O, qəlbini kamançanın çubuğuna “yedirirmiş”

o-qelbini-kamancanin-cubuguna-yedirirmis-
Oxunma sayı: 767

Ədalət Vəzirovun hər birimizə tanış ifası bizi bizdən almır – bizi öz içimizdə çarmıxa çəkir... Ağıl donub qalır – düşünmək, dərk etmək iqtidarında olmuruq. Ürək? Ürəkmi qalır insanda – tarıma çəkilmiş duyğu qəlbimizin tellərini çəkib özü ilə harasa, heç zaman görə bilməyəcəyimiz bir yerə aparır, cəzb olmuş dərvişlər kimi, nə bu Yerdə, nə özümüzdə oluruq... Cismimizdən kənarda çapalayan ruhumuz yalnız musiqi bitəndən sonra cazibədən qopa bilir, onda da, ağır hipnozdan ayılma dövründə olan insanlardakı kimi, uzun müddət cismimizə qayıda bilmir... Bu, necə fəryad, necə nalədir?.. Heyrət ediləsi deyilmi ki, çarmıxdan qopandan sonra, qəlbimiz kiçik tikələrə parçalanmır, cismimiz çiliklənib tökülmür, ruhumuz yenə içimizə qayıda bilir?.. Və çox ağır bir qanunauyğunluq deyilmi ki, bizi içimizdə çarmıxa çəkməyi bacaran sənətkar, özü də öz içində çarmıxa çəkilirmiş, həm də, çarmıxda olarkən, hər dəfə qəlbinin bir parçasını kamançanın çubuğuna “yedirirmiş” - yedirirmiş ki, dinləyənlərin ruhunu çarmıxda saxlamağa gücü çatsın... Və, qəlbinin son tikəsini kamançasına yedirəndən sonra, əldən düşmüş ruhunu, bir payız gecəsində göylərə təslim etsin...

Ruhunu göylərdən borc alıb bu dünyaya gələndə isə bahar fəsli imiş – 1951-ci il, aprelin 27-si... Dünyaya gözünü musiqiçi ailəsində açıb. Dünyasını vaxtsız dəyişən atası Səfərəli Vəzirov gözəl qarmon ifaçısı olub - radionun qızıl fondunda lent yazıları saxlanılır. Atasının sənətini qardaşı, musiqi sənətində öz sözünü demiş usta qarmon ifaçısı Kamil Vəzirov davam etdirir. Digər qardaşı Babək Vəzirov konservatoriyanın nəfəsli alətlər şöbəsini bitirib, gözəl klarnet ifaçısıdır. Gənc yaşlarında vəfat edən qardaşı Ramiz pianoçu olub...

Təsadüfi deyil ki, həyat yoldaşı da musiqiçidir, üç övladından ikisi musiqi təhsili alıb. Kiçik oğlu, babasının adını daşıyan Səfərəli, atasının davamçısı ola bilərdi – Bülbül adına orta-ixtisas musiqi məktəbinin kamança sinfini bitirib, kamançada çox gözəl ifa edir. Amma, atasının yüksək sənətkarlığı qarşısında hiss etdiyi böyük məsuliyyət duyğusuna görə, başqa peşəni seçib – həkimdir...
Ədalət Vəzirovun bütöv xarakterindən, yüksək alicənablığından, əldə etdiyi, hər bir sənətkarın arzusunda olduğu uğurlardan, dərs dediyi musiqi ocaqlarından, tələbələrindən, rəhbərlik etdiyi Sumqayıt Musiqi Texnikumundan, müşayiət etdiyi xanəndələrdən, püxtələşməsində əmək sərf etdiyi ifaçılardan, layiq görüldüyü və “görülmədiyi” mükafatlardan... ətraflı danışmayacağam. Təkcə Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansambl ilə birlikdə olduğu xarici səfərləri sadalamaq üçün bir neçə sətir lazımdır. İlk xarici səfəri İspaniyaya olmaqla, ABŞ, Kanada, Fransa, Yaponiya, Almaniya, Türkiyə, İraq, İordaniya, Tunis və s. ölkələrdə dəfələrlə musiqimizi təmsil etmiş, ustad xanəndə Ağaxan Abdullayevlə birlikdə BMT Parlament Ansambleyasının tədbirlərində, muğam üçlüyü tərkibində, konsert proqramı ilə çıxışları olmuşdur.

Ustad sənətkar Habil Əliyev də Ə.Vəzirovun ifasını və şəxsiyyətini yüksək dəyərləndirirdi, öz kamançasını yalnız ona etibar edə biləcəyini də efirdən söyləmişdi. İndi, çoxsaylı gözəl kamança ifaçılarının arasında, ustadın öz kamançasını etibar edə biləcəyi, Ə.Vəzirov səviyyəsində ifaçı varmı, görəsən...

Ə.Vəzirovun, 1999-cu ildən başlayaraq son nəfəsinədək , solist kimi fəaliyyət göstərdiyi, Tekfen Karadeniz Solistleri orkestrindəki uğurunu xüsusi olaraq qeyd etmək lazımdır. Üç dəniz layihəsi kimi tanınan, Qara dəniz, Xəzər və Aralıq dənizi ətrafındakı 20 ölkənin 50-yə yaxın seçilmiş sənətkarını birləşdirən mükəmməl orkestr...Bu orkestrlə birlikdə səsləndirdiyi, ruhumuzu çarmıxda saxlayan həmin musiqi əsəri çox böyük marağa səbəb olmuş, dəfələrlə TRT-nin müxtəlif kanallarında nümayiş etdirilmişdir. 2001-ci ilin iyun ayında həmin konsert, Türkiyədə əsərə olan marağa görə, nüfuzlu İstanbul Festivalına daxil edilmişdir , haqqında Türkiyə mətbuatında xoş sözlər yazılmışdır. Ədalət Vəzirovun yüksək sənətkarlığına heyranlıq o dərəcədə dərin olmuşdur ki, Azərbaycan hökumətinə və dövlət başçısına, həmin orkestrdəki fəaliyyəti və ecazkar ifasını ifadə edən minnətdarlıq məktubu göndərilmişdir.

Tekfen Orkestrinin səsləndirdiyi həmin konsert 1987-ci ildə yazılmışdır. O zaman 70 yaşında olan bəstəkar Hacı Xanməmmədov Ədalət Vəzirovun ifasından təsirlənmiş, “Kamança və simfonik orkestr üçün konsert” əsərini, xüsusi olaraq, onun üçün yazmışdır. Xüsusi olaraq Ə. Vəzirov üçün yazılan daha iki simfonik konsert var – Zakir Bağırovun və Tofiq Bakıxanovun əsərləri. Z. Bağırovun 1987-ci ildə yazdığı əsər də Tekfen Karadeniz Solistleri orkestri ilə, 2000-ci ildə, İstanbulun Cemal Reşit Rey konsert salonunda müvəffəqiyyətlə səsləndirilib. Ə. Vəzirov həmin orkestrdəki fəaliyyətinə çox dəyər verir, bu fəaliyyətdən xüsusi zövq aldığını vurğulayırmış.

Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert” əsəri üç hissədən ibarətdir – birinci hissədə müdrik təmkin, ikinci hissədə iztirab və hüzün, üçüncü hissədə çılğın bir üsyan hakimdir. Deyilənə görə, Ədalət Vəzirov, sadəcə, ifa etməklə kifayətlənməmiş, əsəri öz əlavə və “xırdalıqları” ilə zənginləşdirmişdir. Bunu başa düşmək üçün həmin ifaya baxmaq kifayətdir – sanki, ifaçı yazılmış bir əsəri səsləndirmir, onu elə səhnədə yaradır. Bəstəkar özü də, “Mən o əsəri, sadəcə, nota köcürmüşəm, ona əsil həyatı Ədalət verib” deyərmiş. Ölümündən çox əvvəl yazılsa da, həmin musiqi (xüsusən Konsertin 2-ci hissəsi) və möhtəşəm ifa mənə Qu quşunun son nəğməsi təsirini bağışlayır – ifaçı və alət bir vəhdətdə, gah yay kimi gərilir (bu zaman sanki Qu quşunun qanadlarının necə çırpındığını görürük), gah növbəti gərilmə üçün özündə qüvvə toplayır, aradakı zaman kəsiyində isə orkestrin harayını eşidirik. Bu, ruhun üsyanıdırmı? Üsyandırsa, nəyə üsyandır – ömrün əbədiyyətə nisbətdə olduqca qısa sürməyinəmi, bir heçdən yaranaraq heçliyə çevrilmək labüdlüyünəmi, əbədiyyətə qovuşma yolçuluğunda sevdiklərindən ayrılmaq zərurətinəmi? Sənətkarın ağlına gələrdimi, sevdiyi, amma yad bir ölkədə, sevdiklərindən çox uzaqda, kimsənin yardım edə bilməyəcəyi bir otel otağında, tək-tənha halda gözlərini əbədi olaraq yumacaq – 4 oktyabr, 2002-ci ildə, yaradıcılığının ən parlaq dövründə, cəmi 51 yaşında...

...Evdən çıxanda çox narahat imiş, kifayət qədər vaxtı olduğu halda tələsik çıxıb və evdəkilərlə görüşməyib - bəlkə içindəki ağırlıqdan qaçırmış? Onu hava limanına yola salan dostlarından isə, gecə vaxtı narahat etdiyi üçün, halallıq istəyib – həm də ayrılıb getdikdən, qeydiyyatdan keçdikdən sonra, geri qayıdaraq... Halbuki, dəfələrlə getdiyi yola çıxırdı... Son səfəri olduğunu duya bilərdimi - yaradıcı insanlarda hissiyyat, intuisiya güclü olur, deyirlər...

Sənəti ürəklərdə qərar tutan sənətkarın cismən harada dəfn olunmasının əhəmiyyəti varmı?.. Yasamal qəbiristanlığında, Vəzirovlar ailəsinə aid kiçik bir sahədə dəfn olunub böyük Sənətkar... Yolunuz o tərəflərə düşsə, dar cığırlardan keçib qəbri ziyarət etmək istəsəniz, heyrətlənməyin – küləyin sızıltısı sizə kamançada çalınan Qu quşunun son nəğməsini xatırladacaq...