
Beləliklə, qeyri-hərbi vasitələrdən hələ ki, istifadə edərək biz özümüz üçün daha da əlverişli vəziyyəti yaradacağıq. İndi həm də informasiya mübarizəsi gedir. Bu da çox vacib mübarizədir. Bəlkə on il bundan əvvəl bundan söhbət getmirdi, amma indi informasiya mübarizəsi müharibə növüdür. Burada qeyd etdiyim kimi, gənclər ön sıralardadırlar və daha da fəal işləməlidirlər ki, real vəziyyət haqqında dünyada daha da geniş məlumat olsun”.