Böhrandan xilasın yeganə yolu - Fləş kart

bohrandan-xilasin-yegane-yolu-
Oxunma sayı: 2722

Fərid Hüseyn


İki-üç il bundan öncəni yada salaq: Hara gedirsən tədbir, hansısa adı ilk dəfə eşidilən qurumların mükafatlarının təqdimatı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq adı ilə bəzən alayı adamların təşkil etdiyi konfranslar... İllərcə beynimiz əksərən fləş kart, dəftər və qələm paylamaqdan ötə işləmədi. Çoxları istədi ancaq gic-gic tədbirlər keçirsinlər, ortalığa sular düzüb, adamlara fləş kart, dəftər, qələm paylayıb uzun-uzadı danışsınlar. Axırda da sanbal nümayişi olan furşet süfrəsi. Məqsəd də odur ki, maliyyə tapdığı layihənin pulu silinsin, fləş kart smetada 15 manata göstərilib 5 manata alınsın. Fləş kartın başına müsibət açmaqdan savayı əlimizdən bir iş gəlmədi...

Tədbirlərin əksəri də bir-birinin zəif təkrarı. Neft pulları çoxaldıqca paralel olaraq mənasız tədbirlərin dəbdəbəsi artırdı, bir də görürdün tədbirlərdə elə fləş kartlar paylayırdılar, adam qıymırdı işlətməyə. Neftin qiyməti 200 dollara qalxsaydı, gözləyirdim ki, tədbirlərdə qızıl fləş kartlar `hədiyyə olunacaq.
Əcnəbi dili bilməyən beş-on adam bir yerə cəm olan kimi adını qoyurdu: BEYNƏLXALQ TƏDBİR. Nə qədər tədbir olar? Heç yerdə işləməsən, bütün günü bekar olsan, yenə də bu qədər tədbirdə iştirak etmək mümkün deyil. Bir balaca özünə yer eləmiş hər adamın neçə-neçə diplomu, medalı var bu saat. Servantlar diplom tutmur, yaxalar medal.

Yenə iki-üç il bundan qabağı xatırlayaq: Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, gənclərdə vətənpərvərlik hissləri aşılamaq adı ilə ayağı yer tutan tədbir keçirirdi. Biri qrant alırdı, biri hardansa pul tapırdı, biri QHT adı ilə nəsə layihə reallaşdırırdı. Sonra beş-on eyni ağılda olan adamlar yığılırdılar bir zala, guya tədbir keçirirlər, yekunda da ingilis dilində bir material çap edib öz aralarında paylayırdılar. Həmin materialları bəzən ingilis dilinə elə gündə tərcümə edirdilər ki, heç fələk də baş açmaz. Bu da olurdu guya beynəlxalq aləmə Qarabağ həqiqətinin çatdırılması, yaxud gənclərə vətənpərvərlik hislərinin aşılanması. Tədbirlərdə başlayırdı, hansısa müğənninin Şuşanın işğal tarixini bilməməsi vurğulanan idbar iradla. Guya bunlar Şuşanın işğal tarixini bilib fləş kart pulu oğurlayanlar deyil.. Belə tədbirlərə baxanda ürəyim ağrıyırdı, düşünürəm ki, İlahi, insan da işğal olunmuş vətəninin adına gündə bir qeyri-ciddi tədbir keçirər?

Qarabağla bağlı beynəlxalq siyasətin əhəmiyyətini yaxşı başa düşürəm, dünya mətbuatında müxtəlif dillərdə ciddi, arqumentli mənbələr yaratmağın tərəfdarıyam, dünyaca ünlü və ciddi saytlarda müzakirələri də çox lazımlıdır, “ancaq və lakin” 3-4 müharibə iştirakçısını, yaxud bir vətənşüvən deputatı tədbirinə yalvar-yaxarla gətirib danışdırmaq, dəftər, fləş kart paylayıb dağılışmaqla hara qədər gedə bilərik?

Tədbirin mənzərəsini təsvir edirəm: Bir nəfər başda durub danışır, adamlara dəftərlər və fləş kartlar paylanılır, sonra başqaları çıxış edir və dağılışırlar evə. Nə qədər olar? Başqa bir şey etmək olmaz ki?

Bu günəcən Qarabağ həqiqətlərinin dünyaya çatdırmaq adı ilə 20-30 ciddi tədbir, həqiqi mənada yadda-qalası iş ola-olmaya, belə işləri də urvatlı adamlar həyata həyata keçirib, reallaşdırıb, yerdə qalanlarının əksəri fləş kart, dəftər, qələm, afişa, dəvətnamə, furşet pulu yemək üçün düzənlənib. İndi ölkə ağır vəziyyətdədir, həmin mənasız tədbirləri keçirənlərə pul ayrılmır və məlum olur ki, “vətən naminə fırıldaq” işlərə qol qoymaqdan başqa heç bir hünər sahibi deyillər? Neyləyək, bəlkə, çıxış yolları aramaq üçün tədbirlər keçirilsin və çoxlu-çoxlu dəftər, qələm və fləş kartlar paylanılsın camaata?