“O, kifayət qədər hiyləgər siyasətçi idi”

o-kifayet-qeder-hiyleger-siyasetci-idi-
Oxunma sayı: 1888

1956-cı il Stalinin şəxsiyyətə pərəstişliyini ifşa edən Kommunist Partiyasının XX-ci qurultayı, rejimin bundan sonrakı idarəçilik mexanizminin formaları barədə heç bir qərar qəbul etmədi. Çox böyük ehtimalla, total repressiyadan başqa yolun olduğunu bilmədikləri üçün. Kommunist Partiyası liderlərinin dərin analizə söykənməyən zərərli iqtisadi islahatları, həmçinin bahalı total silahlanma və kosmosu fəth etmə siyasəti bolşevik diktaturasının yaratdığı rəzil imperiyanın dağılması prosesinə start verdi.
Həqiqətən, totalitar imperiyanın dağılmasında Nikita Xruşovun müstəsna rolu olub. 1991-ci ilin dekabr hadisələri ilə başlayan dağılmanın təməlini o, 1956-cı ildə qoymuşdu. Diktatura rejimlərinin əksəriyyətinə xas olan «diktatoru təriflə və işini gör» prinsipi bütün gücü ilə işə düşdü. Piramida şəkilli idarəcilikdə yuxarıdan aşağıya hər pillədə oturana xalqdan nəsə qoparmaq imkanı verən mexanizm 1960-cı illərdən inkişafa başladı. 1964-cü ilin əvvəllərində buraxdığı “səhvlərin’’ kommunist rejiminin iflası ilə qurtaracağını başa düşən Xruşov, yenidən Stalin represiya idarəçiliyini bərpa etməyə cəhd etdi, ancaq gec idi, «cin şüşədən buraxılmışdı»…

Həmişəki kimi Azərbaycan “yeni siyasətin’’ avanqardı idi. Rüşvət almaq səviyyəsinə görə, respublika ilk yerlərdən birini tuturdu. 1965-ci ildən Tibb İnstitutu və Dövlət Univeristetinin prestijli fakültələrinə (hüquq, şərqşünaslıq, jurnalistika və sair) ancaq 50 faizə yaxın abituriyent öz savadı ilə daxil ola bilirdi. Yerdə qalan 50 faiz tanışlıq və rüşvətlə qəbul olunurdu. Bir tərəfdən də talon sisteminin ləğvi, gündəlik işlədilən malların defisit olması ticarət sistemində korrupsiyanın dərin kök salaraq xərçəng xəstəliyi kimi inkişaf etməsinə gətirib çıxarmışdı. Kiçik mağaza müdirləri cəmiyyətdə müəllimdən, alimdən qat-qat hörmətli şəxsiyyətə çevrilirdilər. 1917-ci il inqilabını etmiş proletariat özünün hansı sinfə aid olduğunu deməyə artıq utanırdı. Proletariatın avanqardı sayılan mühəndislər üçün çoxlu lətifələr uydurulmuşdu.

Çexoslovakiyada baş vermiş hadisələr öz ölkələrində camaatın əhval-ruhiyyəsindən xəbəri olan Sovet liderlərini əməlli başlı təşvişə salmışdı. Hətta, istənilən problemi dramatikləşdirməyin əleyhinə olan, hadisələri sadə üsullarla yoluna qoymaqda ustalaşmış Leonid Brejnev də Çexoslovakiya ziyalılarının “2000 söz’’ adlandırdıqları xalqa müraciətinin verdiyi əks-sədanın dərin təsiri altında idi. 1956-cı ildə Macarıstan inqilabçılarının darmadağın edilməsində xüsusi rolu olmuş SSRİ-nin o vaxtkı səfiri, daha sonra MK katibi, 1967-ci ilin iyunundan «KQB»-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) dünyada məşhur adı. Bundan sonra ancaq KQB) sədri olan Yuri Andropovun «Başqa cür düşünənlərin xalğın ürəyindən olan bir sözünün qəhrəmanlıq effektinin qarşısını, bizim 1000 tankın tırtıllarının yaratdığı qorxu gurultusu ala bilmir Leonid İliç»- sözlərinə, əsasən, «sən»lə danışan Brejnev: «Bəs nə etməliyik, Yura, bu proseslər bir gün bizə də gəlib çıxar. Çexlər sovet adamlarından azı iki dəfə yaxşı yaşayırlar, ancaq ayağa qalxdılar…»- deyə, münasibət bildirmişdi…

Leonid Brejnevin sakit, içki məclislərində sərxoş olub kobud lətifələr danışmayan, ağıllı Andropovdan xoşu gəlirdi. Ancaq, ətrafındakı, Siyasi Büronun savadsız üzvlərinin, həmişə ciddi və az danışan Andropovdan zəhlələrinin getdiyini də yaxşı bilirdi. Andropov şəxsi söhbətlərində korrupsiya və rüşvətin qarşısı alınmasa, ilk proletariat diktaturası yaratmış ölkənin gələcəyinin olmadığını konkret faktlarla sübuta yetirirdi. O, «rejimin əleyhinə olan bir ağıllı dissidentin camaata təsirini, bizim 10 min təbliğatçının işi kompensasiya edə bilməz» – fikrini Brejnevə qəbul etdirə bilmişdi.
Xaraktercə həddən artıq qorxaq, ancaq, bic adam olan Andropov söhbəti elə aparırdı ki, Brejnev onun fikirlərini özününkü kimi qəbul edirdi. Xruşovun laxlatdığı, ancaq «nə qədər ki, gec deyil boltları saxlayan qaykaları sıxmaq», prinsipcə «qismən stalinizmi bərpa etmək» ideyası ürəyindən olmasa da Baş Katibin diqqətini cəlb edirdi. Brejnev artıq 1967-ci ildə onun və rejimin qorunub saxlanılmasında Andropovun mühüm rol oynaya biləcəyinə ümid edirdi…

Brejnev kifayət qədər hiyləgər siyasətci idi. 1964-cü ildə hakimiyyətə gələndə, dövlət çevrilişinin aktiv iştirakçısı Nikolay Podqornunu ikinci katib təyin etmişdilər. Nikolay Podqornu özünü ondan kifayət qədər ağıllı hesab edirdi və tezliklə Baş Katib olacağına əmin idi. Brejnev MK katibi Şelepinlə əlbir olub, Podqornunun Xarkovda katib olan vaxt apardığı siyasəti darmadağın edən məqalə təşkil etdilər. Podqornu isə bunun əvəzində Bakıda səfərdə olarkən çıxışında MK-nin düzgün siyasət aparmadığı barədə cümlələr işlətdi. Podqornu Siyasi Büro üzvüləri arasında, hətta Kosıgindən də liberal idi. Ona görə Kosıgin onu dəstəkləyirdi. Suslovun iştirakı və köməyi ilə Brejnev Podqornunu MK-dən uzaqlaşdıra bildi. Ali Sovetin sədri olandan sonra Podqornu bu dəfə Kosıginin yerinə keçmək üçün cəhdlər etməyə başladı. Liberal Podqornu təbii ki, Andropovun tam əleyhinə idi. Tək o yox, Stalinizmin əleyhdarları olan MK katibləri Mixail Suslovla Boris Ponomaryovun da Andropovdan zəhlələri gedirdi.

Brejnev MK və Siyasi Büroda (baxmayaraq ki, Siyasi Büro onun əlində idi) Andropova qarşı olan qüvvələri neytrallaşdırmaq üçün yollar axtarırdı. Nəhayət bu yol tapıldı. Brejnevin Andropovu MK-dən uzaqlaşdırıb KQB-yə sədr qoymaq təklifini Siyasi Büronun üzvləri normal qəbul etdilər.

İmperiyanın tarixində Beriyadan başqa hələ heç kim KQB-dən geriyə – MK və ya Nazirlər Sovetinə yüksək vəzifəyə qayıda bilməmişdi. Artıq Kosıginlə də körpüləri yandırmış Podqornu onun əleyhinə olsa da səsini çıxartmadı. Podqornudan sonra növbə, artıq işini görmüş, ambisiyalı Şelepinə çatdı. O da 1967-ci ildə MK-dən uzaqlaşdırıldı. Həmin ildən Brejnev artıq alternativsiz lider idi.

Stalinə mütləq diktator olması üçün 10 il, Xruşova 5 il, bir çoxlarının ağılsız hesab etdiyi Brejnevə isə cəmi 3 il kifayət etdi.

KQB-yə təyinatı zamanı Brejnevin Kosıginə: «Aleksey, bizim MK katibinin Sizin layiqli işçiniz olacağına inanırıq. KQB Nazirlər Sovetinin nəzdnindədir, Siz də sədrsiniz»- deyərkən, Kosıgin gülümsəmişdi. Ürəyində isə, «ay bicəngə Lyonya, KQB nə vaxtdan birinci şəxsdən başqa kiməsə tabe olub» deyə, düşünmüşdü.

Brejnev plenumda Andropovun Siyasi Büro üzvlüyünə namizəd seçilməsinin də vacibliyini qeyd edəndə, Kirilenko və Podqornunun kefləri pozuldu. Həmin Siyasi Büro iclasında Andropova müavin olaraq Azərbaycan KGB-nin sədri Semyon Çviqunun da məsələsinə baxıldı və təsdiq edildi. Bu iki fiqurantın – Andropov və Çviqunun Azərbaycan xalqının tarixində oynadıqları neqativ rolun real mənzərəsini vermək bu gün də çox çətindir.

Tarixi Arayış

Çviqun Semyon. Brejnev kimi Ukraynada anadan olub. 2-ci Dünya Müharibəsinin iştirakçısı. Müharibədən sonra Moldova və Tacikistan respublikalarının KQB-lərində müavin və sədr vəzifələrində işləyib. 1963-1967-ci illərdə Azərbaycan KQB-nin sədri, 1967-1982-ci illərdə SSRİ KQB-si sədrinin 1-ci müavini vəzifəsində işləyib. Burda əsas işi hərbi kəşfiyyat və ideologiya diversiyasına qarşı idarələrə başçılıq etmək olub. SSRİ-də dissident hərəkatına qarşı ən amansız mübarizə aparan şəxs, intriqa ustası olub.

Odessada pedaqoji institutun tarix fakültəsini qurtaran Çviqun 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib. Moldova və Tacikstanda işlədiyi illər onun ukraynalı mentalında müəyyən dəyişikliklər edə bilmişdi. Tutduğu vəzifədən asılı olmayaraq təbii qonaqpərvərliyi ilə seçilən açıqürəkli, bir qədər də çılğın moldovalılardan sonra tam fərqli Tacikistanda işləyən Çviqun, burada itaətkar qulluqçuluq «qonaqpərvərliyi» ilə rastlaşdı. Ölkənin ziyalı sayılan təbəqəsinin ucdantutma açıq, ikrah doğuran yaltaqlığı, Moskvadan göndərilmiş «xozeyinin» xoşuna gəlmək üçün canfəşanlıq etməsi, o qədər də xoş əhval- ruhiyyə yaratmırdı.

Azərbaycana gələn Çviqunun elə ilk şəxsi görüşdən Heydər Əliyevdən xoşu gəldi.
- Kolleqa buyur əyləş, – deyən Çviqunun çoxmənalı gülüşü və diqqətlə Əliyevə baxmasından o bir qədər təşvişə düşdü... Düşündü ki, KQB-nin o vaxtkı sədri Semiçastnı, yəqin onun 50-ci illərin ortalarında törətdiyi əməllərindən danışıb. Ancaq Çviqunun sonrakı sözləri – bizim hər ikimiz tarixçiyik kolleqa- onu sakitləşdirdi, təbəssümü bütün sifətini tutdu...