“O sözü deyənlər İrandan qorxanlardır”

o-sozu-deyenler-irandan-qorxanlardir-
Oxunma sayı: 671

Bizim orta əsrlər dövründə Səfəvilər, Qacarlar, Avşarlar adı altında sülalə dövlətlərimiz olub. Sonra ümmətçilik ön cərgədə dayanıb. Ümumi İran, Osmanlı dövlətinin adının altında qalıblar. Təəssüf ki, bütün bunlar və İslam dininin bəzi xüsusiyyətləri-hamıya bir gözlə baxmaq və hamını müsəlman saymaq - milli düşüncəni xeyli zəiflədib” . “Qafqazinfo”nun məlumatına görə, bu sözləri Azərbaycanın xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Qurultayından öncə verdiyi açıqlamasında bildirib. DAK sədri deyib ki, milli düşüncə yalnız milli dövlətin sayəsində inkişaf edə bilər. Cəmi 20 ildir ki, müstəqil dövlətimizin olduğunu vurğulayan S. Rüstəmxanlı son 200 ildə Azərbaycanın parçalanmasından sonra, 1918-ci ildə Şərqdə ilk Demokratik Cümhuriyyətin meydana çıxması və 1991-ci ildə bu dövlətin bərpasının Azərbaycanın taleyində, milli şüurunda ciddi izlər buraxdığını xatırladıb:

“İndi bu proses gedir, amma ləng gedir. Prosesin ləng getməsinin də bir sıra tarixi səbəbləri var. Eyni zamanda ailəmizdən tutmuş dövlətimizə qədər hər yerdə milli kimliyimizi kifayət qədər təbliğ etmirik. Uşaqlarımızda o hissi zəif aşılayırıq və s. Ona görə də, azərbaycanlılar getdikləri ölkələrdə assimilyasiyaya daha çox meylli olurlar. Bunların qarşısını almaq üçün dünya azərbaycanlılarının birliyi, birgə görüşlər keçirmələri son dərəcə vacibdir. Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq 10 ildən artıqdır ki, bu işlə məşğulam. Başqa sədrlər və idarə heyətinin üzvləri də bu işin üstündədirlər və hamısı da qurultayda iştirak edəcəklər”.

S. Rüstəmxanlı son vaxtlar internet yazışmalarında qurultayın Azərbaycanda doğulub böyüyən və sonra xarici ölkələrə köç edənlərin qurultayı olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu, bütöv Azərbaycanın qurultayıdır. O sözü deyənlər İranla ticarəti olanlar, əlaqələri olanlar, İrandan qorxanlardır. İranda yaşayan türkləri bu prosesdən kənar saxlamağa çalışan müəyyən adamlar var. Və yaxud DAK deyəndə, onun sədrini ancaq güneyli, ya quzeyli, yaxud xarici dövlətlərdən birinin nümayəndəsi kimi təsəvvür edənlər var. Bizi bu proseslərdən kənar saxlamaq istəyənlər var. Düzdür, biz diaspor deyilik, amma diasporun gördüyü bütün işlərdə yaxından iştirak edirik. Maraqlarımız da, gələcəyimiz də birdir. Mənə elə gəlir ki, qurultayda bu məsələlər vurğulanacaq. Buradan gedənlərin bəziləri iqtidarı sevməyərək gedir, qaçıb gedən var və s. Onlardan bəziləri xaricdə Azərbaycana düşmənçilik edirlər. Söhbət Azərbaycanın marağını güdməkdən gedəndə, Güney-Quzey yoxdur. Həyat sübut etdi ki, dünya azərbaycanlılarının həm siyasi, həm mədəni fikir mərkəzi Bakıdır. İrandan da bura gələnlər çoxdur. Biz bu yolu inkişaf etdirməkdən ötrü daha böyük imkanlara malikik” .

Qeyd edək ki, iyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında yayılan xəbərə görə, qurultaya 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək.

Azadlıq radiosu