“O gün uzaqda deyil”

o-gun-uzaqda-deyil
Oxunma sayı: 650

Yeni xidmətə başlamış əsgərlər Vətənə sadiq olacaqlarına, layiqli xidmət edəcəklərinə and içiblər. Daha sonra əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov onları Qurban və Dövlət Bayrağı günü və andiçmə münasibətilə təbrik edib, onlara Vətənə və valideynlərinə layiqli övlad olmalarını, vəzifə borclarını layiqincə yerinə yetirməyi arzulayıblar.

Millət vəkili Qənirə Paşayeva bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah gələn Qurban bayramını və Bayraq bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”. Ombudsman E. Süleymanova isə son illərdə ordumuzun inkişafından söhbət açıb: “Mən bu gün burda yüksək hazırlığa malik Azərbaycan Ordusunu görürəm. Bu, qəlbimizə bir inam toxumu səpir ki, qələbə günü uzaqda deyil”.
Daha sonra kəşfiyyat bölüyünün əsgərlərinin nümunəvi çıxışları olub. Bundan sonra millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Süleymanova xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr veriblər.
Tədbir daha sonra incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.